Məhkəmə qərarları › İş №2-2(103)-128/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-128/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-128/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Şirinovun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4602/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı X5 Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aldığı mallara görə 392.767,29 manat pulun, gecikdirilmiş 318.997,65 manat borcuna görə 01 yanvar 2023-cü il tarixdən başlayaraq 01 oktyabr 2024-cü il tarixədək olan müddətə illik 5 faiz olmaqla 27.910 manatın manatın, gecikdirilmiş 73.769,64 manat borcuna 10 sentyabr 2023-cü il tarixdən başlayaraq 10 oktyabr 2024-cü il tarixədək olan müddətə illik 5 faiz olmaqla 3.991 manat pulun tutulması, 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonun (22 ədəd X 476 manat) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin balonlar olmadıqda isə onların dəyəri olan 10.472 manat pulun, məhkəməyə ödənilmiş 715 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 2950 manat məbləğində pul vəsaitinin İddiaçı İFK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4602/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 392.767 (üç yüz doxsan iki min yeddi yüz altmış yeddi) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilməsi, borcun 318.997,65 manat hissəsinə illik 5% hesablanmaqla 3.987 (üç min doqquz yüz səksən yeddi) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilməsi, borcun 73.769,64 manat hissəsinə illik 5% hesablanmaqla 922 (doqquz yüz iyirmi iki) manat, 12 (on iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilməsi, 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonlar Cavabdehndən alınaraq İddiaçı X3 verilməsi, qətnamə icra olunan vaxt 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonlar olmadıqda isə onların dəyəri olan 10.472 (on min dörd yüz yetmiş iki) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı X3 ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 687 (altı yüz səksən yeddi) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4602/2024 nömrəli qətnaməsinin qismən - müqavilə üzrə hesablanan, əsas borc üzrə 392.767 (üç yüz doxsan iki min yeddi yüzaltmış yeddi) manat, 29 (iyirmi doqquz) qəpik və borcun 318.997,65 manat hissəsinə illik 5% hesablanmaqla 3.987 (üç min doqquz yüz səksən yeddi) manat, 47 (qırx yeddi) qəpik, borcun 73.769,64 manat hissəsinə illik 5% hesablanmaqla 922 (doqquz yüz iyirmi iki) manat, 12 (on iki) qəpik pul məbləğləri hissəsində ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya borcunu ödəmə ərəfəsində Şirkətin daxilində dəyişiklik baş vermişdir. Şirkətin Baş direktoru X12 xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni Baş direktor X10 təyin edilmişdir. Bununla bağlı Şirkətdə təhvil-təslim prosesi başlanılmışdır. xx.xx.2024-cü il tarixindən etibarən Şirkətdə Baş direktor vəzifəsini X4 icra edir və təhviltəslim prosesi hələ də davam edir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı İddiaçı tərəfindən irəli sürülən 392.767 (üç yüz doxsan iki min yeddi yüz altmış yeddi) manat, 29 (iyirmi doqquz) qəpik AZN əsas borc tələbinə dair göstərilmiş mallara aid təhviltəslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən göstərilən xidmət haqlarında uyğunsuzluqlar olduğundan, cavabdeh həmin xidmətlərin real satış haqlarını müəyyən etmək üçün audit şirkətinə müraciət etmişdir və audit rəyini almışdır. Audit rəyinin nəticələrinə görə, iddiaçı müqavilə üzrə cavabdehdən tələb etdiyi 392.767 (üç yüz doxsan iki min yeddi yüz altmış yeddi) manat, 29 (iyirmi doqquz) qəpik AZN əsas borc məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 15-20% artıq göstərilmişdir. Cavabdeh, həmin audit rəyini əldə etdikdən sonra, xx.xx.2024-cü il tarixində vəsatət ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya olan real borc məbləğini tam və dəqiq müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə, cavabdehin audit rəyini təqdim etməsinə baxmayaraq, hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsaslar olmadığından vəsatət rədd edilməlidir və buna dair xx.xx.2024-cü il tarixli qərardad çıxarmışdır. Nəticə olaraq, məhkəmə, 25 oktyabr 2024-cü il tarixində baxış iclasında cavabdehin sübutlarını tam və obyektiv araşırmadan qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin bütün sübütlarını araşdırmadığından məhkəmə işə yenidən baxmalıdır. Məhkəmə cavabdehin təqdim etdiyi audit rəyi əsasında məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməmişdir. Halbuki, məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi işin tam və obyektiv araşdırılmasına qətirib çıxara bilərdi. Nəticə olaraq, məhkəmə bütün sübutları tam və obyektiv araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

7. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

15. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).

18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın əsas və faiz borcu hissəsində yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı X5 (satıcı) ilə Cavabdeh (alıcı) arasında 07 sentyabr 2018-ci il tarixli, 066/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 066/18 saylı 07 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə ilə Sifariş orderi və 2 nömrəli əlavə ilə İtirilmə və yaxud nasazlıq qiymətləri təsdiq edilmişdir. Bundan başqa tərəflər arasında **********525/№066/18 saylı 07 sentyabr 2018ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı, xx.xx.2020-ci il tarixli 3 saylı, xx.xx.2020-ci il tarixli 3 saylı, xx.xx.2022-ci il tarixli 5 saylı, xx.xx.2022-ci il tarixli 5 saylı Əlavə razılaşmalar imzalanmışdır. xx.xx.2022-ci il tarixli 5 saylı Əlavə razılaşma ilə müqavilənin 1 saylı əlavəsi dəyişdirilərək təsdiq edilmişdir.

25. Alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı X2 üzərinə düşür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh xx.xx.2022- ci il tarixinə 318.997,65 manat, 2023-cü il ərzində isə 73.769,64 manat, ümumilikdə xx.xx.2023-cü il tarixinə 392.767,29 manat borcunun olduğunu qəbul etmişdir.

26. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq borcun olduğunu qəbul etmiş, lakin məbləğin yüksək olduğunu bildirmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf qeyd edilən üzləşmə aktını imza etməklə, iddiaçı tərəfindən ona müvafiq olaraq malların verildiyini və verilmiş olan mallara görə ümumilikdə 392.767,29 manat borcunun qaldığını təsdiq etmişdir. Bundan başqa da, cavabdeh tərəf qeyd edilmiş borcun ödənilməsi ilə bağlı, məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddianın dəyişdirilməsi barədə ərizə isə məhkəməyə təxmini 3 ay sonra sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir. Belə olan halda, məhkəmə faizlə bağlı tələbə münasibətdə hesab etmişdir ki, əsas borcun 318.997,65 manat hissəsinə illik 5 faiz hesablanmaqla 3.987,47 (318.997,65x5/100=15.949,88 (1 il üçün), 15.949,88/12=1.329,156 (1 ay), 1.329,156x3=3.987,47 (3 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əsas borcun 73.769,64 manat hissəsinə illik 5 faiz hesablanmaqla 922,12 (73.769,64x5/100=3.688,48 (1 il üçün), 3.688,48/12=307,372 (1 ay üçün), 307,372x3=922,12 (3 ay üçün)) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Cavabdeh tərəf audit rəyini əsas götürərək, borc məbləğinin şişirdilməsini bildirərək, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh əsas və faiz borcunu mübahisələndirmişdir.

30. İşdən görünür ki, cavabdeh iddiaçı qarşısında alqı-satqı müqaviləsi üzrə borcunu etiraf edir, daha sonra hüquqi şəxsin rəhbərinin dəyişilməsi səbəbilə borc məbləğini mübahisə edir.

31. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

32. Göründüyü kimi iddiaçının tələb etdiyi müqavilə üzrə borc cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu halda iddiaçı tərəfindən əlavə sübutlar təqdim edilməsi prosessual qənaət baxımından yolverilməzdir. Cavabdehin borcu qəbul etməsi və sonradan əksini iddia etməsi onun vicdanlı rəftar etməməsini göstərir. Cavabdehin göstərdiyi dəlil, yəni rəhbərin dəyişilməsi ağlabatan hesab edilə bilməz. Bu hal onu göstərir ki, şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir.

33. İş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4602/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar