Məhkəmə qərarları › İş №2-2(103)-1284/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1284/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1284/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-490/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.06.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 720.000 ABŞ dolları məbləğində icarə və xidmət müqaviləsi üzrə borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-490/2018 nömrəli 20.06.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə istinad olunan və tərəflər arasında bağlanması ehtimal olunan 05.01.2007-ci il tarixli icarə müqaviləsinin, 23.11.2008-ci il tarixli icarə və xidmət müqaviləsinin mövcud olub-olmaması, belə müqavilələrin tərəflər arasında imzalanıb-imzalanmaması bəlli deyildir. Çünki iddia ərizəsinə əlavə olunmuş həmin müqavilələr Cavabdeh tərəfindən möhürlə təsdiqlənərək imzalanmamışdır. İddiaçı “X4 Limited” MMC ilə Cavabdeh arasında mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Qeyd olunanlardan əlavə, əgər belə bir müqavilə mövcud olmuş olsaydı belə, o zaman həmin müqavilə üzrə tərəflərin götürdükləri öhdəliklər araşdırılmalı, uzun müddət ərzində xidmət göstərilməmişdirsə, ehtimal olunan borc məbləğinin tutulub-tutulması məsələsi müzakirə edilməli idi. İşə baxan məhkəmə isə ümumiyyətlə heç bir araşdırma aparmadan yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin kserosurətinə istinadən qətnamə çıxarmışdır. Hətta məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməmiş və cavabdehin nümayəndəsinin məhkəmədə iştirakı təmin edilməmişdir. İş materialları ilə tanış olarkən məhkəmə bildirişlərinin guya cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 90A nömrəli ünvana göndərilməsi ilə əlaqədar qəbzlər mövcud olsa da, həmin qəbzlərdə guya cavabdehin bildirişi almaqdan imtina etməsi barədə qeyd əsassızdır. Cavabdehə məhkəmə tərəfindən hər hansı iddia ərizəsi, məhkəmə bildirişi və qətnaməsi göndərilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, "xxxx" MMC ilə “İddiaçı” arasında 05 yanvar 2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarə verən “Azərbaycan Şenqli Neft Şirkəti" MMC (hazırkı "xxxx" MMC) öz istifadəsində olan, Pirsaat qəsəbəsində yerləşən torpaq sahəsini və orada quraşdırılmış bütün avadanlıqları istehsalat məqsədi ilə 20 il müddətində “X5 Limited” Şirkətinin istifadəsinə vermişdir. İcarə müqaviləsinin 1.2-ci bəndinə əsasən müqavilə üzrə icarəyə verilən torpaq sahəsi göstərilən müddətdə 3-cü şəxslərə verilə bilər. 23 noyabr 2008-ci il tarixdə iddiaçı “İddiaçı” Şirkəti ilə cavabdeh "xxxx" MMC arasında icarə və xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin İ bəndinin 1 və 2-ci hissələrinə əsasən “İddiaçı”in Azərbaycan Respublikasındakı ərazisinin cavabdehin istifadəsinə verməklə həmin torpaq sahəsinin səmərəli istismarı ilə bağlı cavabdehi qaz, su və elektrik enerjisi ilə təchiz etmək barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilənin İİ bəndinin 1, 2 və 3-cü hissələrinə əsasən cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, iddiaçı tərəfindən təqdim edilmiş xidmətlərin əvəzində 5 iyul 2007-ci il tarixdən başlayaraq 2009-cu ilin 31 dekabr tarixinə kimi hər il iddiaçıya 80.000 (səksən min) ABŞ dolları məbləğində icarə və xidmət haqqı ödəyəcəkdir. Tərəflər arasında bağlanmış müqavilənin İİİ bəndinə əsasən müqavilənin müddətinə xitam verilməsindən əvvəl 2 ay çərçivəsində müqaviləyə etiraz etmədikdə, müqavilənin müddəti avtomatik olaraq növbəti ilədək uzadılır. Müqavilənin şərtlərinə görə cavabdeh ödəniş edə bilmədikdə, iddiaçının hazırkı müqaviləyə xitam vermək hüququ əldə edir, iddiaçı “İddiaçı” müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etmiş, kommunal təchizatları təmin etmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməkdən yayınmış, icarə və xidmət haqqını vaxtında ödəməmişdir. Cavabdeh müqaviləyə əsasən cəmi 120.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, cavabdeh icarə haqqı kimi iddiaçıya 2007-ci ilin iyul ayından 2017-ci ilin dekabr ayına kimi 840.000 ABŞ dolları ödəniş etməli idi. Hal-hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçıya 720.000 ABŞ dolları məbləğində borcu vardır. Həmin borcun ödənməsi tələbi ilə cavabdehə müraciət edilmiş, ödəniş üçün sənədlər göndərilmişdir. Lakin cavabdeh öz məsuliyyətini və öhdəliyini bildiyi halda bundan yayınmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətdə göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən icarəçinin torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək vəzifəsi vardır. Lakin hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur. Çünki, tərəflər arasında hər hansı icarə və xidmət müqavilələrinin bağlanması faktı öz təsdiqini tapmır. Belə ki, cavabdeh ümumiyyətlə iddiaçı ilə hər hansı müqavilənin bağlanmadığını bildirir. Belə olan halda isə müqavilənin bağlanması halını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və məhz o, müqaviləyə istinad edərək icarə haqqının tutulmasını tələb etdiyi üçün həmin müqavilənin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini təqdim etməli idi. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsində də təsbit olunmuşdur ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin iddiaçı icarə və xidmət müqavilələrinin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilənin kserosurəti isə müqavilənin bağlanmasını təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, Honq Konq şəhərində fəaliyyət göstərən dövlət notariusu Çin dilində hazırlanan müqavilənin əslini deyil, kserosurətin ingilis dilində tərcüməsinin onun əsli ilə düzgünlüyünü təsdiq etmiş və müqavilənin məzmununa görə heç bir məsuliyyət daşımadığını bildirmişdir. Göründüyü kimi notarius müqaviləni deyil, müqavilənin kserosurətini Çin dilindən İngilis dilinə tərcümə edən tərcüməçinin imzasının həqiqiliyini təsdiq etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilənin kserosurəti müqavilənin bağlanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki həmin sənəd Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir. Bundan başqa kollegiya qeyd edir ki, hətta həmin sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilsəydi belə sübut qismində qiymətləndirilə bilməzdi. Çünki həmin müqavilə bağlanılan zaman ümumiyyətlə notarial qaydada təsdiq edilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Halbuki, Mülki Məcəllənin 146.1-ci maddəsi, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin birgə təfsirindən müəyyən olunur ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı ümumiyyətlə dövlətə məxsus neft hasilatlı torpaqların onun qanuni istifadəsində olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsinin bağlanması sübut olunmur. Belə olan halda cavabdehin icarə haqqını ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ yaranmamışdır. Ona görə də, kollegiya hesab edir ki, iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və tərəflər arasında müqavilənin bağlanmasını təsdiq edən heç bir mötəbər sübut olmadığı halda iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiyanın qeyrimümkün hesab edilməsi barədə vəsatət təmin edilə bilməz. Belə ki, cavabdeh tərəfindən hazırki iş üzrə qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.06.2018-ci il tarixli qətnaməsinə istinad edilərək müflis elan olunması barədə digər iddianın irəli sürməsi onun tərəfindən həmin qətnamənin surətinin rəsmi qaydada almasını təsdiq etmir. Çünki Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Lakin iş materiallarında həmin maddələrə uyğun olaraq məhkəmə qətnaməsinin surətinin cavabdehə rəsmi qaydada verilməsini təsdiq edən sübutlar mövcud deyil. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçının vəsatəti təmin edildiyi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edildiyi təqdirdə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəyə minmiş olur. Kollegiyanın mövqeyi isə ondan ibarətdir ki, Çin Xalq Respublikasında qeydiyyatdan keçmiş xarici hüquqi şəxslə, təsisçisi xarici hüquqi şəxs olan Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasına məxsus dövlət əhəmiyyətli neft hasilatlı torpaqları üzərində sərəncam verməyə, həmin torpaqların istifadəyə verilməsinə dair öz aralarında icarə müqaviləsi bağlamağa dair subyektiv hüququnun olmasını təsdiq edən sübutlar mövcud olmadığı təqdirdə hazırki iddianın təmin edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-490/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.06.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “İddiaçı”in Cavabdeh-yə qarşı cavabdehdən iddiaçının xeyrinə 720.000 ABŞ dolları məbləğində icarə və xidmət müqaviləsi üzrə borcun tutulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar