Məhkəmə qərarları › İş №2-2(103)-1291/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1291/2025

06.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1291/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 13 avqust 2025-ci il tarixinə dövlət büdcəsinə 9848,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 9110,26 manat, faizlər üzrə 737,92 manat) borcu yaranmışdır.

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş, borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq olunmuşdur.

4. Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən 13 oktyabr 2025-ci il tarixində əldə edilmiş məlumatda göstərilmişdir ki, “HN AZGROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki günə borcu mövcud deyildir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 9848,18 manat məbləğində borcunun ödənilməsinin təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizə belə əsaslandırılmışdır ki, 13 avqust 2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 9848,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 9110,26 manat, faizlər üzrə 737,92 manat) olmaqla, ümumilikdə 9848,18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

7. Birinci instansiya məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxsin hal-hazırda heç bir borcu yoxdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-3-cü 16.1.1ci, 24.0.2-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, subyektiv yanaşma sərgilədiyini, vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudıaşdırılmasının qanunla müəyyənləşdirilmiş təsir vasitəsi olduğunu nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

12. Ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə onun səlahiyyətli şəxsi elektron sistem vasitəsilə ərizə ünvanlayaraq Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas olmuş halların aradan qalxması səbəbi ilə apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir (şikayətin geri qaytarılmasını xahiş etmişdir). Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

14. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

15. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ərizəçiyə münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8093/2025 saylı iş üzrə 13 oktyabr 2025-ci il tarixli qətnaməsindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar