Məhkəmə qərarları › İş №2-2(103)-1241/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1241/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1241/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" kiçik müəssisəsinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənişin geri qaytarılmasına dair ilk iddiası, iddiaçı Cavabdeh "xxxx" kiçik müəssisəsinə qarşı borcun tutulmasına dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli e-2-2(113)-421/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" kiçik müəssisəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borc qismində 4864,50 manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 15760 manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 11966 manat məbləğdə faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" KM arasında 03.02.2020-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən cavabdehə ətir yağı satmağı və təhvil verməyi, cavabdeh isə həmin malı təhvil alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə "xxxx" KM tərəfindən cavabdehin həmin müqavilədəki bank hesabına 11.03.2020-ci il tarixində 4864,50 manat məbləğində pul ödənilmişdir. Lakin həmin tarixdən bu vaxtadək cavabdeh razılaşdırılan malı "xxxx" KM-nə təhvil verməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliyini kobud şəkildə pozmuş hesab edilir. Cavabdehə "xxxx" KM tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyin icrasını yerinə yetirməkdən boyun qaçırmış və müqavilə şərtlərini pozan halları aradan qaldırmaq üçün heç bir addım atmamışdır. Bu günədək irəli sürülən bütün təkliflərə cavabdeh heç bir müsbət qarşılıq verməmiş, yol verdiyi hüquq pozuntusunu aradan qaldıracaq heç bir tədbir görməmiş və qanunvericiliyin müvafiq tələblərini pozaraq bu günə kimi "xxxx" KM–nin müqavilə üzrə hüquqlarını pozmaqdadır. Odur ki, cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi ucbatından "xxxx" KM-nin maliyyə vəziyyətinə ciddi zərər dəymişdir. Qeyd edir ki, iddiaçının dəfələrlə müraciətinə baxmayaraq, cavabdeh indiyədək müqavilə üzrə öhdəliyini könüllü surətdə icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445 və 449-cu maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehdən iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmasına görə Mərkəzi Bank tərəfindən 18.09.2020-ci il tarixi üçün müəyyənləşdirilmiş illik bank uçot faiz dərəcəsi 6,5% olmaqla hesablanan 15760 (on beş min yeddi yüz altmış) manat (4864,50 AZN X 0.54%(aylıq faiz) X 6 ay = 15760 manat) və pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə qanunvericiliyin müvafiq dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5%-ə əsasən 11966 (on bir min doqquz yüz altmış altı) manat, (4864,50 AZN X 0.41% (aylıq faiz) X 6 ay = 11966 manat) məbləğində faiz və 4864,50 AZN (dörd min səkkiz yüz altmış dörd manat, əlli qəpik) məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səhliyalı kiçik müəssisəsindən 9726 manat, əlavə çəkdiyi 500 manat xərcin və mənəvi ziyanın əvəzi olaraq 10 000 manat pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" kiçik müəssisəsi ilə Cavabdeh arasında 03.02.2020-ci il tarixdə 1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdeh "xxxx" KM-nə ətir yağları satmağı və təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə razılaşdırılmış qiymətə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə üzrə satılan malların dəyərinin tam ödənilməməsinə baxmayaraq, iddiaçı Cavabdeh malların yüklənməsini və cavabdehin ünvanına çatdırılmasını təmin etmiş, lakin buna baxmayaraq alıcı malı qəbul etməkdən imtina etmişdir. Bu barədə kifayət qədər sübutu və şahidi vardır. Müqavilə şərtlərinin dəyişdirilməsi və həmçinin ləğv edilməsi barədə "xxxx" KM tərəfindən iddiaçıya heç bir zəng, şifahi və ya rəsmi xəbərdarlıq edilməmişdir. Yalnız 19 noyabr 2020-ci il tarixdə kuryer vasitəsilə ona iddia ərizəsi göndərilmişdir ki, bu iddia tələbi ilə qətiyyən razı deyil. İddiaçı Cavabdeh sifarişlə gətirdiyi mal-ətir yağı uzun müddət satılmadığı, yəni alıcı tərəfdən qəbul edilmədiyi səbəbindən ona xeyli ziyan dəymişdir. Pulu dövriyyədən kənar qalmış, digər tərəfdən pandemiya səbəbindən alıcı-sifarişçi qıtlığından malları sata bilməmişdir. "xxxx" KM yalnız malların qalan hissəsinin dəyəri ödənildikdən sonra malı təhvil ala bilər. Malların daşınması, yüklənməsi və cavabdehin obyektinə çatdırılması üçün əlavə xərc çəkmişdir. "xxxx" KM-nə satdığı malın pulunu özü ödəmişdir. Bunlar hamısı xərcdir. Qazanc əldə etmək əvəzinə cavabdeh onu maddi və mənəvi itkiyə məruz qoymuşdur. Hal hazırda 9726 manat, qaimə vergi sistemində əks olunmuş buna görə 500 manat vergi ödəmişdir. Pul məbləği tam ödənilmədiyinə baxmayaraq iddiaçı malı təhvil vermək üçün cavabdeh tərəfin ünvanına getmiş, lakin cavabdeh malı qəbul etməkdən imtina etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 9726 manatın və əlavə çəkdiyi 500 manat məbləğində xərcin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-2(113)-421/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 4861,5 manatın tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli e-2-2(113)-421/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin qəbul edilməsi üçün zəruri olan bütün halları nəzərə almamış, həmin qətnamənin çıxarılmasına qədər keçirilən məhkəmə iclaslarında "xxxx" km tərəfindən bəyan edilən və məhkəməyə təqdim edilən aşağıdakı məqamları gözardı edilmiş və həmin qətnaməni onlara lazımi şəkildə hüquqi qiymət vermədən qəbul etmişdir. Belə ki, cavabdehlə "xxxx" km arasında 03.02.2020-ci il tarixli 01 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən cavabdeh "xxxx"ya malı satmağı və təhvil verməyi, "xxxx" km isə həmin malı təhvil alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə "xxxx" km tərəfindən cavabdehin həmin müqavilədəki bank hesabına 11.03.2020-ci il tarixli ödəniş tapşırığı əsasında 4864,50 manat məbləğində pul ödənilmişdir. Lakin həmin tarixdən bəri cavabdeh razılaşdırılmış malı "xxxx" km-nə təhvil verməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəliyini kobud şəkildə pozmuşdur. Cavabdehlə razılaşma 4864,50 manat məbləğində ekvivalentindəki mal üçün olmasına baxmayaraq cavabdeh əsassız olaraq "xxxx"ya 9726 manat məbləğində e-qaimə göndərmişdir. Cavabdehlə e-qaimədəki yanlışlığı düzəltməsi və razılaşdırılmış məbləğ üçün (4864,50 manat) yeni e-qaimə göndərməsi ilə bağlı dəfələrlə danışıqlar aparılmışdır. Bunu məhkəmə iclasında cavabdehin özü də təsdiqləyib. Lakin cavabdeh təkidlə e-qaimədəki 4864,50 manatdan artıq olan hissənin indi yox, növbəti partiya mal alışı üçün nəzərdə tutulduğunu bildirərək e-qaimədə düzəliş etməkdən imtina etmişdir. “Səhliya”lı o mala həmin vaxt təcili ehtiyacı olduğu üçün cavabdehlə mübahisə etməmiş və sifariş verdiyi 4864,50 manat məbləğində olan maldan razı qaldığı təqdirdə növbəti partiyalar üçün sifariş vermək şərti ilə onunla razılığa gələrək həmin e-qaiməni qəbul edib 4864,50 manat məbləğini ödəmək məcburiyyətində qalmışdır. "xxxx" km-nin məhkəməyə təqdim etdiyi 11.03.2021-ci il tarixli ödəniş tapşırığı 4864,50 manat məbləğində ödənişin cavabdehin bank hesabına ödənildiyini təsdiq edir. Bununla da təsdiq olunur ki, cavabdeh indiyədək həmin məbləğ üzrə razılaşdırılan malı "xxxx" km-nə vaxtında təhvil verməmişdir. Lakin cavabdeh iddia etdiyi 9726 manat məbləği barədə razılaşma əldə edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu gecikmə halı ilə bağlı heç bir münasibət bildirməmişdir. Bundan başqa, cavabdeh malı çox gec, yəni razılaşdırılandan 45 gündən çox müddət keçdikdən sonra gətirmişdir. Bunu cavabdehin özü də məhkəmə iclasında təsdiqləmişdir. Bu qədər gec gətirilmiş malın "xxxx" km üçün artıq heç bir əhəmiyyəti yox idi. Lakin məhkəmə qətnamə qəbul edərkən bu gecikmə halı ilə bağlı heç bir münasibət bildirməmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" km böyük istehsalat müəssisəsidir. Odur ki, "xxxx" km hər günün əvvəlcədən planlaşdırılmış öz istehsal həcmi və norması var. Cavabdeh malı vaxtında təmin etmədiyinə görə "xxxx" istehsalatı dayandırmamaq və əvvəlcədən planlaşdırılmış rejimi pozmamaq və normanı ödəmək üçün eyni növ malı başqa tədarükçüdən əldə etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh razılaşdırıldığı kimi 4864,50 AZN məbləğində yox, sifarişin təxminən 2 qatı həcmində (9726 AZN məbləğində) mal gətirmişdir. Buna rəğmən, "xxxx" cavabdehlə arasında olan əməkdaşlıq hörmətinə ödədiyi 4864,50 manat məbləğində pulun qarşılığı olan malı yenə də almağa hazır olduğunu dəfələrlə cavabdehin nəzərinə çatdırmışdır. Lakin cavabdeh təkidlə ya 9726 manat məbləğində olan malın hamısının alınmalı olduğunu, ya da malı ümumiyyətlə, satmadığını və edilən ödənişi qaytarmayacağını bəyan etmişdir. Qətnamədə "xxxx" tərəfindən cavabdehə malların dəyərinin tam ödənilməsi məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmadığı və buna görə də cavabdehin "xxxx" qarşısında hər hansı bir öhdəliyinin olmasının sübüta yetirilmədiyi” qeyd edilmişdir. Lakin məhkəmə cavabdehə malların dəyərinin tam ödənilməsinin öz təsdiqini tapmaması ilə bağlı qənaətə necə gəldiyi əsaslandırmamışdır. Eyni zamanda, qətnamədə "xxxx" müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi və nəticədə cavabdehə borcu yarandığı qeyd olunub. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçının müqavilə üzrə yaranmış və ödənilməmiş borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlı olduğu” qeyd edilmişdir. Lakin məhkəmə "xxxx"nın öhdəliyini lazımi qaydada yerinə yetirməməsi ilə bağlı qənaətə necə gəldiyini əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə bu işlə bağlı yekun qərar vermək üçün zəruri olan bütün halları nəzərə almamış və müəyyən etdiyi nüansları isə əsaslandırmamışdır. Bununla da məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" kiçik müəssisəsinin ȧpelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli e-2-2(113)- 421/2021 saylı qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməli, Cavabdeh iddiası "xxxx" kiçik müəssisəsindən 4861,5 manat pulun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə ilk iddianın rədd edildiyi və qarşılıqlı iddianın təmin edildiyi hissədə mübahisələndirilir. İş materiallarına əlavə edilmiş "xxxx" KM ilə Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixli 1 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş formalarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə, ünvanda, qiymətdə, keyfiyyətdə və digər xüsusiyyətlərdə istifadə məqsədləri üçün yararlı halda alıcıya təhvil verməyi və satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların çatdırılması və təhvil verilməsi müqavilənin müvafiq əlavələrində göstərilən alıcının müəyyənləşdirdiyi ünvanda satıcının hesabına həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş və malların razılaşdırılan qiyməti satıcıya tam ödənilmiş olsun. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılmalı və müqavilənin müvafiq əlavələrində müəyyən edilməli idi. İşin hallarından görünür ki, müqavilənin qeyd edilən bəndinə əməl edilməmiş və müqavilənin mühüm şərtlərini özündə əks etdirən əlavə tərtib edilməmişdir. 25.02.2020-ci il tarixli 768771 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən alıcı "xxxx" km-nə 207 kq ətir yağının satışı ilə bağlı 9729 manat məbləğində elektron qaimə təqdim edilmiş, qaimə təsdiq edilmişdir. Məhkmə araşdırması zamanı müəyyən edilmişdir ki, satılmış malın təhvil verilməsi barədə elektron qaimənin alıcı tərəfindən təsdiq edilməsinə baxmayaraq mal faktiki olaraq alıcıya təhvil verilməmişdir. 11.03.2020-ci il tarixli 303 nömrəli ödəniş tapşırığından və 16.03.2020-ci il tarixli 167870 nömrəli memorial orderdən görünür ki, "xxxx" KM tərəfindən Cavabdeh hesabına 4864,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin məhkəmə tərəfindən işdəki ərizələr və tərəflərin izahatları əsasında müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh ətir yağının tədarükü ilə bağlı şifahi sifariş verilmişdir. İddiaçı tərəf iddia edir ki, sifariş verilən malın dəyəri 4864,50 manat olmuşdur. Cavabdeh ödəmə edildiyi tarixdən 45 gün sonra malı gətirmiş, gətirdiyi malın dəyəri 9729 manat olmuş, Cavabdeh həmin dəyərdə malın iddiaçı tərəfindən qəbul edilməsini xahiş etmiş, əks halda dəyəri ödənilmiş 4864,50 manat məbləğində malı təhvil verməkdən imtina etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, ona 9729 manat dəyərində ətir yağının gətirilməsi üçün sifariş verilmişdir. Malın bir hissəsinin dəyəri ödənildikdən sonra malı Rusiya Federasiyasından gətirmiş, lakin sonradan iddiaçı gətirilən malı qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yazılı alqısatqı müqaviləsi bağlansa də, müqavilənin predmeti və onun dəyəri, o cümlədən öhdəliyin icra müddəti şifahi qaydada razılaşdırılmışdır. Tərəflər arasında mübahisə alqı-satqı müqaviləsi üzrə satıcıya sifariş verilən malın miqdarı ilə bağlı yaranmışdır. Yəni, alıcı tərəf iddia edir ki, satıcı ona razılaşdırıldığı miqdardan çox mal təhvil vermək istəmiş, bu səbəbdən iddiaçı müqavilədən imtina edərək ödədiyi məbləği geri tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Hazırkı halda "xxxx" KM Cavabdeh 4864,50 manat məbləğində malla bağlı sifariş verdiyini təsdiq etdiyindən alqı-satqı müqaviləsinin predmeti məlum olduğu üçün tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh ona sifariş verilən malın 4864,50 manat məbləğdən artıq olduğunu sübut edə bilmədiyindən və alıcıya faktiki olaraq hər hansı məbləğdə mal təhvil verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, alıcının sifariş verilmədiyi və təhvil almadığı malın dəyərini ödəmək öhdəliyi olmadığı üçün qarşılıqlı iddianın "xxxx" km-dən 4861,5 manat pul tutulmalı olduğuna dair hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, elektron qaimə malın (işin, xidmətin) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas verən ilkin uçot sənədi olduğundan məhkəmə hesab edir ki, iş üzrə alıcıya gndərilmiş satıcı tərəfindən 25.02.2020-ci il tarixli 768771 nömrəli elektron qaimə alqı-satqı müqaviləsi üzrə sifarişin miqdarını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Satıcının razılaşdırılmış miqdara uyğun mal təqdim etmədiyi halda tərəflərin hansı hüquq və öhdəliyinin yarandığı Mülki Məcəllənin 578-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 578.2-ci maddəyə əsasən əgər satıcı alıcıya alğı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydada satıcıya bu barədə bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün əşyaları qəbul edə bilər. 578.3-cü maddəyə əsasən alıcı alğı-satqı müqaviləsində göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş əşyalar, əgər tərəflərin razılaşması ilə ayrı qiymət müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün müəyyənləşdirilmiş qiymətlə ödənilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, alıcının alqı-satqı müqaviləsi üzrə ödədiyi pul vəsaitini geri tələb etmək hüququ satıcı tərəfindən müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verildiyi halda yaranır. alğı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verildiyi halda isə alıcı satıcının təqdim etdiyi malı qəbul etməli və təqdim edilən malın miqdarının razılaşdırılan miqdardan çox olduğuna dair satıcıya bildiriş verməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Tərəflər arasında öhdəliyin icra müddəti müəyyənləşdirilmədiyindən və öhdəliyin icrası barədə alıcının tələbinin hansı tarixdə irəli sürüldüyü məlum olmadığından "xxxx" km-nin Cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirildiyi və ağlabatan müddət ərzində icra edilmədiyinə dair mülahizələri əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişin qaytarılması və pul vəsaitinin qanunsuz saxlanılmasına görə faizlərin tutulmasına dair ilk iddia tələbləri əsassız olduğundan ilk iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" kiçik müəssisəsinin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli e-2-2(113)-421/2021 saylı qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməli, Cavabdeh qarşılıqlı iddiası "xxxx" kiçik müəssisəsindən 4861,5 manat pulun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: “Səhliyalı" kiçik müəssisəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli e-2-2(113)-421/2021 saylı qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilsin. Cavabdeh qarşılıqlı iddiası "xxxx" kiçik müəssisəsindən 4861,5 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar