Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1254/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3341/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20440 manat əsas borcun və 3670,20 manat ƏDV-nin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli e-2-2(113)-3341/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 4.2-ci maddəsinə əsasən mal təhvil verilərkən, tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Lakin məhkəmə prosesi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmiş, yalnız elektron qaimələr təqdim etməklə kifayətlənmiş, halbuki həmin qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Bütün bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimələri əsas götürmüş və belə bir əsassız qətnamə qəbul etmişdir. Çünki, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutları məhkəməyə təqdim etməli idi. Elektron qaimə Dövlət Vergi Xidmətinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün malın verilməsinə dair müşayiətedici sənəd deyildir. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iddiaçı X4 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı - X4 ilə alıcı - Cavabdeh MMC arasında 29 oktyabr 2020-ci il tarixli, HA 001/1020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı qum və çınqıl materialını alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi üzərinə öhdəlik götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 20440 manat, ƏDV 3670,20 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 29 oktyabr 2020-ci il tarixli HA 001/1020 saylı alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə alınacaq 1 m3 (bir kubmetr) qum materialının, çatdırılma daxil, qiyməti ƏDV daxil 17,7 manat və 1 m3 (bir kubmetr) çınqıl materialının, çatdırılma daxil, qiyməti ƏDV daxil 16,52 manat təşkil edir. Cavabdeh MMC-nin sahə rəisi Vaqif Mehdiyev, texniki ofis mühəndisi Elşən İsayev və iddiaçı Nuruş İbayev tərəfindən imzalanmış və cavabdeh MMC-nin möhür ilə təsdiq edilmiş 04.12.2020-ci il tarixli akta əsasən Cavabdeh MMC “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində qapalı su yığıcıların (QSY) və drenaj şəbəkəsinin (DŞ) tikintisi üçün 20.10.2020-30.11.2020-ci il tarixlərində sahibkar İbayev Nuruşdan 1460 m3 çınqıl alınmışdır. Beləliklə, sadə riyazi hesablama aparılmaqla müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş çınqılın ümumi dəyəri 24119,2 manat təşkil edir (1460 x 16,52 = 24119,2). İddiaçı tərəfindən cavabdeh MMC-yə göndərilmiş EBAT seriyalı, 655070 nömrəli, 09.12.2020-ci il tarixli elektron qaimədə də göstərilmişdir ki, iddiaçı tərəfindən ümumi dəyəri 24119,20 manat (20440+3679,20 ƏDV) məbləğində olan yuyulmuş çınqıl (daşınma xərci ilə birlikdə) cavabdehə verilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 20440 manat əsas borcun və 3670,20 manat ƏDV məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərilən 04.12.2020-ci il tarixli aktla təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə cəmi 1460 m3 çınqıl təhvil verilmişdir. Cavabdeh isə həmin aktı mübahisələndirməmişdir. Həmin akt əsasında da iddiaçı tərəfindən cavabdehə EBAT seriyalı, 655070 nömrəli, 09.12.2020-ci il tarixli elektron qaimə göndərilmiş və cavabdeh də, həmin elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməmişdir. Qeyd olunan hallar isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsini təsdiq edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3341/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1254/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1254/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver