Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-124/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: dəbbə pulu, zərər Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3707/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2018-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkilər satılmışdır.
2. Eyni zamanda xx.xx.2018-ci il tarixdə tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən cavabdehin istifadəsinə hər birinin dəyəri 800 ABŞ dolları təşkil edən iki soyuducu verilmişdir. Müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuşdur ki, müqaviləyə istənilən səbəbdən xitam verildikdə, Cavabdeh soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Müqavilənin 2.9-cu maddəsinə əsasən "xxxx" MMC istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində Cavabdeh tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda "xxxx" MMC-yə soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Müqavilənin 3.1-ci maddəsinə əsasən Cavabdeh bu müqavilənini şərtlərindən hər hansı birini pozarsa müqaviləyə dərhal xitam verilir və soyuducu "xxxx" MMC-yə qaytarılır. Müqavilənin 3.6-ci bəndinə əsasən Cavabdeh soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində "xxxx" MMC-yə cərimə ödəməlidir.
3. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli təhvil qəbul aktlarından görünür ki, "xxxx" MMC Cavabdeh 516,67 manat məbləğində məhsul təhvil vermişdir.
4. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 437,83 manat borcu var.
5. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00481 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 337,83 AZN borc məbləği, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun soyuducu dəyərinin iki misli 3200 ABŞ Dolları,100 AZN mediasiya rüsumunun və 275 manat (110 manat vəkil xidmət haqqı, 165 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı "xxxx" MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021 ci il tarixləri aralığında **********, ********** və ********** nömrəli malların təhvilqəbul aktları əsasında ümumilikdə 536,67 AZN məbləğində spirtsiz içkilər təhvil verilmişdir, hazırki vəziyyətdə cavabdehin "xxxx" MMC-yə 437,83 AZN ödənilməmiş pul məbləği borcu qalmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq isə, dəyəri 800 ABŞ Dolları olan 2 ədəd SDVC tipli, soyuducu "xxxx" MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, İstifadəçi əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir, əmlakın göstərilən müddət ərzində təhvili təmin edilmədikdə, İstifadəçi əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “İstifadəçi” müqavilə şərtlərindən hər hansı birini pozarsa müqaviləyə xitam verilir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı (həmçinin alqı-satqı müqaviləsinə aid olan borcla bağlı) olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2018-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3707/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc 337,83 manat, 3200 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 100 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
9. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı aldığı malların 337,83 manat məbləğində dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək müqavilə üzrə nəzərdə tutulmuş soyuducunu xx.xx.2018-ci il tarixdə cavabdehə təhvil versə də, lakin sonradan müqaviləyə xitam verilməsinə baxmayaraq Cavabdeh soyuducunu iddiaçıya geri qaytarmamış və müqaviləyə əsasən iddiaçının soyuducunun dəyərinin, yəni 1600 ABŞ dollarının 2 misli miqdarında 3200 ABŞ dolları tələb etmək hüququ yaranmışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3707/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, caavbdehin heç bir yerə imza çəkmədiyinə, heç bir qazanc əldə etməməyinə və üstəlik soyuducuların hazırda mövcud olmasına baxmayaraq qeyd olunan məbləğ əsassız olaraq cavabdehdən tutulmuşdur. Bu hal iş üzrə müvafiq ekspertiza təyin edilərək müəyyən edilə bilər. Bakı Kommersiya Məhkəməsi Konstitusiya Məhkəməsinin mövqeyinə zidd qərar qəbul etmişdir. Halbuki məhkəmənin ilk vəzifəsi əqdin etibarlı olub-olmamasını yoxlamaqdır. Hazırki müqavilələrin tərəfi cavabdeh olmamış və imzalar da onun tərəfindən atılmadığından həmin əqdlər etibarlı sayıla və onun əsasında qətnamə qəbul edilə bilməz. xx.xx.2018-ci il tarixli iddiaçı "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, xx.xx.2018-ci il tarixli iddiaçı "xxxx" MMC ilə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə və xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli təhvil qəbul aktlarında heç bir yerdə cavabdeh tərəfindən imza atılmamışdır. Cavabdehin bütün bu olanlardan xəbəri olmamışdır. Həmin müqavilələr Konstitusiya Məhkəməsinin əqdə dair irəli sürdüyü tələblərə cavab vermədiyindən etibarlı sayıla Konstitusiya Məhkəməsi Plenumunun Mülki məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair 12 avqust 2020- ci il tarixli qərarına görə, Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılımüqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Hazırki işdə isə müqavilə və digər sənədlər cavabdeh tərəfindən imzalanmadığından, həmin müqavilə üzrə "xxxx" MMC ilə cavabdeh arasında hər hansı bir münasibətləri yaranmış hesab oluna bilməzdi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etsə də, izahatında bildirmişdir ki, iddiaçının xeyrinə alqı-satqı müqaviləsi üzrə 337,83 manat borcun tutulması hissəsində qətnamə ilə razılaşır. Lakin soyuducuların yerləşdiyi “Üzeyir” şadlıq sarayı hazırda başqa şəxslərin istifadəsində və sahibliyində olduğundan həmin soyuducuları iddiaçıya qaytara bilmir. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etsə də, hal hazıradək nəticəsi yoxdur.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 732-ci maddə-əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə-öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə-zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.10-cu maddə-borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə-dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddə-müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 466.1-ci maddə-əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.3-cü maddə-iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3707/2023 nömrəli qətnaməsi soyuducuların qaytarılmasına görə pulun tutulması hissəsində dəyişdirilməlidir.
18. İşdəki malların təhvil-qəbul aktlarına əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Üzeyir” restoranına 2021-ci ilin noyabr ayında təhvil verilmiş sərinləşdirici içkilərə görə 337,83 manat borc ödənilməmişdir. Cavabdeh apellyasiya şikayətinin tələb hissəsində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia tələbinin tam rədd edilməsini xahiş etsə də, işə apellyasiya qaydasında baxılarkən izahatında bildirmişdir ki, iddiaçının xeyrinə alqı-satqı müqaviləsi üzrə 337,83 manat borcun tutulması hissəsində iddianı qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, bu hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.
19. xx.xx.2018-ci il tarixdə tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən cavabdehdən tutulmuş 3200 ABŞ dolları ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində bu məbləği dəymiş zərər olaraq tələb etsə də, məhkəmə hesab edir ki, həmin məbləğin bir hissəsi, yəni 1600 ABŞ dolları əvəzsiz istifadə müqaviləsinə əsasən cavabdehin istifadəsində olmuş və mülkiyyətçiyə geri qaytarılmamış iki soyuducunun dəyəri olaraq real zərər kimi, soyuducuların dəyərindən artıq olan hissə isə öhdəliyin icra edilməməsinə görə dəbbə pulu kimi qiymətləndirilməlidir. Belə olan halda müəyyən olunur ki, iddiaçı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədə əmlakın geri qaytarılması ilə bağlı öhdəliyin vaxtında icra edilməməsinə görə həm zərər, həm də dəbbə pulunun ödənilməsini nəzərdə tutmuşdur.
20. Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsi nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, hazırda cavabdehdən iddiaçıya dəymiş zərər və dəbbə pulu məbləğinin tam həcmdə tutulması qanuni və ədalətli hesab edilə bilməz. Dəyəri tələb edilən soyuducuların 2018ci ildən istifadəyə verildiyini və bu müddət ərzində köhnəlməyə (amortizasiyaya) məruz qaldığı üçün dəyərinin aşağı düşdüyünü, o cümlədən MM-nin 467-ci maddəsinə əsasən məhkəmənin tənasübsüz şəkildə yüksək olan dəbbə pulunu azaltmaq səlahiyyəti olduğunu nəzərə alınaraq məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə soyuducuların qaytarılmamasına görə pulun tutulması hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 2.000 ABŞ dolları pul tutulmalıdır.
21. Soyuducuların yerləşdiyi “Üzeyir” şadlıq sarayının artıq başqa şəxslərin istifadəsində olması ilə əlaqədar soyuducuların iddiaçıya qaytarılmasının mümkün olmadığına dair cavabdehin mülahizələri iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, MM-nin 443.10-cu maddəsində nəzərdə tutulur ki, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Müqavilədə cavabdehə ona təhvil verilmiş soyuducuları başqa şəxsin istifadəsinə vermək hüququ nəzərdə tutulmadığından cavabdeh “Üzeyir” şadlıq sarayında fəaliyyətini dayandırdıqda ona əvəzsiz istifadəyə verilmiş əmlakı mülkiyyətçisinə qaytarmağa borclu olduğu halda bu öhdəliyinə əməl etmədiyindən iddiaçı qarşısında özünün risk dairəsinə aid olan öhdəliyə görə məsuliyyət daşıyır.
22. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi müqavilələrdəki və təhvil təslim aktlarındakı imzaların ona aid olmaması ilə bağlı bildirdiyi dəlillər birinci instansiya məhkəməsində müzakirə predmeti olmadığından və cavabdeh həmin müqavilələr üzrə sərinləşdirici içkilərin və soyuducuların onun fəaliyyət göstərdiyi obyektə təhvil verildiyini qəbul etdiyindən iddianın rədd edilməsi üçün əsas ola bilməz.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3707/2023 nömrəli qətnaməsi dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 2.000 ABŞ dolları pul tutulmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3707/2023 nömrəli qətnaməsi soyuducuların qaytarılmamasına görə pulun tutulması hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 2.000 ABŞ dolları pul tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir.