Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1271/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə (Açar sözlər: vergi borcu, mütənasiblik prinsipi, vergi ödəyicisi barəsində məcburiyyət tədbirinin tətbiq edilməsi, vergi borcunun apellyasiya icraatı mərhələsində ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ərizəçinin nümayəndəsi X2, maraqlı şəxsin nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8047/2025 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1981-ci il tarixində Bakı şəhərində anadan olmuş, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır.
3. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Royal Parfum-HB" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi və fiziki şəxsə ünvanlanmış xx.xx.2025-ci il tarixli **********353300, xx.xx.2025-ci il tarixli **********925700, xx.xx.2025-ci il tarixli **********531600, xx.xx.2025-ci il tarixli **********397400, xx.xx.2025-ci il tarixli **********640000 nömrəli bildirişlərə əsasən yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
5. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, fiziki şəxsin xx.xx.2025-ci il tarixinə dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu vardır.
6. “Royal Parfum-HB" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2025-ci il tarixinə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır.
7. Maraqlı şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Maraqlı şəxs tərəfindən vergi borcu üzrə 1250 manat məbləğində ödəniş edilmişdir.
8. Mədaxil qəbzlərindən görünür ki, Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixində ümummilikdə 39667,31 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 37101,05 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2313,65 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,87 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxx 1981-ci il,Doğulduğu yer – Azərbaycan, Bakı Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,03 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 37101,05 manat məbləğində (o cümlədən, vergilər üzrə 27113,01 manat, faizlər üzrə 9948,04 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2313,65 manat, İcbari Tibbi Sığorta Fonduna 1,84 manat olmaqla, ümumilikdə 39416,57 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********353300, xx.xx.2025-ci il tarixli **********925700, xx.xx.2025-ci il tarixli **********531600, xx.xx.2025-ci il tarixli **********397400, xx.xx.2025-ci il tarixli **********640000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8047/2025 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəyə əsasən Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 37101,05 manat məbləğində (o cümlədən, vergilər üzrə 27113,01 manat, faizlər üzrə 9948,04 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2313,65 manat, İcbari Tibbi Sığorta Fonduna 1,84 manat olmaqla, ümumilikdə 39416,57 manat borcu vardır. Maraqlı şəxs tərəfindən borcun mövcüdluğu etiraf edilmiş, lakin tam borcların bağlanması üçün bir neçə ay vaxtın tələb olunduğunu bildirir. Mövcud borc üzrə maraqlı şəxs tərəfindən cəmi 1250 manat məbləğində ödəniş edilmişdir. Lakin ödənilmiş məbləğ maraqlı şəxsin mövcud borcu ilə müqayisədə çox az bir məbləğ təşkil edib. Odur ki, vergi ödəyicisi olan fiziki şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi və fiziki şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlib ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxs və fiziki şəxs tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borcun ödənilməsini təmin etmək üçün həmin fiziki və hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-5.2, 355-7.1, 355-7.3, 355-7.4, 355-7.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ümumi 42.000 manat borcunun müəyyən hissəsini ödəyərək, ümumi borc məbləğini 39.000 manata endirmişdir. Digər tərəfdən isə maraqlı şəxsin borcunun ödənilməsi üçün onun ölkə hüdudlarından kənara çıxışına qadağa qoyulması onun gəlir yerinin bağlanması və bunun da öz növbəsində borcun ondan asılı olmayan hallar üzündən ödənilməməsini labüd edir. Dövlət Vergi Xidmətinin barəsində tətbiq etdiyi cəriməni ödəməyi üçün qanunla ona verilmiş imkandan, güzəştdən istifadə etməyinə imkan verməməsi onun iqtisadi və sosial rifahına əhəmiyyətli dərəcədə təsir edir. Dövlət Vergi Xidmətinin barəsində tətbiq etdiyi cəriməni ödəməyi üçün qanunla müəyyən edilmiş müvafiq şəraitin yaradılmağına icazə verməməsi Konstitusiyanın bu tələblərini pozur. Lakin barəsində cərimə tətbiq edən ölkə xaricinə çıxışına qadağa qoydurmaq istəyən DVX onun dövlət büdcəsinə olan borcunu ödəməyi üçün müvafiq şərait yaratmır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı məktubda da əgər göstərilən vergi borcunun hamısını ilk dəfədən ödəsə iflas təhlükəsi ilə qarşılacağını qeyd etmişdir (həmin vaxtı iddiaçı orqan heçməhkəməyədə müraciət etməmişdir). Cavab məktubu yalnız bir müddət sonra, onun elektron kabinetinə göndərilmişdir. Həmin məktubda barəsində ölkədən çıxışa qadağa barədə hər-hansı tədbirlərin görülməməsi əks olunmuşdur. Lakin keçirilən məhkəmə prosesindən məlumdur ki, ödəniş qəbzləri ümumiyyətlə nəzərə alınmamış və Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilən qətnamə sırf DVX tərəfinin arqumentləri üzərindən qəbul edilmişdir. Maraqlı şəxs tərəfindən ümumi 42.000 manat borcun müəyyən hissəsi ödənilmiş və bunu təsdiq edən qəbzlərinin təqdim edilməsinə baxmayaraq bu hal maraqlı şəxsin xeyrinə müsbət olaraq qiymətləndirilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəyə əsasən Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 37101,05 manat məbləğində (o cümlədən, vergilər üzrə 27113,01 manat, faizlər üzrə 9948,04 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2313,65 manat, İcbari Tibbi Sığorta Fonduna 1,84 manat olmaqla, ümumilikdə 39416,57 manat borcu vardır. Maraqlı şəxs tərəfindən borcun mövcudluğu etiraf edilmiş, lakin tam borcların bağlanması üçün bir neçə ay vaxtın tələb olunduğunu bildirmişdir. Odur ki, borclu hüquqi və fiziki şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Beləliklə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-8047/2025 nömrəli qətnməsi ilə ərizə təmin edilmiş və maraqlı şəxsin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Maraqlı şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir.
18. Ərizəçinin nümayəndəsi izahatında bildirmişdir ki, maraqlı şəxsin İcbari Tibbi Sığorta Fonduna 1,84 manat məbləğində borcu qalmışdır. Müvəqqəti təminat tədbiri barədə ərizədə istind edilən digər borc məbləğləri isə tam şəkildə ödənilmişdir.
19. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının: -71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət- ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
21. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
22. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
23. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
Apellyasiya baxışının hədləri:
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə rədd edilməlidir.
26. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər Baş İdarəsi vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə olan ümumilikdə 39416,57 manat (dövlət büdcəsinə 37101,05 manat, Dövlət Sosial Müdafiə Fonduna 2313,65 manat, İcbari Tibbi Sığorta Fonduna 1,87 manat) məbləğində borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan fiziki şəxs habelə hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
27. Digər tərəfdən iş materiallarında olan ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, maraqlı şəxs tərəfindən ərizədə istinad edilən borcdan (xx.xx.2025-ci il tarixə olan borc) dövlət büdcəsinə xx.xx.2025-ci il tarixdə 37102 manat, həmin tarixdə də digər dövlət ödənişləri üzrə 532,28 manat və 2033,03 manat məbləğində ödənişlər edilmiş və xx.xx.2025-ci il tarixə vergi ödəyicisinin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondu qarşısında icra edilməmiş öhdəliyi yoxdur, İcbari Tibbi Sığorta Fondu qarşısında isə icra edilməmiş öhdəliyi 1,84 manat təşkil edir.
28. Beləliklə, kollegiya maraqlı şəxsin barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiq edilməsi üçün əsas olmuş halın aradan qalxdığını nəzərə alaraq belə qənaətə gəlir ki, sözügedən məhdudlaşdırıcı tədbirinin saxlanması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə rədd edilməlidir.
29. Ərizəçi tərəfindən maraqlı şəxsin İcbari Tibbi Sığorta Fonduna 1,84 manat məbləğində qalıq borcunun qalmasını ərizənin təmin edilməsi üçün əsas kimi göstərilməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin məbləğə görə ölkədən çıxış hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinə ziddir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8047/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova