Məhkəmə qərarları › İş №2-2(103)-1279/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1279/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1279/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4616/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.09.2021-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 3776 manat, mənəvi ziyana görə 5000 manat və ödənilmiş 30 manat rüsumun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli e-2-2(113)-4616/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 23-1-ci fəslinin "Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat" tələblərinə uyğun olaraq tərtib olunmuş iddia ərizəsi həmin fəslin 284-1-ci, 284-3 və 284-4-cü maddələrinin tələblərinə uyğundur və həmin fəslin 284-5 maddəsinə əsasən icraata qəbul edilməlidir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0.7-ci maddəsinə görə iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Lakin İddiaçı QSC prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə "xxxx" QSC-yə pretenziya məktubunun göndərilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində isə təsbit olunmuşdur ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Hazırkı iş üzrə verilmiş iddia ərizəsi isə qeyd olunan prosessual normaların tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən həmin ərizənin cavabdeh "xxxx" QSC-yə təqdim edilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələbinə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsində isə təsbit olunmuşdur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında imperativ qaydada müəyyən edilmişdir ki, kommersiya mübahisələrindən irəli gələn mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, o cümlədən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin kommersiya mübahisələrindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi qanunverici kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı qeyd olunan tələbləri istisna etməmişdir. Əksinə Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsində təsbit olunmuşdur ki, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4616/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Aida Hüseyn Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar