Məhkəmə qərarları › İş №2-2(103)-1252/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1252/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1252/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Bakı Dövlət Sirkinin nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3121/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 18.02.2021-ci il tarixdən 29.03.2021-ci il tarixədək əsassız olaraq hesablanmış 476 manat borcun, 07.04.2021-ci il tarixdən 30.04.2021-ci il tarixədək hesablanmış 310,17 manat, 01.05.2020-ci il tarixdən 31.05.2021-ci il tarixədək hesablanmış 280 manat, 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək hesablanmış 476 manat, 01.07.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək olan müddət üçün hesablanmış 354 manat borcun silinməsini və bu müddət üçün hesablanmış borcun qanunauyğun olaraq olaraq yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 18.02.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək olan müddət üçün hesablanmış 1.472 manat məbləğdə borcun silinməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin edilən hissədə ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 01.11.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtərinə uyğun olaraq cavabdeh istifadə etdiyi içməli suyun dəyərini 20.10.2020-ci il tarixədək su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun qaydada ödəmişdir. Qeyd olunan tarixdən abonentin sayğacında nasazlıq yaranmış və abonent haqqında məlumatlarının yerləşdirildiyi proqrama bu haqda məlumat daxil edilmişdir. Cavabdehin tərtib etdiyi abonent məlumat vərəqəsindən də göründüyü kimi, iddiaçıya sayğacın işləmədiyi dövr üzrə sərfiyyatın hesablanması aşağıdakı qaydada aparılmışdır: - 2021-ci il mart ayı üzrə - 476 manat; 2021-ci il aprel ayı üzrə - 366 manat; 2021-ci il may ayı üzrə - 280 manat; 2021- ci il iyun ayı üzrə - 476 manat; 2021-ci il iyul ayı üzrə - 354 manat. Məhkəmə qətnaməsində heç bir araşdırma aparmadan iddiaçının 2020-ci ilin mart ayının ikinci yarısından başlayaraq fəaliyyət göstərməməsini koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin elan edilməsini əsas gətirərək iddia tələbini qismən təmin təmin etmişdir. Lakin həm “Azəriqaz” İB-nin, həm də "xxxx" ASC-nin məktublarından göründüyü kimi, iddiaçının su və kanalizasiya xidmətlərindən istifadə etmədiyini bildirdiyi dövrlərdə kifayət qədər qaz və elektrik enetjisindən istifadə etdiyi öz təsdiqini tapır. Bu da öz növbəsində iddiaçının həmin dövrlərdə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etdiyini də sübut edir. Göründüyü kimi, iddiaçı həmin dövr ərzində sudan istifadə edilməməsi faktı ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də, mübahisələndirilən dövr ərzində sudan istifadə olunmaması faktı iddiaçı tərəfindən məhkəmədə sübuta yetirilməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində əsassız olaraq iddiaçının yeni suölçən cihaz ilə təmin edilməsi ilə bağlı Cəmiyyət tərəfindən heç bir tədbir görülməməsini qeyd etmişdir. “Sudan istifadə qaydaları” nın 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. İddiaçı sudan istifadə etmədiyi müddətdə Cavabdeh ASC-yə rəsmi qaydada suyun verilməsinin dayandırılması ilə bağlı müraciət etməli olduğu halda bu barədə heç bir müraciət ünvanlandırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul eməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də rədd olunması xahiş edildiyi, iddiaçı tələbin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız iddia təmin olunan mübahisəli hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işin mübahisəsiz hallarına görə, iddiaçıya məxsus su sayğacının işləməməsinin 20.10.2020-ci il tarixdə cavabdehə məlum olmasına və iddiaçı tərəfindən müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin sayğacın təmir olunması, dəyişdirilməsi, laboratoriyaya göndərilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.10-ci bəndinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Göründüyü kimi, cavabdeh “Sudan istifadə Qaydaları”nın 6.10-cu bəndində nəzərdə tutulan vəzifəsini həmin qaydalarda müəyyən edilmiş müddətdə icra etməməsi nəticəsində iddiaçıya 20.10.2020-ci il tarixdən başlayaraq “Sudan istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən əvvəlki 12 ayın orta aylıq su sərfiyyatına uyğun borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh tərəfindən uzun müddət ərzində işlək vəziyyətdə olmayan iddiaçıya məxsus su sayğacının təmir edilməsi (və ya dəyişdirilməsi) istiqamətində heç bir tədbir görülməməsi, nəticədə iddiaçıya sudan və kanalizasiya sistemindn istifadəyə görə borcun son 12 ay üçün orta aylıq su sərfiyyatına uyğun hesablandığı dövrün müddətinin süni surətdə uzadılması Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə cavab vermir. Digər tərəfdən, 2020-ci ilin aprel ayından başlayaraq koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi nəticəsində iddiaçının su sərfiyyatı əhəmiyyətli dərəcədə azalsa da, cavabdeh bu azalmanı nəzərə almamış, məhkəmə kollegiyasına aydın olmayan bir hesablama ilə iddiaçıya aylıq sərfiyyat hesablamaqda davam etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3121/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar