Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-127/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-67/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qrunt sularına görə cavabdehə 2016-cı ildə ödənilmiş 1772,40 manat, 2018-ci ildə ödənilmiş 5372 manat vəsaitin, həmin vəsaitlərin qanunsuz olaraq saxlanılmasına görə illik 17 faiz dərəcəsi ilə 1215 manat dəyən zərərin, 30 manat məhkəmə rüsumunun, cəmi 8389,40 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması və qrunt sularının ümumi şəhər təsərrüfatına aid kanalizasiya şəbəkəsinə axıdılması üçün əlavə vəsaitin hesablanmamasının və tutulmamasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-67/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı qrunt sularının ümumi şəhər təsərrüfatına aid kanalizasiya şəbəkəsinə axıdılması üçün əlavə vəsaitin hesablanmamasının və tutulmamasının cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-67/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, “İddiaçıs” MMC ilə Cavabdeh ASC arasında xx xxxxxxx 2013-cü il tarixli, 012762 saylı su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə bağlanılmışdır. “İddiaçıs” MMC tərəfindən istifadə edilmiş su ilə yanaşı, qrunt suları da d=50 mm-lik boru vasitəsi ilə birbaşa Cavabdeh ASC-yə məxsus kanalizasiya şəbəkəsinə axıdılmışdır. Qrunt suyu sayğacdan keçmədiyi üçün və birbaşa kanalizasiya şəbəkəsinə axıdıldığı üçün onun həcmi əlavə olaraq ayrıca hesablanmış və cavabdeh tərəfindən iddiaçıya 2016-cı il üzrə 1772,40 manat, 2018-ci il üzrə 5372 manat borc hesablanmış və həmin borc “İddiaçıs” MMC tərəfindən tam ödənilmişdir. İddiaçı bildirir ki, o, qrunt sularından istifadə etmədiyi üçün kanalizasiya şəbəkəsinə axıdılması üçün cavabdehə hər hansı vəsait ödəməməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Sudan istifadə qaydalarının” 4 nömrəli əlavəsinə görə qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılması müddəti 4 saat qəbul edilir. Beləliklə, iddiaçı tərəfindən "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin istismarında olan kanalizasiya şəbəkəsinə axıdılmış qrunt suyuna görə xidmət haqqının alınması əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, ödənilmiş pul vəsaitlərinin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Lakin hazırki işdə bu əsaslar müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.25-ci bəndinə əsasən kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içməli suyun həcmi ilə bərabər götürülür. Həmin Qaydalara 2 nömrəli əlavədə qeyd olunan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Həmin Qaydalara 4 nömrəli əlavənin qeyd hissəsinə əsasən qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi kanalizasiya şəbəkəsinə birbaşa axıdılan qrunt suyu ilə sayğacdan keçən suyun həcminə görə müəyyən edilən tullantı sularının hesabatı ayrıca aparılır və qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Hazırki işdə də mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı tərəfindən qrunt suları kanalizasiya şəbəkəsinə axıdılmış və bunun üçün yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq borc ayrıca hesablanmış və iddiaçı tərəfindən tam ödənilmişdir. Göründüyü kimi qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılması üçün yaranmış borc cavabdeh tərəfindən düzgün hesablanmış və ona görə də, iddiaçı tərəfindən həmin borcun ödənilməsi cavabdehin əsassız varlanmasına səbəb olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia tələbləri rədd edilməlidir. Eyni zamanda cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin mövcudluğu müəyyən edilmədiyinə görə iddiaçının Mülki Məcəllənin 21, 443 və 449-cu maddələrinə əsasən zərər kimi faiz məbləğinin tutulması barədə tələblərin irəli sürməsi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-67/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-127/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-127/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver