Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1266/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4546/2021 nömrəli iş üzrə 14 sentyabr 2021ci il tarixli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 07.06.2021-ci il tarixli 105 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4.543 manat məbləğdə əsas borcun, 5.000 manat dəyərdə vurulmuş maddi ziyan məbləğinin, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin, 100 manat mediasiya xərclərinin və 31 manat ödənilmiş dövlət rüsumunun, cəmi 9.824 manat məbləğdə vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə də təqdim edərək, cavabdehə məxsus "xxxx" Kommersiya Bankı ASC-nin “Biznes Mərkəzi” filialında olan bank hesablarına iddia tələbi həcmi miqdarında, yəni 9.724 manat miqdarda həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdehə məxsus "xxxx" Kommersiya Bankı ASC-nin “Biznes Mərkəzi” filialında olan bank hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial) ödənilməsinə məhdudiyyət qoyulmadan 9.724 manat həddində həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, bank hesabına həbs qoyulduğundan cavabdeh bir sıra mühim işlərini həll edə bilmir. Bakı Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.1. birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə. Məhkəmə kollegiyası bildirir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, müvəqqəti təminat tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Müvəqqəti təminat tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” İşin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri barədə ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən əsaslandırılmamışdır. Ərizədən, eləcə də qərardaddan aydın olmur ki, cavabdehin bank hesabı üzərinə həbs qoyulmazsa, qətnamənin icrası gələcəkdə hansı qaydada çətinləşə və ya qeyri-mümkün ola bilər. Cavabdehin qətnamənin icrasını gələcəkdə təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmaması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da cavabdehin belə bir iqtisadi imkana malik olmadığını irəli sürmür. Halbuki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhz belə bir zərurətlə bağlı əminlik olmalıdır ki, bank hesablarının üzərinə həbs qoyulmasının indiki mərhələdə cavabdeh üçün əsassız ağır yükə çevrilmədən mütənasibliyə cavab verdiyi, başqa ifadə ilə, belə bir tədbirin MPM-in 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olması və qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmədiyi sual doğurmur. Bu mənada, müvəqqəti təminat tədbirinin iddiaçının bilavasitə MPM-157.2-ci maddəsində təsbit olunan hüquqlarının qorunmasına yönəldiyi, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu (MPM-in 157.5.2ci maddəsi), müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmağın mümkün olmadığı ərizədə əsaslandırılmalı idi (MPM-in 157.5.1-ci maddəsi). Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli (MPM-in 398.0.2-ci maddəsi), cavabdehin şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4546/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş birinci instansiya məhkəməsinə göndərilsin. Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1266/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1266/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver