Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1267/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3347/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ABE 0222/23 saylı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 24 843,44 manat məbləğində pulun və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3347/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. xx.xx.2025-ci il tarixdə həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, , e-2-2(113)-3347/2025 saylı qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmışdır xx.xx.2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə yenidən apellyasiya şikayəti və müddətin bərpası ərizə təqdim edərək məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3347/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsini və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3347/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3347/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, hakim qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Hazırkı iş üzrə müddətin bərpasına dair qərardadda cavabdeh tərəfindən müddətin üzrlü səbəblə buraxılması barədə heç bir sübut təqdim edilməyib. Məhkəmə isə fakt və sübut təqdim edilmədən, əsassız olaraq müddəti bərpa edib. Nəticədə, birinci instansiya məhkəməsi AR MPM-in 9.3-cü maddəsini pozaraq müddətin bərpasına dair qərardadı əsassız və qanunsuz qəbul etmişdir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu müddət qanunla müəyyən olunmuş imperativ normadır və üzrlü səbəb olmadan onun bərpası yolverilməzdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən təqdim olunan ikinci apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitdikdən sonra verilmişdir. Bu halda müddətin ötürülməsi artıq cavabdehin öz prosessual yanlış davranışının nəticəsi kimi qiymətləndirilməlidir və bu hal mövcud qanunvericiliyə görə üzrlü səbəb hesab edilə bilməz. Çünki müddətin ötürülməsi tərəfin öz iradəsindən asılı olmayan, qarşısı alına bilməyən hüquqi və faktiki maneələrlə bağlı olmalıdır. Qanunvericilikdə isə qüsur səbəbilə geri qaytarılmış şikayətin yenidən verilməsi özlüyündə müddəti uzadan əsas kimi nəzərdə tutulmamışdır. Beləliklə, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün qoyulmuş müddəti buraxması MPM-nin 360-cı maddəsinin tələblərinə zidd olub, bu maddənin mütləq xarakteri nəzərə alınmaqla, müddətin bərpası barədə qərar əsassız hesab edilməlidir. Apellyasiya şikayətinin MPM-in tələblərinə uyğun tərtib edilməməsi səbəbilə geri qaytarılması şikayət verən tərəfin öz prosessual öhdəliklərinə riayət etməməsinin nəticəsidir və belə hal tərəfin iradəsindən asılı olmayan maneə kimi qiymətləndirilə bilməz. Qanunvericilik gecikdirilmiş prosessual hərəkətlərin üzrlü səbəblərlə əsaslandırılmasını tələb edir və məhz bu səbəblər sübuta yetirilərsə müddətin bərpası mümkündür. MPM-in 363-cü maddəsi yalnız apellyasiya şikayətinin ümumi qaydada yenidən verilməsi imkanını nəzərdə tutur, lakin bu norma prosessual müddətin uzadılması və ya yenidən başlanması üçün hüquqi əsas yaratmır. Yəni şikayət verənin öz prosessual davranışından irəli gələn səbəblərlə müddətin buraxılması üzrlü hesab edilə bilməz və müddətin bərpası tələbini təmin edə bilməz. Bu səbəbdən, cavabdehin davranışı nəticəsində ötürülən müddətin bərpası üçün əsasa yer olmadığı halda məhkəmə tərəfindən müddətin bərpası barədə qərar verilməsi qanunla ziddiyyət təşkil edir. Bu maddəyə əsasən başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yol verilməzdir və qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə cavabdeh müddətin bərpası barədə ərizəsini məhkəmə qərarının icrasını əsassız şəkildə irəli sürmüşdür. Çünki apellyasiya şikayətinin verilməsi üçün qanuni müddət artıq bitmişdir, müddətin buraxılması ilə bağlı üzrlü səbəblər sübuta yetirilməmişdir və buna baxmayaraq ilkin şikayətin qaytarılmasından sonra təkrar və hətta gecikdirici (20 gün sonra müddətin bərpası ilə bağlıməhkəməyə ərizə təqdim etmişdir) müraciət edərək prosessual müddəti formal olaraq uzatmağa cəhd etmişdir. Qanunvericilikdə müddətin bərpa olunması barədə ərizənin verilməsi üçün konkret müddət müəyyən edilməməsinə baxmayaraq, prosesi süni şəkildə uzatdığını nümayiş etdirircəsinə 20 gün sonra müraciət etmişdir. Halbuki apellyasiya şikayəti üzrə əsaslarının möhkəmliyindən və qətiyyətliliyindən əmin olsaydı, ən qısa zaman ərzində müvafiq tələblərə uyğunlaşdıraraq yenidən təqdim edərdi. Sonuncu təqdim edilən apellyasiya şikayətinin belə müvafiq tələblərə cavab verib-verməməsi şübhəlidir. Beləliklə, cavabdehin bu cür prosessual davranışı icraatın süründürülməsinə yönəlmiş müdaxilə olmaqla, müddətin bərpası barədə qəbul olunmuş qərardadın qanunauyğunluğunu istisna edir. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə müddətin bərpası barədə qərar verərkən müddətin buraxılması səbəblərinin üzrlü olub-olmadığını qiymətləndirməlidir. Bu isə yalnız sübuta yetirilmiş hallara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Cavabdeh tərəfindən isə müddətin buraxılmasına səbəb kimi göstərilən amillər nə sübutlarla təsdiq edilmiş, nə də məhkəmə tərəfindən obyektiv araşdırılmışdır. Cavabdeh isə sadəcə apellyasiya şikayətinin geri qaytarıldığına istinad edərək, prosessual müddətin uzadılması üçün müraciət etmişdir. Şikayətin geri qaytarılması əsası da məlum olduğu kimi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməməsi idi. Lakin cavabdehin kifayət qədər zamanı var idi ki, müvafiq qətnamədən şikayətin həm məzmun, həm də forma olaraq formalaşdırsın. Həmçinin şikayətin prosessual müddətin son günündə təqdim edilməsi cavabdehin məhkəmə mübahisəsinin həllinə etinasız yanaşmasını göstərir. Cavabdehin prosessual müddətin bərpası ərizəsində Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi “həmin halların mövcudluğunun prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmaması, onun özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxması, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətməsi və ya məhdudiyyət yaratması” meyarlarından söhbət belə gedə bilməz. Məhkəmə isə bu halları araşdırmadan və hərtərəfli hüquqi qiymətləndirmə olmadan müddətin bərpa olunmasını təmin etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3347/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3347/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli, e-2- 2(113)- 3347/2025 saylı nömrəli qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmişdir. Cavabdeh qətnamədən şikayəti birinci dəfə xx.xx.2025-ci il tarixdə - 1 aylıq prosessual müddəti buraxmadan EMİS-ə yükləmiş, lakin həmin şikayət apellyasiya şikayətləri üçün MPM-ə əlavə kimi təsdiq edilmiş “Apellyasiya şikayətinin forması”na uyğun olmadığından məhkəmə tərəfindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixdə yenidən qətnamədən apellyasiya şikayətini və şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə tərkibi cavabdeh qətnamədən apellyasiya şikayətini birinci dəfə prosessual müddətə riayət etməklə verdiyini, eləcə də şikayətin geri qaytarılması barədə qərardadda göstərilmiş nöqsanları aradan qaldırmaqla qısa müddət ərzində apellyasiya şikayətini yenidən məhkəməyə təqdim etdiyini nəzərə alaraq hesab edir ki, şikayətin verilmə müddəti cavabdeh tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3347/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1267/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1267/2025
19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver