Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1267/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2755/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 11.11.2016-ci il tarixli 0032XF-GM/16 nömrəli “Ehtiyat hissələrinin satışı müqaviləsi”nə əsasən 209.647,05 manat məbləğdə əsas borcun, 11.069,36 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, toplam 220.746,41 manat məbləğdə vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 209.647,05 manat, 5.000 manat cərimə borcu olmaqla, cəmi 214.647,05 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tamamilə rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə tərəflər arasında bağlanmış 11.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin müddətinin 11.11.2017-ci il tarixdə başa çatdığını nəzərə almamışdır. Sonradan müqavilə müddətinin uzadılması ilə bağlı hər hansı razılaşma olmamışdır. Buna görə də sonradan aparılan alqı-satqı əməliyyatlarına 11.11.2016-ci il tarixli müqavilənin şərtləri tətbiq oluna bilməzdi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında 11.11.2016-ci il tarixli 0032XF-GM/16 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə nəzərdə tutulan mallar satıcı iddiaçı tərəfindən alıcı cavabdehə verilmiş, 12.01.2021-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən 31.12.2020-ci il tarixə cavabdehin iddiaçıya kreditor borcunun məbləği 209.647,05 manat təşkil etmiş, Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 43, 44, 47-56, 56/1, 57-62 nömrəli 19 ədəd aktla 08.08.2019- 19.10.2020-ci il tarixlərdə ƏDV daxil, 5.039,92, 25.744,79, 18.789,87, 14.709,88, 10.569,97, 18.375,05, 6.780,02, 3.000,03, 600,01, 14.595,16, 5.985,05, 12.840,01, 12.420,21, 17.370,17, 6.105,08, 8.610,11, 27.298,83, 15.541,35 və 14.136,01 manat dəyərdə mallar satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən qəbul edilmiş, Müqavilə, Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı və Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktlar tərəflərin səlahiyyətli imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2.5.-ci maddəsinə əsasən alıcı əlavədə göstərilmiş malların dəyərinin 50% hissəsini əvvəlcədən, digər 50% hissəsini isə malların təhvilindən sonra nağd və ya köçürmə yolu ilə 30 iş günü ərzində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şifahi alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, tərəflər arasında bərqərar olmuş işgüzar adətlərə uyğun olaraq malların təhvilindən sonra nağd və ya köçürmə yolu ilə 30 iş günü ərzində icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yarana borcunu iddiaçıya ödəməlidir. Bu mənada apellyasiya şikayətinin alqı-satqı müqaviləsinin müddətinin 11.11.2017ci il tarixdə başa çatması barədə dəlili əsaslı deyil. Belə ki, Mülki Məcəllə alqı-satqı müqaviləsinin mütləq yazılı formada bağlanmasını tələb etmir. Odur ki, 08.08.2019- 19.10.2020-ci il tarixlərdə cavabdehə malların təhvil verilməsi ilə bağlı tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin münasibətlərə Mülki Məcəllənin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları tətbiq edilir. Birinci instansiya məhkəməsinin cavabehdən 5.000 manat cərimə borcunun tutulması ilə əlaqədar gəldiyi nəticə isə düzgün olmamışdır. Belə ki, iddiaçı bu tələbini 11.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 4.1.3-cü bəndi ilə əsaslandırır, lakin adıçəkilən müqavilə 1 il müddətə bağlandığından, cavabdehə malların təhvil verildiyi 08.08.2019-19.10.2020-ci il tarixlərdə qüvvədə olmamışdır. Başqa sözlə, iddiaçının cərimə məbləğini cavabdehdən tələb etməsi üçün qüvvədə olan müqavilə şərti artıq mövcud deyildi. MPM-in:
53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır; 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. İstinad olunan normaların tələbinə görə, iddiaçı cərimə borcu tələbini faktiki cəhətdən müqavilə şərti ilə əsaslandırdığı və birinci instansiya məhkəməsi də məcburi olaraq iddianın faktiki əsası kimi həmin hüquqi fakta qiymət verdiyi üçün, hazırkı apellyasiya baxışında Mülki Məcəllə ilə nəzərdə tutulan digər əsaslardan çıxış edilərək, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə əlavə vəsaitlərin tutulması məsələsi müzakirə oluna bilməz. Bu o halda mümkün ola bilərdi ki, iddiaçı konkret faktiki əsas göstərmədən ümumi qaydada pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə ona vurulan zərəri tələb edərdi. Belə bir hal mövcud olmadığı üçün, iddia cərimə borcunun tutulması hissədə rədd edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli Qərarında göstərmişdir ki, “Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.”
MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə cərimə borcu qismən təmin hissədə qanunsuz və əsassızdır, cavabdehin apellyasiya şikayəti həmin hissədə qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli, eyni hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia sözügedən hissədə rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2755/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi qismən - 5.000 manat cərimə borcunun tutulması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova