Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1287/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin icarə haqqı ilə bağlı şərtinin dəyişdirilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3523/2021 saylı 30.08.2021-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçının 10.03.2007-ci il tarixli 05 saylı qərarına əsasən cavabdehlə iddiaçı arasında 27 ha (əkin) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 12.03.2007- ci il tarixli 36 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində şərtin dəyişdirilərək mövcud bazar qiymətinə uyğun olaraq 100 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “ötən müddət ərzində torpaq bazarında icarə haqlarında əsaslı artımlar baş verməsini və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən 01.04.2020-ci il tarixdə daxıl olmuş təklif məktubunu nəzərə alaraq Bələdiyyənin 31.05.2021-ci il tarixli iclasında bələdiyyə mülkiyyətinə aid icarəyə verilmiş torpaq sahələrinin icarə haqlarının mövcud qiymətlərə uyğunlaşdırılması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar Səmədabad bələdiyyəsinin 10.03.2007-ci il tarixli 05 saylı qərarına əsasən cavabdehlə bələdiyyə arasında 27 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 12.03.2007-ci il tarixli 36 nömrəli icarə müqaviləsinin icarə haqqı şərtinin mövcud qiymətlərə uyğunlaşdırılması barədə ona 15 gün ərzində icarə haqqının qarşılıqlı razılaşma əsasında hazırki qiymətlərə uyğunlaşdırılması, razı olmadığı halda və ya bildirişə cavab verilmədikdə icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi və icarə haqlarının real bazar qiymətinə uyğunlaşdırılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmışdır. Cavabdeh 15 gün ərzində icarə haqqının qarşılıqlı razılaşma əsasında hazırki qiymətlərə uyğunlaşdırılması ilə bağlı bildirişə cavab verməmiş və bələdiyyəyə gəlməmişdir.” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3523/2021 saylı 30.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən qanun normalarının tələbini pozmuş, işi səthi araşdırmış, nəticədə bəlidiyyənin hüquqları pozulmuşdur. İşə apelyasiya qaydasında baxılması 01.12.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3523/2021 saylı 30.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 12.03.2007-ci il tarixli 36 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən 27 ha torpaq sahəsi 50 il müddətinə cavabdehə icarəyə verilmiş, illik icarə haqqı bir hektara görə on manat müəyyən edilmişdir. Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən cavabdehə ünvanlanmış 30.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, 2021–ci ildən icarə haqlarının hər hektara görə 100 manat olaraq hesablanması cavabdehə bildirilmişdir. İddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş icarə haqqı real bazar qiymətlərinə uyğun olmadığından dəyişdirilməli, 100 manat müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, torpaq icarə müqaviləsinin dəyişdirilməsi, uzadılması Azərbaycan Respublikasının mülki qanunvericiliyində və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422 və 423-cü maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07.09.2018-ci il tarixli qərarında qeyd edilir ki, “şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, daşınmaz əmlakların icarə qiymətlərinin qalxmasına şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı kimi hüquqi qiymət vermək olmaz. Belə ki, iddiaçı 50 il müddətinə icarə müqaviləsi bağlayarkən müqavilənin qüvvədə olduğu müddət ərzində daşınmaz əmlakların icarə qiymətlərində artım olacağını bildiyi halda müqaviləyə qiymətdə dəyişiklik ediləcəyi barədə şərt nəzərdə tutmamışdır. Məhkəmə tərəfindən işin hallarına düzgün hüquqi qiymət verildiyindən və maddi hüquq pozuntusuna yol verilmədiyindən apelyasiya şikayəti əsassız hesab edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3523/2021 saylı 30.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3523/2021 saylı 30.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1287/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1287/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver