Məhkəmə qərarları › İş №2-2(103)-127/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-127/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-127/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən İddiaçı MMC-nin İmişli İnnovasiya filialına məxsus müəssisənin enerji təchizatı sisteminə baxış keçirmiş, bu barədə 012506 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, sayğaca baxış zamanı elektrik sayğacının axan yükü düzgün qeyd etmədiyi, “Uc” fazasında quraşdırılmış cərəyan transformatorunun komputer məlumat bazasında k=300/5=60 olduğu halda, faktiki yerində k=400/5=80 olduğu qeyd edilmişdir. Akt əsasında iddiaçıya 51.521,5 manat borc hesablanmışdır.

2. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə ünvanlanan xx.xx.2022 tarixindən xx.xx.2022-ci il tarixinədək istifadə olunan elektrik enerjisi haqqının ödənişinə dair çıxarışdan məlum olur ki, "xxxx" MMC-nə 51.521,5 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabat fakturadan görünür ki, bu borc xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 13 may 2022-ci il tarixli 012506 saylı akt əsasında iddiaçıya itirilmiş elektrik enerjisinin bərpasına görə əsassız hesablanmış 51521,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC İddiaçı MMC-nin “İmişli- İnnovasiya” filialına 23 may 2022- ci il tarixli 01-01/181 saylı məktub ilə müraciət edərək, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 13 may 2022-ci il tarixli 012506 saylı aktın tərtib olunmasını bildirmişdir. Səbəb olaraq isə, guya elektik sayğacı axan yükü düzgün qeyd etmədiyi üçün, itirilmiş elektrik enerjisinin bərpasına görə iddiaçıya əsassız olaraq 51521,50 manat vəsait hesablanmışdır. Halbuki, xx.xx.2022 tarixində cavabdehin nümayəndələri tərəfindən sayğacın sxemi yoxlanılaraq, tərtib edilmiş 248355 saylı “Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” akta əsasən, sayğacın saz olması öz əksini tapmışdır. Eyni zamanda iddiaçının nümayəndələri tərəfindən sayğaca müdaxilə edilməsi mümkünsüzdür, çünki sözü gedən uçot hesabat dəstinin yerləşdiyi bölmə cavabdeh "xxxx" ASC-nin balansında yerləşən 330/230/110/35/10 kV-luq Y/stansiyada yerləşir və oraya kənar şəxslərin ümumiyyətlə girişi qadağandır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda may ayı üzrə elektik enerjisinin sərfiyyatına görə 59951,40 manat hesablandığı, aprel ayı üzrə isə qalıq borc 13191,36 manat olaraq göstərilmişdir. May ayı üzrə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 59951,40 manat xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Əlavə olaraq aprel ayı üzrə 13191,36 manat məbləğində qalıq borc 18 may 2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilmişdir. Lakin, buna baxmayaraq, cavabdeh iddiaçıya ünvanladığı 23 may 2022-ci il tarixli məktubunda elektrik enerjisinin sərfiyyatına görə iddiaçının aprel ayı üzrə cavabdehə 13191,36 manat qalıq borcunun olduğunu bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda yaranmış debitor borcun, o cümlədən 13 may 2022-ci il tarixli 012506 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpasına görə hesablanmış 51521,50 manat vəsaitin xx.xx.2022-ci il tarixinədək ödənilmədiyi təqdirdə, iddiaçının filialına elektrik enerjisinin verilişinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması iddiaçının istehsal prosesini çətinləşdirərək, gələcəkdə iddiaçıya külli miqdarda zərər vurulmasına səbəb olacaq. İddiaçının “İmişli İnnovasiya” Filialının ərazisində 2022-ci il mövsümü üzrə 525 ha sahədə arpa, 400 ha sahədə buğda və 1480 ha sahədə isə pambıq məhsulu əkilmişdir. Hal-hazırda kənd təsərrüfatı məhsullarının əkini ilə bağlı aqrotexniki tədbirlərin görülməsinin ən məsuliyyətli dövrüdür. Belə ki, pambıq sahələrində kultivasiya işləri, zərərvericilərə qarşı mübarizə tədbirləri və suvarma işləri həyata keçirilir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3879/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh "xxxx" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı-yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3879/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sayğacı barəsində tərtib edilmiş akt qanuni və əsaslıdır. Sayğaca baxış zamanı məlum olmuşdur ki,elektrik sayğacı axan yükü düzgün qeyd etmir. Belə ki, “Uc” fazasında quraşdırılmış cərəyan tranformatoru komputer məlumat bazasında k=300/5=60 olduğu halda faktiki yerində k=400/5=80-dir. Aparılan yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə ki, akt Nəzarət Departamenti tərəfindən tərtib edilmiş, akta da qeyd olunduğu kimi sayğacdakı çatışmazlıq yoxlama zamanı yox baxış zamanı müəyyənləşdirilmişdir. Məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq etmişdir. Belə ki, məhkəmə akta əsasən hesablanmış borcun silinməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmamış, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, ona görə də onun hüquqi nəticələri qanunsuzdur. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

11. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydaları 7.18-ci bəndi-enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19-cu bəndi-enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 10.18.9-cu bənd- elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə borcludur.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (29 avqust 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 12.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

13. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3879/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

15. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus müəssisənin elektrik təchizatı sisteminə baxış keçirilməsi barədə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından hüquqi nəticəsi olmadığı üçün həmin yoxlama əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi əsaslıdır.

16. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3879/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3879/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar