Məhkəmə qərarları › İş №2-2(103)-1276/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1276/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1276/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə6 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2137/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 10045,47 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun gecikdirilən hər gün üçün 0,1%-i miqdarında 2319,24 manat cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2045,47 manat əsas borcun, əldən çıxmış faydaya görə gecikdirilən hər gün üçün 0,1% miqdarında 2319,24 manat pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.08.2021-ci il tarixli e-2-2(113)-2137/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 2045,47 manat məbləğində əsas borc, 300 manat məbləğində cərimə olmaqla ümumilikdə 2345,47 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 16 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin birinci instansiya məhkəməsində icraatı zamanı - 30.06.2021-ci ildə tərəflər arasında razılaşma protokolu tərtib edilmiş və həmin razılaşmaya əsasən cavabdeh iddiaçıya olan əsas borcunun 8000 manat hissəsini və həmin məbləğ üçün 1440 manat ƏDV-ni (8000 AZN x 18%) iddiaçının hesabına ödəməyi, iddiaçı isə bu məbləği qəbul edərək qalan məbləği cavabdehə güzəştə getməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən qeyd olunan məbləğ ödənildikdən sonra iddiaçı hazırkı iş üzrə iddia tələbini geri götürməli olduğu halda, bu öhdəliyini pozaraq məhkəməyə yalnız iddia həcminin ödənilmiş borc məbləğində - 8000 manat azaldılması barədə ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada xəbərdar olunmadığı üçün razılaşma protokolunu yazılı sübut qismində məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin razılaşmasında borcun cavabdehə güzəşt olunması, yəni bağışlanması üçün nəzərdə tutulan şərt - 8000 manat əsas borcun və 1440 manat ƏDV-nin iddiaçıya ödənilməsi tələbi cavabdeh tərəfindən 01.07.2021-ci ildə yerinə yetirilmiş və məhz bu andan cavabdehin qalıq borcu üzrə öhdəliyinə borcun həmin hissəsi bağışlandığı üçün xitam verilmişdir. Belə olan halda iddia təmin oluna bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 22.10.2019-cu il tarixli 330 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları alıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 2045,47 manat, gecikdirməyə görə cərimə faizi 2319,24 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir (Sonuncu faktı cavabdeh özü etiraf edir). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən 2045,47 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı sifariş edilmiş malların dəyərini bu müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirilən gün üçün satıcıya sifariş edilmiş malların tam ödənildiyi günə qədər malların ödənilməyən dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 300 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş 30.06.2021-ci il tarixli razılaşma protokolu iş üzrə sübut qismində qəbul edilə bilməz. Belə ki, cavabdeh həmin sənədi birinci instansiya məhkəməsində təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Çünki iş materiallarından müəyyən olunur ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır. Həmçinin kollegiya qeyd edir ki, hətta həmin sənəd birinci instansiya məhkəməsində təqdim edilsəydi belə iddia rədd edilə bilməzdi. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, cavabdeh həmin razılaşma protokoluna əsasən 8000 manat əsas borcu ödəsə də, 1440 manat ƏDV məbləğini iddiaçının hesabına ödəməmişdir. Ona görə də, onlar qalan borcu bağışlamamış və iddiadan imtina etməmişlər. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2137/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.08.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar