Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1244/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-139/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 51242,45 manat məbləğində əsas borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 1500 manat məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin tutulub hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli, e-2-2(113)-139/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 12038 manat məbləğində borc və həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 250 manat, cəmi 12288 manat və dövlət rüsumu kimi ödənilmiş 6,98 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 24.08.2021-ci il tarixli, e-2-2(113)-139/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh təkrarən həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 17.09.2021-ci il tarixli, e-2-2(113)-139/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti müddət ötürüldüyünə görə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadın cavabdehin nümayəndəsi və vəkilinin kabinetinə yerləşdirilməsi barədə məlumatdan gec xəbərləri olmuş və həmin sistem vasitəsilə elektron qaydada hər hansı poçt və ya sms göndərilməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin 2-ci cildinin 73-cü vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli, e-2-2(113)-139/2021 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq 29 iyun 2021-ci il tarixdə saat 14:44-də cavabdehin nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş və həmin nümayəndə və vəkil tərəfindən imzalanmış apellyasiya şikayəti 02.09.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 29 iyul 2021-ci il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 02.09.2021-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayətinin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddətdə prosessual qaydalara tam riayət edilməklə verilməlidir. Ona görə də, həmin müddətdə verilmiş, lakin hər hansı səbəbə görə geri qaytarılmış apellyasiya şikayəti yenidən verildikdə də 1 aylıq müddətə riayət olunmalı, bu mümkün olmadıqda isə prosessual müddətin bərpası barədə ərizə verilməlidir. Əks yanaşma həm Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər. Şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında” Əsasnamənin 9.2.3-cü bəndinə əsasən sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək İnformasiya sistemi iştirakçılarının vəzifəsidir. Hazırki işdə Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə riayət olunmuş və 10.03.2021-ci il tarixli qərardad cavabdehin nümayəndə və vəkilinin elektron kabinetlərində yerləşdirilərək ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-139/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1244/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1244/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver