Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-126/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: dəymiş ziyanın ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2934/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin hallarından görünür ki, iddiaçının və qardaşı X2 adından verilmiş sifariş əsasında cavabdeh tərəfindən Azərbaycan Respublikasına Çin Xalq Respublikasından 2 ədəd karton qutuda olmaqla dekorativ ağac kökləri idxal etmişdir. İddiaçı *9595 qısa nömrəsinə zəng vurmaqla daşıma şərtlərini dəqiqləşdirmiş, daşıma sifarişi cavabdehə məxsus mobil tətbiqdə qeydiyyatdan keçməklə verilmiş, xx.xx.2022-ci il tarixdə daşınacaq yük cavabdehin Çin Xalq Respublikasındakı xarici anbarına daxil olmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına çatdırılmışdır.
2. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən, 650 ədəd dekorativ ağac kolu X2, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən 1.000 ədəd dekorativ ağac kolu İddiaçı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən 1.000 ədəd dekorativ ağac kolu İddiaçı adına göndərilmişdir. Gömrük bəyannamələrinə əsasən cavabdeh tərəfindən iddiaçının özünün sifarişi əsasında daşınmış ağac köklərinin sayı 2000 ədəd, 2 bəyannamə üxrə cəmi invoys dəyəri ümumilikdə 178 dollar olmuşdur.
3. İddiaçı daşımanın razılaşdırılmış müddətdə həyata keçirilməməsi ilə əlaqədar daşınmış ağac köklərinin yararsız vəziyyətə düşdüyünü göstərərək qarşı tərəfdən dəymiş real ziyanın və əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir.
4. Dəymiş ziyanla bağlı iddiaçı tərəfindən məhkəməyə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə təqdim edilmişdir. Həmin müqaviləyə və müqaviləyə edilmiş əlavəyə əsasən iddiaçı ilə alıcı "xxxx" MMC arasında 4000 ədəd “Paulovnia Z07” tingi (ağac hündürlüyü 1,40 m) 56.000 manata satılması barədə razılıq əldə edilmişdir.
5. Daşınmış köklərin yararsız vəziyyətdə olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və X1 Laboratoriyasının xx.xx.2022-ci il tarixli sınaq protokolunu təqdim etmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə analiz üçün dekorativ bitki nümunəsi təqdim edilmiş, təqdim edilmiş nümunə analizə yararsız olmuşdur. Eyni zamanda iş materiallarına iddiaçı tərəfindən analizə görə ödənilmiş vəsaitlə bağlı qəbzlər, o cümlədən ağac köklərinin satın alınması üçün Çin Xalq Respublikasındakı şirkətə ödənilmiş vəsaitlə bağlı qəbzlər əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 67100 manat məbləğində maddi ziyanın, toxum alışı üçün ödədiyi 85 manatın, köklərin yetişdirilməsi üçün 2074 manatın, köklərin alış qiyməti olan 510 manatın, çatdırılma qiyməti 1071 manatın, gömrük xərcləri 800 manatın, qida sertifikatları və analiz üçün 280 manatın, əkin xərcləri 4100 manatın, məhkəmə rüsumu 292 manatın, gübrə 764 manatın, ümumi xırda xərclər 1125 manatın, əldən çıxmış fayda kimi 56000 manatın Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2022-ci il tarixində Çin Xalq Respublikasindan 4000 ədəd Pavlovniya ağacının kök qələm hissələrini Cavabdeh MMC daşıyıcı şirkəti vasitəsilə Azərbaycan Respublikasına idxal etmək qərarına gəlmişdir. Bununla əlaqədar Cavabdeh MMC şirkətinə məxsus *9595 nömrəsi ilə əlaqə saxlamış və daşınma şərtlərini dəqiqləşdirmişdir. Danışıqlar zamanı gətiriləcək malın xüsusiyyətləri və çatdırılma müddətinin vacib amillərdən biri olduğu şirkət əməkdaşlarına bildirilmişdir. Şirkət əməkdaşı yükün xarici anbara daxil olduğu gündən 5 gün ərzində Azərbaycana çatdırılacağını bildirmişdir. Bundan sonra verilən vədlərə inanaraq, 04 mart 2022-ci il tarixində yükün dəyərini əldə etdiyi şirkətə ödəyərək, Cavabdeh MMC-nin Çin Xalq Respublikasında yerləşən anbarına istiqamətləndirmiş, 05 mart 2022-ci il tarixində yükün şirkətin xarici anbarına təhvil verildiyi bildirilmişdir. Anbara daxil olan gündən bir neçə gün keçməsinə baxmayaraq, yükün xarici anbar statusu almadığını müəyyən etmişdir. 07 mart 2022-ci il tarixində yazılı olaraq şirkətə məlumat vermiş, 08 mart və 09 mart 2022-ci il tarixində təkrar yazdıqdan sonra, 11 mart 2022-ci il tarixində xarici anbar statusuna daxil edilmişdir. Müddət keçdikcə yükün xarab olmasını dəfələrlə bildirsə də, müraciətlərə yalançı vədlərlə cavab verilmişdir. Cavabdeh MMC şirkəti 5 gün ərzində çatdırılmanı həyata keçirəyəcəyinə söz versə də, müxtəlif bəhanələrlə yükü 30 aprel 2022-ci il tarixində, yəni 56 gün sonra Azərbaycana gətirmişdir. Cavabdeh MMC-nin bəhanələrini yoxlamaqdan ötrü mart ayında bir neçə daşıyıcı şirkətlə və hava limanı ilə əlaqə saxlayaraq, Cavabdeh MMC-nin bəhanələrinin nə dərəcədə doğru olduğunu müəyyənləşdirməyə calışmış, məlum olmuşdur ki hava limanı mart ayı ərzində hər həftə Honq-Konqdan ən azı 4 gün karqo reysləri qəbul etmişdir. Digər daşıyıcı şirkətlə ("xxxx" MMC) əlaqə saxlayıb, yükləri Azərbaycana gətirmək istəsə də, Cavabdeh MMC şirkəti yüklərin digər şirkətlə daşınmasına süni əngəl yaradaraq, yükləri digər şirkətin ünvanına göndərməkdən imtina etmişdir. Cavabdeh MMC-nin əsarətində qalmış ağac kökləri tamamilə məhv olmuş hala gəlmişdir. Əldə olunmuş tinglər yetişdirilərək 2021-ci il avqust ayında bağlanmış müqaviləyə əsasən meşəsalma ilə məşğul olan şirkətə satılmalı idi. Cavabdeh MMC şirkətinin məsuliyyətsiz davranışı nəticəsində ona maddi zərər dəymişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2934/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia rədd edilmişdir.
9. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddiaçıya zərərin dəyməsi, sifariş verilmiş malların yararsız vəziyyətə düşməsi iş materialları ilə öz təsdiqini tapmış, iddiaçı çəkdiyi xərclərlə bağlı qismən sübutlarını məhkəməyə təqdim etmiş, eləcə də cavabdeh tərəfindən etirazda göstərilən hallarla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, yüklərin olduğu 1 qutu iddiaçıya, digəri isə digər şəxsə məxsus olmuşdur, lakin iddiaçı onları ayırmayaraq, hər iki bağlamada olan yüklərə münasibətdə dəymiş zərərin ödənilməsini xahiş etmişdir.
11. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh MMC veb saytındakı daşıma və çatdırılma qaydaları bölməsində (https://limak.az/az/terms) qeyd edilmişdir ki, sifarişçi nəzərə almalıdır ki, xüsusilə tez xarab olan, yaş məhsullarının daşınmasında yaranan gecikmə ilə bağlı dəymiş zərər icraçının məsuliyyətini istisna edir. Həmçinin həmin qaydalarda aşağıdakılar göstərilmişdir: “tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə maneə ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gələn fors major hallarla bağlı tərəflər öhdəliyin icra edilməsində məsuliyyət daşımırlar. Bunlara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi, pandemiya və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişiklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.”
12. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən ona məxsus veb sayt vasitəsilə şəxslərin qeyri-müəyyən dairəsinə təklif ünvanlanmış və iddiaçı tərəfindən də həmin veb sayt vasitəsilə qeydiyyatdan keçməklə və cavabdehin xarici anbarındakı ünvanına malların sifariş verilməsi ilə (müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər etməklə) cavabdehin ofertası qəbul edilmiş, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif veb saytlardan çıxarışlardan da görünür ki, iddiaçı tərəfindən malların sifariş edilməsi zamanı Çin Xalq Respublikasında pandemiyaya görə qapanmalar elan edilmişdir.
13. Məhkəmə son olaraq bildirmişdir ki, cavabdeh veb saytındakı daşıma və çatdırılma qaydaları bölməsində xüsusilə tez xarab olan, yaş məhsullarının daşınmasında yaranan gecikmə ilə bağlı dəymiş zərərə görə icraçının məsuliyyətinin istisna edildiyini qeyd etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2934/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçıya zərərin dəyməsini, sifariş verilmiş malların yararsız vəziyyətə düşməsinin iş materialları ilə təsdiq olunduğunu qeyd etmişdir. Lakin, məhkəmə hesab etmişdir ki, yaranmış gecikmələr nəticəsində iddiaçıya vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsi ədalətli hesab edilə bilməz. Belə ki, məhkəmə cavabdehin internet informasiya portalında yerləşdirdiyi daşıma qaydaları ilə bağlı məlumatları oferta kimi qiymətləndirmiş və bununla da iddiaçının həmin ofertanın aksept etdiyi qənaətinə gəlmişdir. Lakin, məhkəmə bir şeyi nəzərdən qaçırmışdır. Belə ki, iddiaçı cavabdehə məxsus internet saytı vasitəsi ilə deyil, ona məxsus mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçmiş və daha sonra daşıma sifarişini vermişdir. Apellyasiya şikayətinə əlavə olunmuş videodan görünür ki, internet saytından fərqli olaraq mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçmiş şəxslər üçün cavabdehin öz etirazında istinad etdiyi daşıma qaydaları ilə əlaqədar hər hansı bir məlumat yerləşdirilməmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçı tərəfindən cavabdehin tətbiq etdiyi Qaydaların ona şamil edilməsi istisna olunmalıdır. Bundan başqa cavabdeh tərəfindən Çin Xalq Respublikasından gətirilən malların çatıdırlmasında yubanmaların olacağı ilə bağlı məlumatı xx.xx.2022-ci il tarixdə yerləşdirmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən satıcı şirkətlə sövdələşmə xx.xx.2022-ci il tarixdə baş tutmuş, satıcı tərəfindən mallar isə xx.xx.2022-ci il tarixdə cavabdehin xarici anbarına təhvil verilmişdir. Bu hal bir daha ona dəlalət edir ki, cavabdeh adıçəkilən malları uzun müddət öz anbarında saxlamış və tez xarab olan malların ölkə ərazisinə vaxtında çatdırılmasının təmin etməmişdir. Bundan başqa şifahi əldə edilən məlumata əsasən Çin Xalq Respublikasının Honq-Konq şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə 2022-ci ilin mart-aprel ayları üzrə hər həftə ən azı 4 gün olmaqla karqo reysləri həyata keçirilmişdir. Əgər işə baxan hakim mübahisənin tam, hərtəfəli və obyektiv şəkildə araşdırılmasında maraqlı olsa idi, o zaman “X3” MMC yə sorğu verməklə cavabdehin təqsirliliyini sübut etmiş olardı. Lakin, məhkəmə bu halı araşdırmağa təşəbbüs götərməmişdir. Biz isə bu apellyasiya şikayətini verdikdən sonra vəkil sorğusu ilə həmin hava yolları şirktinə müraciət edərək əsl həqiqəti üzə çıxarmağa çalışacağıq.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.
17. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 331.1-ci maddə- əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 406.3-cü maddə-(əvvəlki redaksiya) yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 405.2-ci maddə-müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddə-müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.2-ci maddə-şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 408.7-ci maddə-əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 850.1-ci maddə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddə- əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddə-yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 859.2-ci maddə-daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.5-ci maddə-daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. 427.1-ci maddə-əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddə-əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 445.5-ci maddə-əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.8-ci maddə-nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə-öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə- zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.4-cü maddə-borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
5.1-ci maddə-hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2-ci maddə-qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2934/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 2022-ci ilin mart ayında yük daşıma müqaviləsi bağlanmışdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının sifarişi ilə Çin Xalq Respublikasından 2000 ədəd (gömrük bəyannamələrinə əsasən) dekorativ ağac kökü idxal etmiş, yük xx.xx.2022-ci ildə Azərbaycan Respublikasına çatdırılmışdır.
22. Tərəflər arasında bağlanan müqavilənin forması ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh özünün “Limak.az” saytında və eyni adlı mobil tətbiqində daşıma şərtlərini əks etdirən “Daşıma və çatdırılma qaydalar”ı yerləşdirmişdir ki, məhkəmə tərəfindən bu MMnin 408.7-ci maddəsində nəzərdə tutulmuş ümumi oferta kimi qiymətləndirilir. Bu qaydalarla cavabdehin xidmətindən istifadə etmək istəyən müştərilər üçün standart müqavilə şərtləri müəyyən edildiyindən daşıma ilə bağlı sifariş vermiş hər bir şəxs bu ümumi ofertanı müqavilə şərtləri kimi qəbul edərək aksept etməklə ( müvafiq qeydiyyat məlumatlarını, daşınacaq yüklə bağlı və digər tələb olunan məlumatları qeyd etməklə ödənişi edərək) həmin şərtləri qəbul etmiş olur. İddiaçı apellyasiya şikayətində bu qaydaların yalnız saytda yerləşdirildiyini, mobil tətbiqdə qeydiyyatdan keçmiş şəxslərin bu qaydalarla tanış olmaq imkanı olmadığını qeyd etsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən daşıma qaydaları eyni zamanda “Limak.az” mobil tətbiqində “Məlumat” bölməsində yerləşdirilmişdir.
23. Məhkəmə kollegiyası irəli sürülmüş iddia tələbi ilə bağlı ilk əvvəl qeyd edir ki, MPM-nin 5.2-ci maddəsinə əsasən başqa şəxsin hüquqlarının müdafiəsi üçün iddia qaldırmağa yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verildiyindən, hazırkı halda isə belə bir qanuni əsas olmadığından iddiaçının qardaşı X2 adına gətirilmiş ağac köklərinin yararsız hala düşməsi ilə bağlı köklərin dəyərini və dəymiş ziyanı tələb etməyə subyektiv hüququ yoxdur.
24. İddiaçının qeyd edir ki, tərəflər arasında şifahi əldə edilmiş razılığa əsasən yükün 5 günə çatdırılacağı razılaşdırılmış, cavabdeh daşıyıcı şirkət öhdəliyin icra müddətini pozaraq yükü 56 gün sonra gətirdiyi üçün ağac kökləri yararsız vəziyyətə düşmüşdür. Ağac köklərinin analizi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və X1 Laboratoriyasının xx.xx.2022-ci il tarixli sınaq protokolundan görünür ki, köklər analiz üçün belə yararsız vəziyyətdə olmuşdur. Nəticədə laboratoriya tərəfindən analizin həyata keçirilməsi mümkün olmadığı üçün köklərin hansı səbəbdən (daşımanın yubanması və ya düzgün qablaşdırılmaması) yararsız vəziyyətə düşməsi ilə bağlı rəy verilməmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sifarişi ilə daşınmış ağac köklərinin hansı səbəbdən yararsız vəziyyətə düşməsi, dəymiş real zərərin və əldən çıxmış faydanın məbləği ilə bağlı sübutlardan əvvəl məhkəmə tərəfindən araşdırılmalı olan məsələ daşıyıcı şirkətlə iddiaçı arasında müqavilə bağlanarkən öhdəliyinin icra müddətinin konkret müəyyən edilib-edilməməsidir. İddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin öz üzərinə iddiaçıya məxsus yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına 5 gün ərzində gətiriləcəyinə dair öhdəlik götürüldüyünü təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
26. Cavabdeh iddiaya etirazında daşımanın 5 günə həyata keçirilməsi barədə cavabdehin öhdəliyinin olmadığını, daşıma qaydalarında da belə bir öhdəlik nəzərdə tutulmadığını göstərmişdir.
27. Göründüyü kimi, daşıyıcının öhdəliyinin icra müddətinin 5 gün olduğu sübutlarla təsdiq edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisə MM-nin 427.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həll edilməlidir. Həmin normaya əsasən öhdəliyin icrası müddəti təyin edilməyibsə borclu tərəfindən ağlabatan müddətdə icra edilməlidir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixdə daşıma üçün cavabdehin xarici anbarına Çin Xalq Respublikasında təqdim edilmiş yük 55 gün sonra Azərbaycan Respublikasına çatdırılmışdır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, yükün çatdırılması müəyyən səbəblərə görə gecikmiş, yəni yük nəzərdə tutulmuş çatdırılma müddətindən gec çatdırılmışdır. Deməli cavabdeh yükün ağlabatan müddətdən gec çatdırıldığını özü qəbul edir.
28. Lakin cavabdeh iddiaya etirazda yükün çatdırılmasının gecikmə səbəbi kimi, bağlamaları göndərən şirkət tərəfindən qutuların üzərində müştəri barədə məlumatların qeyd edilməməsini (nəticədə bağlamalar müştərinin hesabına yalnız xx.xx.2022-ci il tarixdə əlavə edilmişdir) və Çin Xalq Respublikasında pandemiya ilə əlaqədar uçuşlarda məhdudiyyətlərin olmasını göstərmişdir.
29. MM-nin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Qeyd edilən normaya əsasən, məhkəmə tərəfindən daşımanın gecikməsində daşıyıcının təqsirinin olub-olmadığına hüquqi qiymət verilməlidir. Cavabdeh tərəfindən etiraza əlavə edilmiş qutuların fotoşəkilləri və iddiaçı ilə həyata keçirilmiş yazışmalarla təsdiq edilir ki, xarici anbara daşıma üçün təqdim edilmiş qutuların üzərində müştərilərə aid məlumatlat dəqiq qeyd edilməmiş, hansı qutunun kimə aid olması barədə məlimatı iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə vermişdir.
30. Cavabdehin iddiaya etirazında qeyd edilənlərə əsasən yük xx.xx.2022-ci il tarixdə müştərinin hesabına əlavə edilmiş, pandemiya ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Çinin Yivu şəhərindən çıxmış, Honq-konqda baş verən hadisələrə görə uçuş reysi xx.xx.2022-ci il tarixdə baş tutmuşdur. Yükün daşınmasının pandemiya ilə əlaqədar gecəkəcəyi barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. (iş materialları 171-ci vərəq)
31. Cavabdehin “Daşıma və çatdırılma qaydaları”nda qeyd edilmişdir ki, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə maneə ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gələn fors major hallarla bağlı tərəflər öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımırlar. Sifarişçi nəzərə almalıdır ki, xüsulə tez xarab olan daşınmasında yaranan gecikmə ilə bağlı dəymiş zərər icraçının məsuliyyətini istisna edir.
32. MM-nin 443.1-ci maddəsində öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğu, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qaydanın qüvvədə olmadığı nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, daşıyıcı şirkətin daşıma qaydalarında fors major halla bağlı tez xarab olan yüklərin daşınmasında yaranan gecikmə ilə əlaqədar dəymiş zərərə görə məsuliyyəti istisna edildiyindən, pandemiya ilə əlaqədar Çin Xalq Respublikasında uçuşların dayandırılması fors major hal olduğundan iddiaçının dəymiş zərərlə bağlı iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi qanuni və əsaslıdır.
33. İddiaçının işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırılanadək və ya işə birinci instansiya məhkəməsində baxılarkən həmin şirkətə müraciət etməklə 2022-ci ilin mart-aprel aylarındakı uçuş reyslərinin sayı barədə məlumat almaq imkanına malik olduğu halda yalnız xx.xx.2023-cü il tarixdə bu barədə sorğu verdiyindən MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar əsasında mübahisə düzgün həll edildiyindən apellyasiya şikayəti əsassız hesab edilir.
34. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2934/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2934/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir