Məhkəmə qərarları › İş №2-2(103)-1251/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1251/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1251/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1544/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 36.000 ABŞ dolları xidmət haqqının, 3 il xidmət haqqının ödənilməməsinə görə bank uçot faiz dərəcəsi hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7.560 ABŞ dolları cərimənin və işgüzar nüfuza vurulmuş zərərə görə 30.000 manat vəsaitin məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 36.000 ABŞ dolları xidmət haqqı, 3 il xidmət haqqının ödənilməməsinə görə bank uçot faiz dərəcəsi hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7.560 ABŞ dolları cərimə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və işgüzar nüfuza vurulmuş zərərə görə 30.000 manat məbləğdə vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmiş və apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin edilməməsini və müddətin bərpasından imtina edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, cavabdeh 06.05.2021-ci il tarixli qiyabi qətnaməni 17.07.2021-ci il tarixdə rəsmi olaraq əldə etmiş, lakin apellyasiya şikayətini 06.09.2021-ci il tarixdə vermişdir. Faktiki olaraq müddət pozulmuşdur. Cavabdeh ilk əvvəl 16.08.2021-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, bu zaman hakimin diqqətsizliyi səbəbindən məhkəmə ərizəni icraata qəbul etmişdir. Halbuki, məhkəmə iclasında iddiaçının vəkilinin müdaxiləsindən sonra müəyyən olmuşdur ki, ərizəni və apellyasiya şikayətini vermiş cavabdehin nümayəndəsinin belə bi səlahiyyəti olmamışdır. Buna görə də məhkəmə ərizəni və apellyasiya şikayətini geri qaytarmışdır. Bundan sonra cavabdeh yeni ərizə və yeni şikayətlə müraciət etmiş, bu dəfə şikayət qanunvericiliklə nəzərdə tutulduğundan 20 gün keçdikdən sonra verilmişdir. Bu azmış kimi bu dəfə məhkəməyə saxta etibarnamə təqdim edilmişdir. Etibarnamədə ehtimal edilən imza qələmlə icra edilməmişdir. Həmin imza nümunəsi sadəcə rəngli printer vasitəsilə çap olunmuşdur. Çünki cavabdehin də bildirməsinə görə imza etməli olan şəxs Azərbaycanda deyil. Bundan başqa, etibarnaməyə nəzər saldıqda müəyyən edilir ki, möhür orijinaldır. Lakin bu zaman da sual yaranır ki, möhürü qeyd edilən etibarnaməyə kim vurmuşdur, əgər imza edən şəxs qanuni təmsilçi Azərbaycandan kənardadırsa? Məhkəmə qeyd edilən halları qanuniləşdirmək üçün Mülki Məcəllənin 331.3-cü maddəsinə əsaslanmağa çalışmışdır. Lakin etibarnamə ikitərəfli əqd deyil və belə olan halda ikitərəfli əqdlərlə bağlı olan MM-in normasının etibarnaməyə aid edilməsi tamamilə əsassızdır. Eyni zamanda, etibarnamə ilə bağlı qanunverici xüsusi olaraq şərtlər nəzərdə tutmuşdur. Məhkəmə qeyd edilən imzanın faksimil və ya elektron imza olmasını belə müəyyən etməmişdir. Halbuki, rəngli printer vasitəsilə çap edilmiş imza nə faksimil deyil, nə də elektron imza. Bu sadəcə rəngli surətdir ki, faktiki olaraq imza sahibinin əvəzindən üçüncü şəxs tərəfindən icra edilmiş imza hesab edilərək, saxta imza kimi qəbul edilməli idi. Hətta ehtimal edilsə ki, cavabdehin bu cür səlahiyyəti olmuşdur və o şikayət vermək səlahiyyətinə malikdir, bu zaman məhkəmə hansı səbəbdən 20 gün müddətin buraxılmasını və bu müddət buraxılmasının üzrlü hesab edilməsini əsaslandırmamışdır. Məhkəmə qərardadda ilkin şikayətin verilməsi müddətini rəhbər tutaraq şikayətin 16.08.2021-ci ildə verilməsini bildirmişdir. Lakin həmin müddətin məhkəmə tərəfindən şikayətin verildiyi haqlı müddət kimi qəbul edilməsi əsassızdır. Çünki nümayəndənin ehtimal edilən səlahiyyətinin təsdiq edildiyi etibarnamə ona 31.08.2021-ci il tarixdə verilmişdir və məhkəməyə verilmiş apellyasiya şikayətinin verilmə müddəti 06.09.2021-ci ildir. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İşdən müəyyən edilir ki, müddətin bərpası barədə ərizəni imzalayan cavabdehin vəkili və nümayəndəsi Vəkil1 verilmiş və iş materiallarında olan 31.08.2021-ci il tarixli etibarnamədə imza rəngli surətdir, yəni direktor Gal Vagner tərəfindən şəxsən imzalanmamışdır. Faktı cavabdeh mübahisə etmir. Halbuki, MPM-in 73.4-cü maddəsinin imperativ göstərişinə əsasən cavabdehin adından etibarnamə onun rəhbəri və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmaqla və həmin hüquqi şəxsin möhürü vurulmaqla verilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Cavabdehin və birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 331.3-ci maddəsinə istinadı da əsassızdır. Belə ki, 31.08.2021-ci il tarixli etibarnamədə imza faksimile yaxud elektron imza deyil, imzanın başqa analoqundan istifadə edilməsi barədə isə iş üzrə tərəflər arasında hər hansı razılaşma mövcud deyil. MPM-in: 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır;

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, 06.05.2021-ci il tarixli qiyabi qətnamə 17.07.2021-ci il tarixdə cavabdehin vəkili və nümayəndəsinə təqdim olunmuş, sonuncu, 16.08.2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmış, 06.09.2021-ci il tarixdə cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini imzalamaq hüququnu təsdiq edən sənəd kimi 31.08.2021-ci il tarixli mübahisəli etibarnaməni “Elektron məhkəmə” informasiya sisteminə yükləmişdir. Lakin işdən göründüyü kimi, 31.08.2021-ci il tarixli etibarnamə MPM-in 73.4-cü maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Müddətin buraxılması ilə nəticələnmiş səbəbin cavabdehin iradəsindən asılı olmaması, yaxud onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması və ya ona maneə törətməsi və məhdudiyyət yaratması iş üzrə müəyyən olunmur. Bütün bunlar da o deməkdir ki, müddət cavabdeh tərəfindən təqsirli olaraq, üzrsüz səbəblərdən buraxıldığı, habelə bu barədə ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün, yanlış olaraq birinci instansiya məhkəməsi tərəfindən bərpa olunmuşdur. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, müddətin bərpasından imtina edilməli, şikayət təmin olunmamalı (MPM-in 398.0.3-cü maddəsi), iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 133, 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1544/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilsin. İş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar