Məhkəmə qərarları › İş №2-2(103)-1261/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1261/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1261/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3345/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 11.691,60 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmənin təxirə salınması ilə bağlı ərizəni məhkəmə iclası başlamamışdan təxminən bir saat əvvəl elektron məhkəmə sisteminə əlavə etmiş və bu qısa zaman ərizədə hansısa bir sübutdan çıxış edərək məhkəmənin təxirə salınmasına dair ərizəyə qoşma kimi əlavə etməyi də mümkün olmazdı. Lakin həmin vaxt səhhətində problem yaranmış, sağ qolunun demək olar ki, xeyli hissəsi allergiya vermiş, bundan əlavə, başgicələnmə yaranmışdır. Ona görə də nəinki məhkəməyə getməyi, heç evdən çıxmağı da mümkün olmamışdır. Bundan sonra ilkin tibbi yardımdan sonra səhhəti normallaşmış və növbəti günü işinə davam etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən görünür ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə iclası 14.09.2021-ci il tarixə saat 12:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı (onun vəkili və nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə üzrlü səbəblərə dair sübut əlavə olunmamış, məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. İddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu ərizə ilə müraciət edərək, əvvəlki - 03.09.2021-ci il tarixə saat 12:00-a təyin edilən məhkəmə iclasında da üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və ərizəyə yenə üzrlü səbəblərə dair sübutlar əlavə etməmişdir. İddiaçının özü də hər iki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. MPM-in 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının vəkili və nümayəndəsi şikayətdə məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak etmədiyini bildirsə də, bununla bağlı sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmiş, sözügedən sübutları şikayətə də əlavə etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3345/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar