Məhkəmə qərarları › İş №2-2(103)-128/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-128/2023

11.01.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-128/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Açar söz: ölkədən gütmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6192/2022 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxdı. İşin halları 1.Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" X2 Cəmiyyətinin 835 saylı Tikinti İdarəsinin yuxarı təşkilatı "xxxx" X2 Cəmiyyətidir.

2. Vergi borcunun ödənilməsi barədə bildirişdən görünür ki, 835 saylı Tikinti İdarəsinin dövlət büdcəsinə ümumilikdə 13486,89 manat borcu olmuşdur. Vergi ödəyicisinin şəxsi vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixə borc 13638,16 manat təşkil etmişdir.

3. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

4. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 80 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 44 manat təşkil edir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 Cəmiyyətinin 835 saylı Tikinti İdarəsinin dövlət büdcəsinə olan 10447,53 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7585,64 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 80 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 44 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin idarənin və hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" X2 Cəmiyyətinin 835 saylı Tikinti İdarəsinin (VÖEN: **********) dövlət büdcəsinə 10447,53 manat məbləğində (o cümlədən vergilər üzrə 7042,45 manat, faizlər üzrə 3325,08 manat, maliyyə sanksiyası üzrə 80 manat), Dövlət Sosial Müdafiə Fonduna 7585,64 manat, "xxxx" MMCnin (VÖEN: **********) dövlət büdcəsinə 80 manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 80 manat), Dövlət Sosial Müdafiə Fonduna 44 manat olmaqla, ümumilikdə, 18157,17 manat borcu vardır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********994000, xx.xx.2019-cu il tarixli **********042700, xx.xx.2019cu il tarixli **********359700, xx.xx.2019-cu il tarixli **********033000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləǧini ödəməmişdir. 8.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6192/2022 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia təmin edilməmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-ni dövlət büdcəsinə 80 manat, Dövlət Sosial Müdafiə Fonduna 44 manat olmaqla, ümumilikdə, 124 manat borcu vardır. 10.Məhkəmə hesab etmişdir ki, hazırkı halda maraqlı şəxsin "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, 120 manat borca görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermədiyindən "xxxx" MMC-nin borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz.

11. Ərizənin maraqlı şəxsin "xxxx" X2 Cəmiyyətinin 835 saylı Tikinti İdarəsinin borclarına görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi hüquqi şəxsin idarəsinin rəhbəri olduğundan ərizənin təmin edilməsinin qanuni əsası yoxdur..

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6192/2022 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni rədd edərkən hesab etmişdir ki, maraqlı şəxsin rəhbəri olduğu "xxxx" X2 Cəmiyyətinin 835 saylı Tikinti idarəsi hüquqi şəxs deyildir, "xxxx" ATSC-nin tabeliyində fəaliyyət göstərir, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur, maraqlı şəxs hüquqi şəxs olan "xxxx" ATSC-nin tabeliyində olan idarənin rəhbəridir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir, bu səbəbdən də Maraqlı şəxs 835 saylı Tikinti idarəsinin rəhbəri kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab vermir. Məhkəmə həmin iş üzrə maraqlı şəxsin rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) vergi borcuna münasibətdə hesab etmişdir ki, həmin cəmiyyətin 120 manat məbləğində borcuna görə maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması mütanasiblik meyarına uyğun deyildir. Aşağıda göstərilənlərə görə məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razı deyilik və hesab edirik ki, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Maraqlı şəxsin rəhbəri olduğu 835 saylı Tikinti idarəsi "xxxx" ATSC-nin tərkibinə daxil olan struktur bölməsi kimi təsis edilmiş, idarənin xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 4.7-ci bəndinə əsasən idarə bank xidmətlərindən istifadə edir, büdcə ilə, sosial sığorta fondu ilə, sair büdcədənkənar fondlarla müstəqil surətdə hesablaşma aparır. İdarə vergi ödəyicisi kimi əvvəlcə xx.xx.2002-ci il tarixdə vergi orqanında qeydiyyata alınmış, vergi ödəyicilərinə yeni identifikasiya nömrələrinin verilməsi ilə əlaqədar olaraq xx.xx.2008-ci il tarixdə yenidən vergi orqanında qeydiyyatdan keçmiş və ona ********** nömrəli VÖEN verilmişdir. İdarənin vergi ödəyicisi kimi qeydiyyata alınması vergi qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir. Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə əsasən müəssisə - bu Məcəllənin məqsədləri üçün sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir: 13.2.39.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər; 13.2.39.2. xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri; 13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri. Maraqlı şəxsin rəhbəri olduğu 835 saylı Tikinti idarəsinin təsdiq edilmiş Nizamnaməsinin 2.7-ci bəndinə əsasən idarənin ayrıca balansı, öz adı ilə Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyətinə mənsubiyyəti göstərilməklə dairəvi möhürü, künc ştampı, firma blankı, banklarda subhesabı və digər rekvizitləri vardır. Vergi qanunvericiliyinin istinad edilən normalarının məzmunundan göründüyü kimi, vergi ödəyicisi anlamına təkcə hüquqi şəxslər deyil, həmin hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri də daxildir. Göründüyü kimi, idarə vergi ödəyicisi olaraq vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə yaranmış borclara görə tam məsuliyyət daşıyır. Məhkəmə 835 saylı Tikinti idarəsinin hüquqi şəxs olmaması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci və 54.2- ci maddələrinə istinadən həmin idarənin vergi və sosial borclarına görə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qanunçuluğun tələblərinə uyğun olmadığı nəticəsinə gələrkən vergi qanunvericiliyinin yuxarıda göstərilən normalarının tələblərini nəzərə almamış, eyni zamanda işin predmetinin mülki-hüquqi deyil, vergi-hüquqi münasibətlərindən irəli gəlməsinə diqqət yetirməmişdir. Məhkəmənin həmin iş üzrə maraqlı şəxsin rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) vergi borcuna münasibətdə həmin cəmiyyətin 120 manat məbləğində borcuna görə maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması mütənasiblik meyarına uyğun gəlməməsi dəlilinə münasibətdə bildiririk ki, vergi öhdəliyinin yerinə yetirilməsi məcburidir. Bununla bağlı qanunda öhdəliyin az və ya çox olmasına görə hər hansı güzəşt nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və münasibətlərə tətbiq edilmir. Vergi Məcəlləsinin 13.2.1-ci və 13.2.2-ci maddələrində “Şəxs” və “Hüquqi şəxs” anlayışlarının məzmunu ifadə edilmişdir. Hər iki anlayışın vergitutma baxımından vergi ödəyicisi olmaları və eyni hüquq və vəzifələr daşımaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fıziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə apellyasiya qaydasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq iclasa gəlməmişlər.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddəsinin İİİ hissəsi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsi- əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 43.1-ci maddə- hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir

Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.4-cü maddə- bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; 13.1-ci maddə- həmin Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər həmin Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Məcəllənin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır. Həmin Məcəllənin 13.2.41 ci maddəsinə əsasən kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.15-3-cü maddə- vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Həmin Məcəllənin 33.2-ci maddəsinin 3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Həmin Məcəllənin 13.2.39.3-cü maddəsinə əsasən .... həmin Məcəllənin 13.2.39.1ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə anlayışı ilə əhatə olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 16.Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6192/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi həmin hüquqi şəxsin 120 manat borcuna görə maraqlı şəxsin ölkədən getmək, yəni sərbəst hərəkət azadlığı kimi konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir. 19.Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

21. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır ki, "xxxx" X2 Cəmiyyətinin 835 saylı Tikinti idarəsi hüquqi şəxs olmadığından və nizamnaməsinə əsasən "xxxx" X2 Cəmiyyətinin filial statusu ilə fəaliyyət göstərən struktur bölməsi olduğundan həmin İdarənin rəhbərinin ölkədən getmək hüququ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə istinad edilməklə məhdudlaşdırıla bilməz. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, bu normalarda bütün vergi ödəyicilərinin deyil, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərin rəhbərlərinin borclarına görə hüququn məhdudlaşdırılması nəzərdə tutulur.

22. Ərizəçinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, ərizəçi bu normalarda nəzərdə tutulmuş “Hüquqi şəxs” anlayışının məhkəmə tərəfindən genişləndirici təfsir edilərək hüquqi şəxs olmayan digər vergi ödəyicilərinə də şamil edilməsini xahiş edir.

23. “Normativ hüquqi aktlar” haqqında Qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. 90.4-cü maddəsinə əsasən genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir.

24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apellyasiya şikayətini əsassız hesab edərək hesab edir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələri işə baxan məhkəmə tərəfindən genişləndirici təfsir edilə və "xxxx" X2 Cəmiyyətinin 835 saylı Tikinti idarəsinin borclarına görə maraqlı şəxsin ölkədən getmək hüququna məhdudiyyət qoyula bilməz.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 6192/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6192/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar