Məhkəmə qərarları › İş №2-2(103)-1262/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1262/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1262/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: göndərmə (alqı-satqı) müqaviləsi, öhdəliyin icra olunması, pulun tutulması X1 Qocayevin sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4452/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 29 oktyabr 2024-cü il tarixli, ACO/29.10.24/MZİ nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən, “Satıcı” heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarını (gələcəkdə yem adlandırılacaqdır) “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin “yemləri” qəbul edib, əvəzində bu müqavilənin şərtləri əsasında vaxtında alınmış “yemlərə” dair müvafiq ödənişləri aparmağı öz öhdəsinə götürür; - 1.2-ci bəndinə əsasən, Alıcı hər partiya üzrə Satıcıdan almaq istədiyi Mala dair məlumatları sifariş verir, Satıcı ilə alınacaq Malın adı, təsnifatı, çeşidi, markası, miqdarı, tara və qablaşdırması, eləcə də arzu olunan təchizat müddəti və digər xüsusiyyətləri barədə sifariş formasında (bundan sonra “Sifariş vərəqəsi”adlandırılacaq) razılığa gəlir. Alıcı tərəfindən Sifariş vərəqəsinin göndərilməsi, elektron poçt (e-mail), telefon, fax və digər rabitə vasitələri ilə həyata keçirilə bilər; - 2.1-ci bəndinə əsasən, bu müqavilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və xx.xx.2025-cü il tarixədək qüvvədədir. Hər bir halda müqavilə tərəflərin müqavilə ilə öz üzərinə götürdükləri öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər biri digərini müqavilənin xitamı ilə əlaqədar 30 (otuz) təqvim günü qabaqcadan xəbərdarlıq məktubu verməzsə, müqavilə növbəti il üçün uzadılmış hesab olunur; - 2.3-cü bəndinə əsasən, ödəniş “Satıcı” tərəfindən malların “Alıcı”ya qaiməfaktura əsasında təqdim edildiyi gündən, “Alıcı” tərəfindən gecikmələrə yol verilmədən 45 (qırx beş) təqvim günü ərzində tam ödənilməlidir. Ödənişlər tərəflərin yazılı razılaşmasına əsasən hissə-hissə də həyata keçirilə bilər; - 2.5-ci bəndinə əsasən, Alıcı” (2.3 bəndində göstərilən müddəti keçərsə) ödənişlərin gecikdirilməsinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş gün üçün 0.5% dəbbə pulu (cərimə) tətbiq olunur; - 2.7-ci bəndinə əsasən, “Satıcı” ilə “Alıcı” arasında yaranmış borc öhdəlikləri hər ay (ən geci 2 aydan bir) üzləşmə aktı ilə təsdiqlənir və hesablaşma üçün əsas sənəd kimi qəbul edilir.

2. İddiaçı ASC tərəfindən Cavabdeh 29 oktyabr 2024-cü il tarixli müqavilə üzrə MT2503 seriyalı, 10092584 nömrəli, xx.xx.2025-ci il tarixli 247 171 manat, MT2502 seriyalı, 10048018 nömrəli, xx.xx.2025-ci il tarixli 15 000,3 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

3. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 740 manat və xx.xx.2025-ci il tarixli qəbzə əsasən isə 920 manat məbləğində pul İddiaçı ASC-yə ödənilmişdir.

4. “Borc məbləğinin müəyyən edilməsi haqqında” xx.xx.2025-ci il tarixli aktda Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-dən 259512 manat dəyərində malın götürüldüyü və 259 512 manat borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh aktla tanış olmuş və onu imzalamışdır.

5. Cavabdeh İddiaçı ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə əsasən ASC-yə 259 512 manat məbləğində borcu olduğunu etiraf etmiş və borcu ödəməsi üçün xx.xx.2025-ci il tarixədək möhlət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 259 512 manat borc və 41 575 manat dəbbə pulu və 591 manat olmaqla, ümumillikdə 301 678,09 manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik pozularaq ödənişlərin verilməsində gecikmələr olduğundan xx.xx.2025-ci il tarixli elektron qaimə-faktura təsdiq edildiyi gündən 45 gün ərzində gecikmələr yarandığından 17 mart 2025-ci ildən 17 may 2025-ci ilə kimi 60 gün x 0.5% x 15 000 = 4500 manat dəbbə pulu yaranmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixli elektron qaimə-faktura faktura təsdiq edildiyi gündən 45 gün ərizində gecikmələr yarandığından 18 aprel 2025-ci ildən 18 may 2025-ci ilə kimi 30 gün x 0.5% x 247 171 = 37 075 manat dəbbə pulu yaranmışdır. Ümumilikdə isə 41575 manat dəbbə pulu hesablanmışdır. Yekun olaraq Cavabdeh 262 171 manatlıq elektron qaimə-faktura göndərilmiş və şəxs tərəfindən 2660 manat ödəniş olunduqdan sonra 259 512 manat borcu qalmışdır. Beləliklə, tərəflər arasındakı alqı-satqı əməliyyatları üzrə cavabdehin Cəmiyyətə 259 512 + 41.575 AZN daxil olmaqla cəmiyyətə 301 087 manat borcu qalmışdır.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbi üzrə 257 012 manat borc və 41 575 manat dəbbə pulu və 591 manat olmaqla, ümumillikdə 299178 manat məbləğində pulun Cavabdeh tutularaq “ A+CO” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4452/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 257 012 manat məbləğində əsas borc, 7 000 manat məbləğində dəbbə pulu və iddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə 556 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

10. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə, cavabdehin əsas borca dair etirafını və müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə əlavə olaraq dəbbə pulu ödəməli olduğunu nəzərə alaraq, iddia tələbinin dəbbə pulu hissəsində qismən təmin edilməklə cavabdehdən 257 012 manat əsas borc və 7 000 manat məbləğində dəbbə pulu, həmçinin tələbin təmin edilən hissəsinə münasibətdə 556 manat dövlət rüsumunun tutulmasını məqsədəuyğun hesab etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4452/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayət verilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 259 512 manat dəyərində malın cavabdehə verilməsini sübut edə bilməmişdir. İşə baxan məhkəmə cavabdehin “iddia tələbini qəbul edirsən” sualının mahiyyətini bilməməsinə baxmayaraq, iddia tələbini təmin etmişdir. Tələb edilən dəbbə pulu hissəsində məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəməyə yalnız tənasübsüz surətdə yüksək olan hallarda dəbbə pulunu azaltmaq səlahiyyəti verir. Bu səlahiyyət müstəsna xarakter daşıyır və onun tətbiqi üçün məhkəmə tərəfindən konkret halların obyektiv təhlili aparılmalı, həmçinin kreditorun əmlak və əsaslı mənafeləri qiymətləndirilməlidir. Halbuki, birinci instansiya məhkəməsi bu meyarları nəzərə almadan yalnız dəbbə pulunun məbləğini yüksək hesab etmiş, lakin tənasübsüzlüyün konkret meyarlarını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən borcun yaranmasına əsas olan qaimə fakturalar olmadığı təqdirdə əsassız hesablanmış borca görə 9 ay müddətinə tələb edilən dəbbə pulundan 7000 manat tələb etməsi əsassız və qanunsuzdur. Göründüyü kimi, iddia tələbi barədə iddiaçı tərəfindən mötəbər sübutların təqdim edilməməsinə baxmayaraq, məhkəmə qəbul etdiyi qətnamə ilə işin faktiki hallarını iddiaçının xeyrinə təhrif etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tələb etdiyi pulu məhkəmə iclasında sübut edə bilməmiş və işə baxan məhkəmə bunları nəzərə almadan külli miqdarda pulun cavabdehdən tutulmasını qət etmişdir. Göstərilənlərə əsasən mübahisələndirilən qətnamənin ləğv edilib, iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ... Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. ...

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. İddia qismən təmin edilsə də, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdehin şikayəti qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Tərəflər arasında heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarının alqı-satqısına dair bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və müqavilənin predmeti olan mal (yem məhsulları) cavabdehin sahibkarlıq fəaliyyətində istifadə etməkdən ötrü verildiyindən bu müqavilə alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi hesab olunur (Mülki Məcəllə, maddə 627.1).

25. Həmin müqavilə üzrə iddiaçı tərəfindən yem məhsulları cavabdehə təqdim edilmiş, malların qiymətinin ödənilməsi üçün ümumi məbləği 262 171 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. Cavabdeh məhkəməyədək 2660 manat, birinci instansiya məhkəməsində icraat zamanı isə 2500 manat ödəniş etsə də, geriyə qalan 257 012 manat məbləğində borcu iddiaçıya ödəməmişdir (§§ 2, 3).

26. Cavabdeh apellyasiya şikayətində iddiaçının ona tələb edilən dəyərdə mallar verdiyini sübuta yetirə bilmədiyini, hüquqi savadının olmamasına görə iddia tələbini qəbul etməyin mahiyyətini başa düşmədiyini, borcun yaranmasına əsas olan qaimə-fakturalar olmadığı halda dəbbə pulunun əsassız hesablandığını və məhkəmənin dəbbə pulunu azaldarkən tənasübsüzlüyün konkret meyarlarını əsaslandırmadığını göstərmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Müqavilə üzrə malların iddiaçı tərəfindən cavabdehə verilməsi borc məbləğinin müəyyən edilməsi barədə aktla (§ 4) təsdiq edilir. Cavabdeh bu aktda, habelə birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında iddiaçıya tələb edilən miqdarda borcu olduğunu etiraf etmiş, məhkəmə icraatı zamanı borcdan müəyyən məbləğlərdə ödəniş etmişdir. Eyni zamanda iddiaçıya müraciət edərək borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir (§ 5). Göründüyü kimi apellyasiya şikayətinin əsas borca dair hissədə dəlilləri əsassızdır.

28. Şikayətin dəbbə pulunun tutulmasının qanunsuz olması barədə dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndində alıcı tərəfindən ödənişin gecikdirilməsinə görə hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0,5 faizi həcmində dəbbə pulunun ödənilməsi razılaşdırılmışdır. Dəbbə pulunun tutulması barədə tərəflər arasında yazılı razılaşma olduğundan, cavabdehin isə öhdəliyin icrasını gecikdirməsi sübuta yetirildiyindən dəbbə pulunun tutulmasının əsassız olması barədə şikayətin dəlili öz təsdiqini tapmır.

29. Tələb edilən dəbbə pulu miqdarı müqavilə şərtlərinə əsasən hesablanmışdır. xx.xx.2025-ci il tarixli elektron qaimə-faktura üzrə ödəniş müddəti (45 gün) 17 mart 2025-ci il tarixdə başa çatmışdır. Bundan sonra iddianın verildiyi günə qədər 15 000 manat pulun ödənilməsi 60 gün gecikdirilmişdir. xx.xx.2025-ci il tarixli elektron qaimə-faktura üzrə ödəniş müddəti 18 aprel 2025-ci ildə başa çatmışdır. Bu elektron qaimə-faktura üzrə 247171 manat pulun ödənilməsi 30 gün gecikdirilmişdir. Müvafiq məbləğlərin 0,5 faizinin gecikmə günlərinin sayına nisbətinin cəmi 41575 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən bu məbləğ tənasübsüz hesab edilərək azaldılmış və 7000 manat müəyyən edilmişdir.

30. Məhkəmənin dəbbə pulunu azaldarkən tənasübsüzlüyün konkret meyarlarını əsaslandırmamasına gəldikdə isə qeyd edilir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılması məhkəmənin müstəsna səlahiyyətidir və yalnız tələb edilən dəbbə pulunun tənasübsüz dərəcədə yüksək olması müəyyən edildikdə tətbiq edilə bilər. Tənasüb müəyyən edilərkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 41 575 manat məbləğində dəbbə pulu cavabdehin xeyrinə olmaqla əhəmiyyətli dərəcədə azaldılaraq 7 000 manat müəyyən edilmişdir. Bu hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən dəbbə pulunun azaldılmasının əsaslılığı və ya həcmi apellyasiya baxışının predmeti deyildir. Cavabdeh isə Mülki Məcəllənin 467-ci maddəsinin tətbiqi üçün zəruri olan və artıq tətbiq edilmiş azaldılmadan əlavə olaraq dəbbə pulunun açıq-aşkar tənasübsüz yüksək olduğunu təsdiq edən hər hansı əsaslı hal və sübut təqdim etməmişdir. Əksinə, müəyyən edilmiş 7 000 manat dəbbə pulu əsas borcun məbləği və öhdəliyin icrasının gecikdirilməsi müddəti nəzərə alındıqda ağlabatan və proporsional hesab olunur, bu səbəbdən də dəbbə pulunun daha artıq azaldılması üçün hüquqi əsas mövcud deyildir.

32. Cavabdehin birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməsinin hüquqi nəticələrini başa düşmədiyinə dair dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianı cavabdehin etirafına əsasən deyil, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq qismən təmin etmişdir. Bu baxımdan, cavabdehin şikayətinin bu dəlilinin araşdırılmasına zərurət yoxdur.

33. Beləliklə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4452/2025 saylı nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar