Məhkəmə qərarları › İş №2-2(103)-1259/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1259/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1259/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1537/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1537/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7305,29 manat məbləğində sığorta haqqı, 62090,50 manat məbləğində dəbbə pulu, 1148,35 manat qaytarılmamış inventarların qalıq dəyəri, 400 manat mediasiya xərci cəmi 70944,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1537/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6771,92 manat məbləğində debitor borc və 228,08 manat cərimə cəmi 7000 manat, həmçinin 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1537/2025 nömrəli qərardadı ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1537/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli e-2-2(113)- 1537/2023 nömrəli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1537/2023 nömrəli 08 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpasından imtina edilməsi barədə qərardad qəbul edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti aktiv olmuşdur və bu, onun məhkəmənin yekun aktı barəsində məlumatlı olmasının göstəricisidir. Bundan əlavə olaraq, Cavabdeh məhkəmənin müvafiq qətnaməsindən məlumatı olmaması barədə ancaq müddətinin bərpası barədə ərizə təqdim etmişdir. Məlumatının olmamasını əks etdirən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin Cavabdeh tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək bildirilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti aktiv olmuş, lakin elektron sistemə daxil ola bilmədiyi üçün məhkəmənin müvafiq qətnaməsi ona rəsmi qaydada çatmamışdır. Cavabdeh məhkəmə elektron sisteminə daxil ola bilməməsi onun məhkəmə qətnaməsindən məlumatı olmaması demək deyildir. Bu bir daha göstərir ki, Cavabdeh məhkəmənin müvafiq qətnaməsindən məlumatlı olmuş və həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürmüşdür. Lakin bütün bu hallara baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul etməli olduğu halda, əsassız olaraq müddəti bərpa etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1537/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1537/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, 08 avqust 2023-cü il tarixli, e-2-2(113)- 1537/2023 saylı nömrəli qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. EMİS-dən çıxarışlara əsasən o da müəyyən edilir ki, Cavabdeh “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti olsa da, sistemdə qeydiyyata alınmış elektron ünvanı (e-mail), mobil telefon nömrəsi və s. yoxdur. Yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi məhkəmə sənədlərinin elektron qaydada çatdırılmış hesab edilməsi üçün onlar işdə iştirak edən şəxslərin və ya onların nümayəndələrinin “elektron kabinet”lərində yerləşdirilməklə yanaşı sonunculara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmalıdır. Hazırkı halda isə Cavabdeh elektron ünvanının (e-mail), mobil telefon nömrəsinin və s.“Elektron Məhkəmə” İnformasiya sistemində qeydiyyata alınmaması müəyyən edildiyindən qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirilməsi 135.8-ci maddəsinin tələbləri baxımından rəsmi qaydada verilmə kimi qiymətləndirilə bilməz. İddiaçının şikayətdə göstərdiyi kimi cavabdehin guya qətnamədən məlumatlı olduğu halda passiv mövqe sərgiləyərək apellyasiya şikayəti verməməsi barədə iddialar əsassızdır. Belə ki, iş materiallarına əsasən qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada alınması müəyyən edilmir. Əksinə, cavabdehin istintaq təcridxanasında olması, onun qətnamə ilə tanış olmaq və digər prosessual hüquqlarını həyata keçirmək imkanından obyektiv səbəblərə görə məhrum edildiyini ehtimal etməyə əsas verir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müddətin bərpası barədə ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1537/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar