Məhkəmə qərarları › İş №2-2(103)-1258/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1258/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1258/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli e-2-2(113)-2298/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05.09.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərindən birtərəfli olaraq imtina etdiyini nəzərə alaraq müqavilə üzrə müəyyən edilmiş 20.000 manat məbləğində əsas borcun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 20.031 manat məbləğində pulun cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında 05.09.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1- ci bəndinə əsasən MMC (Mərkəz) psixoloji xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirir və cavabdeh (mütəxəssis) X6 MMC-də tərəflərin müqavilə ilə razılaşdırdıqları haqq müqabilində psixopedaqoq fəaliyyətini həyata keçirir. Müqavilənin 2.2.13-cü bəndinə əsasən müqavilə üzrə şərtlərin pozulması zamanı, habelə müqavilə üzrə mütəxəssis öhdəliklərindən birtərəfli imtina etdiyi halda, mütəxəssis mərkəzə 20.000 manat təzminat ödəyir. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 05.09.2022-ci il tarixə qədər qüvvədədir. Tərəflər razılaşırlar ki, qarşılıqlı razılıq olmadan, habelə bu müqavilədə nəzərdə tutulmuş əsaslar olmadan Tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərindən birtərəfli imtina edə bilməz. Qeyd olunan müqavilə üzrə İddiaçı MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş, hər ay müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqı cavabdehə ödənilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, xidmət müqaviləsinin müddəti bitməmiş müqavilə şərtlərindən birtərəfli imtina etmişdir ki, bununla da İddiaçı MMC-yə maddi ziyan vurmuşdur. Səlimova Türkan 24.12.2020-ci il tarixində iddiaçıya ərizə ilə müraciət edərək xidmət müqaviləsinin ləğv edilməsini xahiş etmiş və müqavilə üzrə öhdəliklərini icra etməyi dayandırmışdır. Cavabdehə 08.04.2021-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 20.000 manat məbləğində borcun ödənilməsini xahiş etmişlər. Lakin cavabdeh müraciətlərinə cavab verməmişdir, ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 2298/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-2298/2021 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilərək cəmi 20.031 manat məbləğində pulun cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı münasibətlərə Azərbaycan Respublikası MM-nin 759, 760-cı maddələrini tətbiq etməsi qanunsuzdur. Belə ki, hazırkı münasibətləri tənzimləyən normalar MM-nin 385, 386-cı maddələridir, tərəflər arasında olan münasibətlər podrat münasibətləri xarakteri daşımır. Mülki qanunvericilik müqavilə azadlığı prinsipini müəyyən edir və bu prinsipə görə tərəflər müqavilə bağlamaqda, onun şərtlərini müəyyən etməkdə sərbəstdirlər. İş materiallarından göründüyü kimi cavabdeh Səlimova Türkanın 28 yaşı var, o, tam fəaliyyət qabiliyyəti olan şəxsdir və müqaviləni imzalayarkən müqaviləni oxumuş, müqavilə ilə tanış olmuş və öz iradəsi ilə müqavilədə göstərilmiş vəzifələrin icrası ilə bağlı öhdəlik götürmüşdür. Məhz buna görə də, cavabdeh müəyyən müddət müqavilə üzrə öhdəlikləri yerinə yetirmiş, iddiaçı müəssisədə xidmət göstərmişdir ki, bu da cavabdehin müqavilə üzrə öz öhdəliklərini qəbul etdiyini göstərir. İş materiallarında olan X7 Xidmətinin 14.04.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh 17.02.2021-ci il tarixində başqa müəssisə ilə əmək müqaviləsi bağlamışdır və bu səbəbdən də iddiaçı ilə bağladığı xidmət müqaviləsini pozmuşdur. Bu isə onu göstərir ki, o müqaviləni mübahisələndirdiyi üçün deyil, əmək müqaviləsi bağladığı üçün müqaviləyə bir tərəfli qaydada xitam vermişdir. Cavabdehin iddiaya qarşı heç bir etiraztəqdim etmədiyi, müqaviləni mübahisələndirmədiyi halda məhkəmənin öz mülahizəsinə görə müqavilə müddəasını etibarsız hesab etməsi absurddur. Həmçinin, məhkəmə hesab edir ki, müqavilədən birtərəfli imtina dedikdə müqavilə tərəfinin digər tərəfin razılığını almadan müqaviləni birtərəfli qaydada ləğv etməsi başa düşülür. Məhkəməyə təqdim edilmiş 24.12.2020-ci il tarixli ərizənin məzmunundan isə görünür ki, həmin ərizə cavabdehin müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıdan razılıq almaq məqsədilə iddiaçıya ünvanladığı müraciətdir. Odur ki, göstərilən ərizə müqavilənin T.Səlimova tərəfindən birtərəfli qaydada ləğv edilməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmənin gəldiyi bu qənaət tamamilə absurddur. Məhkəmə heç bir əsas olmadan hazırkı müqaviləyə əmək münasibətlərini tətbiq edərək hesab etmişdir ki, müqaviləyə xitam verilməsi üçün müraciət edilməsi kifayətdir. Halbuki, hazırkı müqavilə xidmət müqaviləsidir və həmin müqavilədə müqaviləyə xitam verilməsi şərtləri müəyyən edilmişdir. Cavabdeh iddiaçının mövqeyini öyrənmədən bir tərəfli qaydada müqaviləyə xitam verməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur və buna görə də müqavilə ilə razılaşdırılmış kompensasiya məbləğini ödəməlidir. Məhkəmənin iddiaçından cavabdehin hər hansı zərəri vurması ilə bağlı hər hansı sübutun tələb edilməsi absurddur. İddiaçı o halda bununla bağlı sübut təqdim etmək öhdəliyi daşıyırdı ki, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi nəticəsində müqavilədə təsbit ediləndən əlavə hər hansı maddi ziyan dəymiş olsun. Dəyəcək maddi zərərin məbləği əvvəlcədən tərəflər arasında müqavilə əsasında müəyyənləşdirilib və hazırkı iş üzrə iddiaçının bir sübutetmə yükü vardır ki (cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icraetməməsi) həmin vəzifə də icra olunub,cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Bundan əlavə, İddiaçı MMC xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət göstərən, ölkə üzrə kifayət qədər tanınmış bir mərkəzdir. Burada xidmət göstərilən hər bir uşaq xüsusi qayğı və diqqət tələb edir. Onlarla məşğul olan, onlara dərs deyən müəllimlərin qəfil getməsi, öyrəşmiş olduqları müəllimlərin olmaması, eləcə də, yeni bir müəllimə uyğunlaşmalarının onlarda necə bir tramva yaratdığını təsəvvür etmək elə də çətin deyil. Digər tərəfdən bu vəziyyət həmin uşaqların valideynləri tərəfindən də narazılıqla qarşılanır, valideynlərin iddiaçı ilə müqavilələrinə xitam verməsinə səbəb olur ki, bu da iddiaçının işgüzar nüfuzuna böyük zərər vurur. Məhz həmin uşaqların mənafelərini düşünərək iddiaçı müqaviləyə öhdəliyin icra edilməməsinə görə kompensasiya ödənilməsi ilə bağlı bənd daxil etmişdir ki, müəssisədə xidmət göstərən şəxslər öz öhdəliklərini vicdanla yerinə yetirsinlər və müqaviləyə xitam vermək istəyərkən bunu qarşılıqlı razılıq əsasında, iddiaçının və iddiaçı müəssisədə xidmət alan uşaqların mənafelərini nəzərə alaraq həyata keçirsinlər. Əvvəlcədən razılığın alınması uşaqların mənafeyi üçün olduqca önəmlidir. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların adaptasiya olunduğu müəllimlərdən ayrılmağına vaxt tələb olunur, müqaviləyə xitam verilərkən ən azından həmin uşaqların digər müəllimlərə transfer olunmaları üçün xüsusi mərhələ lazımdır. İddiaçının nümayəndəsi və vəkili 26.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 22.12.2021-ci il tarixə təxirə salınmış, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh T.Səlimova məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli e-2-2(113)-2298/2021 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək cavabdeh X3 iddiaçı "xxxx" MMC-nin xeyrinə 500 manat pul, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan X6 (mütəxəssis) ilə İddiaçı MMC (mərkəz) arasında 05 sentyabr 2017-ci il tarixdə bağlanmış Birgə Əməkdaşlıq haqqında müqavilənin: - 1.1-ci bəndinə əsasən mərkəz psixoloji xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirir və mütəxəssis mərkəzdə tərəflərin bu müqavilə ilə razılaşdırdıqları haqq müqabilində psixopedaqoq fəaliyyətini həyata keçirir. - 2.2.13-cü bəndinə əsasən müqavilənin 2.2.6-2.2.10-cu bəndlərindəki şərtlərin pozulması zamanı, habelə müqavilə üzrə öhdəliklərindən birtərəfli imtina etdiyi halda, mütəxəssis mərkəzə 20.000 manat təzminat ödəməlidir. - 5.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzalandığı gündən qüvvəyə minir və 05.09.2022-ci il tarixədək qüvvədədir. İş materiallarında olan 24.12.2020-ci il tarixdə X4 İddiaçı MMC-nin direktoru X1 ünvanladığı ərizədən görünür ki, ailə vəziyyəti ilə bağlı 25.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış xidməti müqavilənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin X5 ünvanladığı 08.04.2021 pretenziya məktubundan görünür ki, sonuncudan müqavilədən birtərəfli imtina etməsi ilə əlaqədar 20.000 manat məbləğində pulun 5 gün ərzində ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən X5 03.10.2019-cu il tarixli, 32 saylı ödəniş tapşırığına əsasən 200 manat, qalan aylarda 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə cavabdeh X6 arasında 05 sentyabr 2017-ci il tarixli Birgə Əməkdaşlıq haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh T.Səlimova tərəflərin bu müqavilə ilə razılaşdırdıqları haqq müqabilində İddiaçı MMC-də psixopedaqoq fəaliyyətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin qüvvədə olma müddəti 05.09.2022-ci il tarixədək müəyyən edilmişdir. 24.12.2020-ci il tarixdə X6 İddiaçı MMC-nin direktoruna ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə bağlı 25.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış xidmət müqaviləsinin ləğv edilməsini xahiş etmiş, İddiaçı MMC X5 08.04.2021-ci il tarixdə pretenziya məktubu ünvanlayaraq sonuncudan müqavilədən birtərəfli imtina etməsi ilə əlaqədar 20.000 manat məbləğində pulun 5 gün ərzində ödənilməsi tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə üzrə münasibətlərə qanunun analogiyasından çıxış edib podrat müqaviləsinin şərtlərini tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, məhkəmə tərəflərə arasındakı münasibətlərə podrat münasibətlərini tənzimləyən hüquqi normaları tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi növü Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış, mülki qanunvericiliyin müddəalarına zidd olmayan xidmət müqaviləsinin tərəflər arasında razılaşdırılmış şərtlərinə müvafiq həll edilməlidir. Birinci instansiya məhkəməsi öz qətnaməsində müqavilənin 2.2.13-cü bəndinin Mülki Məcəllənin imperativ normalarına, eləcə də hüququn ümumi prinsiplərinə uyğun olmadığından əhəmiyyətsiz olmaqla tərəflər üçün hər hansı hüquqi nəticə yaratmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipinin tələbləri baxımından müqavilənin sözügedən şərtinə əhəmiyyətsiz şərt kimi qiymət verilməsi qanunauyğun deyildir. Bundan əlavə Mülki Məcəllədə əqdlərin və ya hər hansı şərtinin etibarsızlığının əsasları və müəyyən olunması qaydası dəqiq müəyyən olunmuşdur. Hazırkı işdə isə həmin əsaslar mövcud deyil. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.13-cü bəndində qeyd olunan kompensasiya məbləği (20.000 manat) mülki qanunvericiliyin öhdəliyin icrasının təmini üsulu kimi müəyyən etdiyi dəbbə pulu kimi qəbul edilməlidir. Belə ki, həmin məbləğ xidmət göstərənin müqavilədən birtərəfli imtina etməsi halında ödəməli olduğu təzminat, yəni cərimə məbləği olaraq müəyyən edilmişdir. Mülki Məcəllənin 462.1. -ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 423.1.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1.-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 421.1.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hazırkı işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsi barədə yazılı razılaşma yoxdur. Eyni zamanda cavabdehin 25.12.2020-ci il tarixdən müqavilənin ləğv edilməsinə dair qarşı tərəfə göndərdiyi təklifə iddiaçının razılıq verdiyi iş materiallarından görünmür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin 2.2.13-cü bəndində nəzərdə tutulan şərt X6 tərəfindən pozulduğu üçün iddiaçı dəbbə pulu tutulmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarını, X5 hər ay ən çoxu 300 manat ödənildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən öhdəliyin icrasından imtinaya görə tələb olunan 20.000 manat məbləğində cərimə (kompensasiya) həddindən artıq yüksək olduğundan azaldılaraq 500 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli e-2- 2(113)-2298/2021 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək cavabdeh X3 iddiaçı "xxxx" MMC-nin xeyrinə 500 manat pul, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli e-2-2(113)-2298/2021 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilərək cavabdeh X3 iddiaçı "xxxx" MMC-nin xeyrinə 500 manat pul, 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən elektron kabinetə yerləşdirildiyi gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar