Məhkəmə qərarları › İş №2-2(103)-125/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-125/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-125/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh X1 "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4570/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh X1 "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14334,10 manat əsas borcun, 2224,12 manat ƏDV borcunun, 13063,80 manat cərimə məbləğinin, 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 14334,10 manat əsas borcun, 13063,80 manat cərimə məbləğinin, 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında AST- EVR19-04 saylı, 12 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan sənədlərinə əsasən malları alıcıya təqdim etməli, alıcı isə müəyyən olunmuş dəyəri satıcıya ödəməlidir. Müqavilənin məbləği və yekun qiyməti əks olunan 2-ci bəndinə əsasən müqavilənin yekun məbləği ƏDV xaric 760200 avro təşkil etmişdir. Müqavilənin təhvil-təslim, daşınma şərtləri və müddəti qeyd olunan 3-cü maddəsinin 3.3.-cü yarımbəndinə əsasən müqavilədə qeyd olunan avadanlıq satıcı tərəfindən satınalma sifarişi təsdiqi veriləndən sonra, satıcının Ankarada olan fabrikasında müqavilənin ümumi məbləğindən 20 faiz ödəndikdən sonra 28-30 həftə ərzində yığılmalıdır, müqavilənin ümumi məbləğindən 90 faiz ödəndikdən sonra isə alıcıya DDP Şəki şərtində çatdırılacaq. Müqavilənin ödəniş şərtləri göstərilən 4-cü maddəsinə əsasən müqavilənin ümumi dəyərindən (760200 avro) 20 faizi qabaqcadan sifariş təsdiqlənməsindən sonra 15 gün ərzində alıcı tərəfindən satıcının hesabına ödənilməli idi. Müqavilənin məbləğindən 10 faiz alıcı tərəfindən, sifariş təsdiqlənməsindən sonra 45 gün ərzində satıcının hesabına ödənilməlidir. Satıcı tərəfindən mallar hazır olması barədə alıcıya məlumat verildikdən sonra, alıcı 30 gün ərzində müqavilənin ümumi dəyərindən qalıq 60 faizi hissə-hissə ödəməlidir. Müqavilənin məbləğinin 90 faizi ödəndikdən sonra, satıcı malların çatdırılmasını təmin etməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq nəzərdə tutulan bütün mallar alıcı tərəfindən tam və keyfiyyət tələblərinə uyğun qaydada təhvil verilmişdir. Məbləğləri tərəflər yazılı qaydada göstərmiş və hər iki tərəf imza möhürləri ilə təsdiqləmişdir. Həmin gün təsdiqlənmiş üzləşmə aktına əsasən alıcı tərəfin satıcıya 14334,10 manat əsas borcu və 2224, 12 manat ƏDV borcu mövcuddur. Tərəflər arasında bağlanmış olan xx.xx.2019-cu il tarixli, AS T-EVR-19-04 nömrəli müqavilənin ödəniş şərtləri əks olunan maddəsində qeyd olunan ödənişlərdə gecikmə baş verdikdə alıcı qalıq dəyərinin 0,01 faiz məbləğində olan cəriməni hər gecikən gün üçün ödəməlidir. Belə ki, alıcı tərəfindən ödənişlərin hər dəfə gecikdirilmə müddətlərinin cəmi olaraq 13063,80 manat cərimə məbləği mövcuddur. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməsi tələb edilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsi nəticəsində də qarşı tərəf öz öhdəliklərini icra etmədiyindən tərəfimizdən Mediasiya Şurasına müraciət edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixində mediasiya sessiyası keçirilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4570/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “X1 "xxxx" ASC-dən 14334,10 manat əsas borc, 700 manat dəbbə pulu, ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 15234,10 (on beş min iki yüz otuz dörd manat on qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdeh X1 "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında təsdiqlənmiş olan 10 dekabr 2020-ci il tarixli üzləşmə aktına əsasən göstərilmiş məbləğləri tərəflər yazılı qaydada göstərmiş və hər iki tərəf imza möhürləri ilə təsdiqləmişdir. Həmin gün təsdiqlənmiş üzləşmə aktına əsasən Alıcı tərəfin Satıcıya 14334,10 (on dörd min üçyüz otuz dörd manat, on qəpik) əsas borcu və 2224, 12 (iki min ikiyüz on dörd manat, on iki qəpik) ƏDV borcu mövcuddur. Bu borc məbləği ödənilməsinə baxmayaraq İddiaçı MMC tərəfindən rəsmiləşdirilməmiş, əsassız iddia qaldırılaraq ödənilmiş məbləği tələb etməklə yanaşı hətta guya İddiaçı MMC-yə borcun vaxtında ödənilmədiyi üçün 13063,80 manat məbləğində cərimə təyin edilməlidir. Bu iddia tamamilə əsassızdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən rədd edilsə də, iddiaçının əsas borc kimi göstərdiyi 14334,10 (on dörd min üç yüz otuz dörd manat, on qəpik) əsas borcu və 2224,12 (iki min iki yüz on dörd manat, on iki qəpik) ƏDV borcu əsassız olaraq təmin edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.

20. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

21. Hazırkı işin hallarından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AST-EVR-19-04 nömrəli müqavilənin birinci bəndinə əsasən satıcı tərəfdən malların satışı, qeyd olunmuş malların texniki məlumatları, pos nömrələri və miqdarları bu müqaviləyə əlavə olunmuş 3004/028 nömrəli xx.xx.2018-ci il tarixdə göndərilən təklifdə göstərilmişdir. Satıcı aşağıda göstərilən və 3004/028 nömrəli xx.xx.2018-ci il tarixdə göndərilən təklifdə bəyan olunmuş malların problemsiz kvə defektsiz çatdırılmasını öz öhdəsinə götürür. 4 ədəd RDLO 400-880 A1 SC (3000 m3 /S, 260 M) pompaları və 2700 kvt – 1480 rpm, 6000 V motor.

22. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar üzrə ödənişlər bank köçürmə yolu ilə alıcının hesablaşma hesabına ödənilməlidir.

23. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr baş verdikdə, alıcı qalıq dəyərinin 0,01 % məbləğində olan cərimə hər gecikən gün üçün ödəməlidir, cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 3 %-dən çox təşkil edə bilməz.

24. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin qalıq əsas borcu əvvəlki 24458,34 avro, dəyişdirilmiş 6903,34 avro, qalıq ƏDV borcu əvvəlki 4231,25 Avro, dəyişdirilmiş 1071,35 avro təşkil edir.

25. İddaçı tərəfindən cavabdehə göndərilmiş 13 fevral 2019-cu il tarixli 1302/006 nömrəli Rolo 400-880 A1 SC (3000 M3/H, 260M) pompa və 2700 kw 148/0 rpm, 5000 V motora görə 760200 Avro, ƏDV-yə görə 136836 Avro, ümumilikdə 897036 Avro hesab faktura göndərilmişdir.

26. İddiaçı tərəfindən cavabdehə EBAE 601910 nömrəli xx.xx.2019-cu il tarixli, EBAS 102496 nömrəli xx.xx.2020-ci il tarixli, EBDC 660364 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.

27. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixli ASC-EVR-19-04 nömrəli müqaviləyə əsasən 742645 EUR (ödənilən ƏDV 132604,75 EUR) dəyərindən olan hissəsi ödənilmiş və xx.xx.2020-ci il tarixinə cavabdehin iddiaçı qarşısında 6903,34 EUR (qalıq ƏDV: 1071,35 EUR) kreditor borcu mövcuddur. xx.xx.2020-ci il tarixinə mövcud olan avro/manat kursuna görə (2.0760) ümumi ƏDV xaric kreditor borcu 14334,10 manat (qalıq ƏDV: 2224,12 manat) təşkil edir.

28. Təqdim edilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildə 484000 manat, xx.xx.2019-cu ildə 200000 manat, xx.xx.2019-cu ildə 43000 manat, xx.xx.2019-cu ildə 429400 manat, xx.xx.2019-cu ildə 195000 manat, xx.xx.2020-ci ildə 65000 manat əsas vəsait ödənilmişdir.

29. İddiaçının ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə qədər ümumilikdə 257196,48 manat ƏDV ödənilmişdir

30. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsindən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

31. Cavabdeh xx.xx.2020-ci il tarixli üzləşmə aktını imzalamaqla malın iddiaçıdan təhvil alındığını və həmin tarixə 14334,10 manat (ƏDV xaric) borcunun olmasını təsdiq etmiş, iddiaçının göndərdiyi elektron qaimələrə qanunla müəyyən edilmiş müddət ərzində etiraz etməmişdir.

32. Həmin elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.

33. Birinci instansiya məhkəməsi iddia tələbini əsas borcun tutulması hissəsində təmin etməklə cavabdehdən 14334,10 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

34. Dəbbə pulu ilə bağlı hissədə isə qeyd edilməlidir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 700 manat müəyyən olunmuşdur.

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 700 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir.

37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 2224,12 manat ƏDV borcu tutulması hissəsində tələbindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də həmin ərizəyə uyğun olaraq yalnız əsas borcun tutulması hissəsində iddianı təmin etmiş, həmçinin cərimə borcu hissəsində cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 700 manat məbləğində müəyyən edilmişdir.

38. Bundan əlavə, cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış, üzləşmə aktı ilə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh X1 "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4570/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar