Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1286/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Həmidov Həmid Üzeyir oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4749/2021 saylı 29.09.2021ci il tarixli qərardadından (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli e-2-2(113)-4749/2021 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4749/2021 saylı, 29.09.2021-ci il tarixli qərardadını ləğv edilməsini, kommersiya işi üzrə mübahisəyə baxılması üçün müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin çatdırılması barədə qəbzin surəti üzrlü səbəbdən elektron poçt vasitəsilə çatdırıla bilmədiyi üçün əlavə olaraq abunə müqaviləsi adı ilə göndərilməsi mümkün olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4749/2021 saylı, 05.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli e-2-2(113)- 4749/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsi məhkəməyə daxil olan vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ərizənin cavabdehə təqdim edilməsi barədə sübut təqdim edilmədiyi üçün iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən normalara istinad edərək düzgün olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, şikayətə əlavə edilmiş poçt qəbzi yalnız sənədin ünvanlandığı şəxsə təqdim edildiyini deyil, göndərildiyini təsdiq edir. Halbuki prosessual normanın tələbi iddia ərizəsi məhkəməyə təqdim edilərkən ərizənin cavabdehə təqdim edilməsi barədə sübutun əlavə edilməsidir. Digər tərəfdən məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ********* saylı poçt qəbzində “alan” qrafasının qarşısında Cavabdeh ASC-nin adı deyil, “Baş İcraçı Direktor” qeyd edilmişdir. Belə olan halda isə həmin qəbzə əsasən məktubun məhz cavabdehə göndərildiyini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli e-2-2(113)-4749/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29.09.2021-ci il tarixli e-2-2(113)-4749/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1286/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1286/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver