Məhkəmə qərarları › İş №2-2(103)-1293/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1293/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1293/2025 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, sübutetmə, yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim olunması) hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 işitrakı ilə İddiaçı MMC-nin Cavabdeh1 MMC-nə və "xxxx" MMC”-nə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (alıcı) arasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci bəndinə əsasən satıcı, lizinq obyektini müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 1 saylı Əlavəsinə görə, lizinq obyekti 25 ha alma bağı üçün damlama tipli suvarma sistemidir, Qəbələ rayonunun Vəndam kəndində quraşdırılacaqdır.

3. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq obyektinin satıcı tərəfindən alıcıya təhvil verilməsi hər iki tərəfin və ya onların səlahiyyəti nümayəndələrinin Təhvil-Təslim Aktını imzalaması ilə həyata keçirilir.

4. Müqavilə və onun 1 saylı Əlavəsi hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və tərəflərin möhürü ilə təsdiq olunmuşdur.

5. Cavabdeh1 QSC (lizinq verən) ilə "xxxx" MMC (lizinq alan) arasında xx.xx.2023-cü il tarixdə PL029 saylı lizinq müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə təqdim edir.

6. Müqavilənin 1 saylı Əlavəsinə görə, lizinq obyekti 25 ha alma bağı üçün damlama tipli suvarma sistemidir, qiyməti 181 900 manatdır, Qəbələ rayonunun Vəndam kəndində quraşdırılacaqdır.

7. Lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və ona müqavilə ilə müəyyən edilmiş şərtlərlə vaxtından əvvəl xitam verilməsi hallan istisna olmaqla, tərəflərin müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərinin tam şəkildə icra edilməsinədək qüvvədə qalır. Lizinq verənə vurulmuş zərərin əvəzinin lizinq alan tərəfindən lizinq verənə ödənilməsini ehtiva edən müddəalar müqaviləyə xitam verildikdən sonra da öz hüquqi qüvvəsini saxlayır.

8. Lizinq müqaviləsinin 4.4-cü bəndinə görə, lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin minimum 20 % hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir; 4.9cu bəndinə görə, lizinq alan lisinq ödənişini gecikdirdikdə, ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1 faizinə bərabər dəbbə pulu ödənilməlidir.

9. Müqavilənin 5.8-ci bəndinə görə, lizinq alanla satıcı və ya lizinq verən arasında lizinq obyekti ilə əlaqədar hər hansı mübahisənin olması və belə mübahisəli vəziyyətin davam etməsi lizinq alanı lizinq ödənişi ödəmək öhdəliyindən azad etmir.

10. Lizinq müqaviləsinə Əlavədə nəzərdə tutulmuşdur ki, kredit məbləği 71 808 manat, ilkin ödəniş məbləği 45 900 manat təşkil edir.

11. Lizinq müqaviləsi və müvafiq Əlavə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və hüquqi şəxsləriin möhürü ilə təsdiq olunmuşdur.

12. Gürcüstan Respublikasının Poti şəhərində yerləşən satıcı “Garant” LLC şirkəti tərəfindən alıcı İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixdə damlama tipli suvarma sistemi üçün 92 000 ABŞ dolları məbləğində hesab-faktura (İNVOİSE) göndərilmişdir.

13. İnvoise dəyəri 92 000 ABŞ dolları olan və Gürcüstan Respublikasının Poti şəhərində yerləşən satıcı “Garant” LLC şirkəti tərəfindən alıcı İddiaçı MMC-nə göndərilən damlama tipli suvarma sistemi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, müvafiq gömrük bəyannaməsi tərtib edilmişdir.

14. Cavabdeh1 QSC-nin (lizinq verən) və "xxxx" MMC-nin (lizinq alan) səlahiyyətli nümayəndələrinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında göstərilmişdir ki, PL029 saylı xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinin predmeti olan və cədvəldə təsviri verilən lizinq obyekti lizinq alana təhvil verilmiş, lizinq alan isə lizinq obyektini lizinq verəndən təhvil almışdır.

15. Təhvil-təslim aktı hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və hüquqi şəxsləriin möhürü ilə təsdiq olunmuşdur.

16. Satıcı (İddiaçı) tərəfindən alıcıya (Cavabdeh1 QSC) xx.xx.2023-cü il tarixdə MT2409 seriyalı, 516287 nömrəli elektron qaimə-faktura göndərilmiş, qaimə-fakturada ümumi dəyəri (ƏDV ilə birlikdə) 170 000 manat olan **********-25 ha alma bağı üçün suvarma sisteminin satıldığı əks olunmuş, qaimə-faktura təsdiqlənmişdir.

17. Apellyasiya icraatı zamanı təqdim edilmiş “xx.xx.2023-cü il tarixli PL029 nömrəli alqısatqı müqaviləsinin ləğvi barədə” xx.xx.2024-cü il tarixli Akt adlandırılan sənəddə aşağıdakılar göstərilmişdir: “Alıcı: “PARTNERS LEASİNG" MMC (VÖEN: **********), onun qanun təmsilçisi X7 şəxsində, Satıcı: İddiaçı MMC (VÖEN: **********), onun qanuni təmsilçisi X8 şəxsində bu aktı imzalamaqla təsdiq edirlər ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ASL029 nömrəli, X15 üzrə nəzərdə tutulmuş mallar Cavabdeh1 MMC tərəfindən (əvvəlki Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti) satın alınmamış və Cavabdeh1 MMC-yə təhvil verilməmişdir.Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ASL029 nömrəli X15 qüvvədən düşmüş hesab edilir. Tərəflər təsdiq edir ki, xx.xx.2023-cü il tarixli, ASL029 nömrəli X15 üzrə bir-birilərinə qarşı tələb və öhdəlikləri yoxdur və gələcəkdə də olmayacaqdır”.

18. Həmin sənəd birtərəfli qaydada “Partners Leasing" MMC-nin möhürü və X3 imzası ilə təsdiq olunmuş, satıcı İddiaçı MMC tərəfindən imzalanmamışdır.

19. Apellyasiya icraatı zamanı təqdim edilmiş “xx.xx.2023-cü il tarixli PL029 nömrəli lizinq müqaviləsinin ləğvi barədə” xx.xx.2024-cü il tarixli Akt adlandırıaln sənəddə aşağıdakılar göstərilmişdir: “Lizinq verən: Cavabdeh1 QSC (VÖEN: **********), onun qanun təmsilçisi X7 şəxsində, Lizinq alan: "xxxx" MMC (VÖEN: **********), onun qanuni təmsilçisi X9 şəxsində bu aktı imzalamaqla təsdiq edirlər ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli PL029 nömrəli, Lizinq Müqaviləsi üzrə nəzərdə tutulmuş mallar Cavabdeh1 MMC tərəfindən (Əvvəlki Cavabdeh1 QSC) satın alınmamış və "xxxx" MMC tərəfindən xidmət haqları və ödənişlər olmadığından müqavilə qüvvədən düşmüş hesab edilir”.

20. Həmin sənəd lizinq verən birtərəfli qaydada “Partners Leasing" MMC-nin möhürü və X3 imzası ilə təsdiq olunmuş, lizinq alan qismində "xxxx" MMC tərəfindən imzalanmamışdır.

21. Apellyasiya icraatı zamanı təqdim edilmiş “xx.xx.2023-cü il tarixli PL029 nömrəli lizinq müqaviləsinin ləğvi barədə” xx.xx.2024-cü il tarixli Aktda aşağıdakılar göstərilmişdir: “Lizinq verən: Cavabdeh1 MMC (VÖEN: **********), onun qanuni təmsilçisi X7 şəxsində, Lizinq alan: "xxxx" MMC (VÖEN: **********), onun qanuni təmsilçisi X9 şəxsində bu aktı imzalamaqla təsdiq edirlər ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli PL029 nömrəli Lizinq Müqaviləsi üzrə nəzərdə tutulmuş mallar Cavabdeh1 MMC tərəfindən (əvvəlki Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti) satın alınmamış və "xxxx" MMC-yə təhvil verilməmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli PL029 nömrəli Lizinq Müqaviləsi və həmin müqavilənin əlavələri, o cümlədən 25 fevral 2023-cü il tarixli Təhvil-Təslim Protokolu (3 saylı Əlavə) qüvvədən düşmüş hesab edilir. Tərəflər təsdiq edir ki, xx.xx.2023-cü il tarixli PL029 nömrəli Lizinq Müqaviləsi üzrə birbirilərinə qarşı tələb və öhdəlikləri yoxdur və gələcəkdə də olmayacaqdır.

22. Həmin Akt lizinq verən “Partners Leasing" MMC-nin möhürü və X3 imzası ilə, lizinq alan qismində "xxxx" MMC-nin möhürü və direktor Qafur Əsgərovun imzası ilə təsdiqlənmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

23. İddiaçı MMC (iddiaçı) Cavabdeh1 MMC-nə və "xxxx" MMC”-nə (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 24 fevral 2023-cü il tarixli ASL029 nömrəli alqı-satqı müqaviləsinə və 24 fevral 2023-cü il tarixli PL029 nömrəli lizinq müqaviləsinə əsasən yaranmış 170 000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, eyni zamanda həmin gün 24 fevral 2023-cü il tarixdə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında PL029 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsi üzrə üç tərəf – satıcı, lizinq verən və lizinq alan iştirak edir. Lizinq münasibətlərini tərəflər öz aralarında tənzimləmək məqsədi ilə ya bir müqavilə ilə hər üç tərəf arasında olan münasibətlər nizama salınır, ya da iki müqavilə - alqı-satqımüqaviləsi və lizinq müqaviləsi ilə tənzimlənir. Hazırki iddia üzrə üç tərəf – İddiaçı MMC satıcı qismində, "xxxx" QSC lizinq verən qismində, "xxxx" MMC isə lizinq alan qismində iştirak edirlər. 24 fevral 2023-cü il tarixli Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış PL029 nömrəli lizinq müqaviləsinə və İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış ASL029 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı İddiaçı MMC "xxxx" MMC-nə təqdim etməli, Cavabdeh1 MMC isə "xxxx" MMC-dən aldığı ödənişləri “Aqrofun MMC-nə ödəməlidir. Belə ki, tərəflər arasında bağlanmış ASL029 nömrəli alqı-satqı Müqaviləsinin 3.4-cü maddəsinə əsasən, alıcı - Cavabdeh1 QSC, satıcının təqdim etdiyi və alıcı tərəfindən mübahisələndirilməyən hesab-faktura əsasında ödənişi satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh1 QSC ilə üçüncü tərəf olan "xxxx" MMC arasında da 24 fevral 2023-cü il tarixində PL029 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh1 QSC lizinq verən, "xxxx" MMC isə lizinq alan qismində çıxış etmişdir. Həmin Müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən, lizinq obyektinin dəyərinin müəyyən hissəsi dövlət tərəfindən subsidiya formasında, digər hissəsi isə ilkin ödəniş kimi lizinq alandan ödənilməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə görə, lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. Həmin müqavilənin 4.9-cu bəndinə uyğun olaraq lizinq alan lisinq ödənişini gecikdirdikdə ödənilməsi gecikdirilən lizinq ödənişinin 0.1 faizinə bərabər dəbbə pulu ödənilməlidir. Həmin müqavilənin 5.8ci bəndinə görə, lizinq alanla satıcı və ya lizinq verən arasında lizinq obyekti ilə əlaqədar hər hansı mübahisənin olması və belə mübahisəli vəziyyətin davam etməsi lizinq alanı lizinq ödənişi ödəmək öhdəliyindən azad etmir. İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixində bağlanmış ASL029 nömrəli alqı-satqı müqaviləsinin Prembulasında göstərilir ki, alıcı ("xxxx" MMC) lizinq xidmətlərinin göstərilməsi ilə məşğuldur. Satıcı lizinq obyektini satmaq, alıcı isə xüsusi olaraq lizinq obyektini lizinq alana lizinqə vermək üçün almaq niyyətindədir. Həmin Müqavilənin 2.1-ci bəndinə görə satıcı lizinq obyektini bu Müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq Lizinq alana lizinq vermək məqəsi ilə lizinq obyektini qəbul etməyi və qiyməti bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öz üzərinə götürür. Müqavilədə nəzərdə tutulduğu kimi İddiaçı MMC öz ödəliyini yerinə yetirməsinə, malı lizinq alana təhvil verməsinə baxmayaraq, nə Cavabdeh1 QSC, nə də "xxxx" MMC öz maliyyə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı MMC müqavilə üzrə bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Belə ki, suvarma sistemi vaxtında təhvil verilmiş, müvafiq sənədlər və hesabfaktura təqdim olunmuşdur. Müvafiq olaraq İddiaçı MMC-nin qanuni tələblərinə baxmayaraq, Cavabdeh1 QSC və "xxxx" MMC bu borcu könüllü şəkildə bu günə qədər ödəməmişdir. İddiaçı tərəfindən 17 mart 2025- ci il tarixində cavabdehlərə yazılı pretenziya göndərilmiş, həmin pretenziyada 13 aprel 2025-ci il tarixinədək 170 000 manat borcun ödənilməsi tələb olunmuşdur. Lakin cavabdehlər pretenziyaya bu günə qədər cavab verməmiş və tələb olunan borc məbləği ödənilməmişdir. Yaranmış vəziyyət nəticəsində İddiaçı MMC maliyyə sıxıntıları ilə üzləşmiş, digər kommersiya və hüquqi şəxslərə olan öhdəliklərini icra etməkdə çətinliklər yaşamışdır. Borcun könüllü şəkildə ödənilməməsi səbəbindən iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir.

25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, suvarma sistemləri 2022-ci ilin yayında Qəbələ rayonunun Vəndam kəndində quraşdırılmışdır və sistemlərin "xxxx" tərəfindən təhvil alındığı faktla da təsdiq olunur.

26. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, malların gətirilməsinə dair gömrük bəyannamələrinin təqdim edilməsi onların lizinq alana təhvil verilməsini təsdiq etmir. Həmin sənədlər nə lizinq alana, nə də lizinq verənə malların faktiki təhvil verilməsini sübut etmir.

27. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, alqı-satqı müqaviləsi formal bağlanmış, reallıqda satıcı ilə lizinq alan eyni sahibkara məxsus olmuş, satıcı ilə Cavabdeh1 MMC arasında heç bir alqı-satqı əməliyyatı aparılmamışdır. Suvarma sistemlərinin "xxxx" MMC-nə təhvil verildiyindən məlumatları var, lakin "xxxx" MMC ilə bağlanan alqı-satqı müqaviləsi formal olduğundan, iddiaçının mübahisəsi onlarla yox, "xxxx" MMC ilə olmalıdır.

28. Birinci instansiya məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması, dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir.

29. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır ki,

- İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında 24 fevral 2023-cü il tarixli ASL029 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, iş üzrə yalnız tərəflər arasında imzalanmış alqı-satqı, lizinq müqavilələri və xx.xx.2020ci il tarixli gömrük bəyannaməsi təqdim edilmişdir. - İddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 fevral 2023cü il tarixli ASL029 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq obyektinin satıcı tərəfindən alıcıya təhvil verilməsi hər iki tərəfin və ya onların səlahiyyəti nümayəndələrinin təhvil-təslim Aktını imzalaması ilə həyata keçirilir. Lakin iddiaçı tərəfindən malın təhvil verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. - 26.xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi isə yuxarıda qeyd olunan alqı-satqı müqaviləsinin predmeti olan malın göndərən (ixracatçı) “Garant” LLC tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçıa ünvanlanmış ümumi invoys dəyəri 92 000 ABŞ dolları olan damla sulama sisteminin AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilməsini təsdiq edir. Odur ki, həmin bəyannamə malın məhz Cavabdeh1 MMC-nə təhvil verilməsini təsdiq edən birbaşa və ya dolayı sübut kimi qiymətləndirilə bilməz. İddiaçı 170 000 manat dəyərində malların cavabdehə verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməmişdir. - İddiaçı tərəfindən elektron qaimələrlə yanaşı borcun əsaslığını sübut edən digər sənədlər iddiaçının nümayəndəsinə məhkəmənin hazırlıq iclaslarında dəfələrlə təklif olunmasına baxmayaraq, (təhvil-təslim aktı, borcların üzləşdirilməsi aktı, elektron qaimələrin cavabdeh tərəfindən təsdiqlənməsi barədə sənəd və s.) məhkəməyə təqdim edilməmişdir. - İddiaçı MMC-nin cavabdeh "xxxx" MMCyə qarşı “pul” tələbinə dair iddia qaldırsa da belə bir tələblə iddia qaldırmağa subyektiv hüququnun, qanuni və müqavilə əsasının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. - İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında mübahisə predmeti olan avadanlıq barəsində öhdəlik hüquq münasibətləri yaranmamışdır. Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərinin yaranması İddiaçı MMC-nin heç bir hüququnu pozmamışdır.

30. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-ci, 445.7-ci maddələrinə, Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il, xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli Qərarlarına istinad etmişdir.

31. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək, onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, nəticədə qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə göstərilmişdir ki, “suvarma sistemləri idxal olunmazdan qabaq alıcı tərəfindən sifariş edilir, ilk növbədə onu sifariş edən şəxs olmalıdır. Digər tərəfdən suvarma sistemlərinin təhvil verilməsi ilə əlaqədar gömrük bəyannaməsi təqdim edilib. Həmin gömrük bəyannaməsi məhz malların Qəbələ rayonunun Vəndam kəndində boşaldılmasını təsdiq edir. Məhkəmə şərait yaradacağı təqdirdə malların "xxxx" MMC-nə verilməsi ilə bağlı şahid ifadələri və eyni zamanda malların boşaldılmasını təsdiq edən aktlar təmin ediləcək. Suvarma sistemlərinin bu gün də "xxxx" MMC-nə məxsus olan bağ sahəsində olmasını, onların bugündə ondan fayda götürməsini təsdiq edən faklar var. Hesab edirik ki, MM-nin 567-ci maddəsinə əsaslanaraq təqdim edilmiş sübutlar əsasında guya həmin maddənin tələbləri yerinə yetirilib mövqeyi doğru deyil. Kommersiya mübahisəsində də "xxxx" MMC ilə İddiaçı MMC arasında müqavilə bağlanmasa belə tərəflər arasında öhdəliyin yaranması işin mübahisəsiz halıdır. Əvvəla ona görə “Parners Lizing” şirkəti iddiaçı ilə alqı-satqı müqaviləsinə girsədə mallar birbaşa olaraq "xxxx" MMC-ə təhvil verilmiş, eyni zamanda "xxxx" MMC-ə məxsus Qəbələ rayonunda yerləşən bağ sahəsində quraşdırılmışdır. Hazırda suvarma sistemlərinin məhz "xxxx" MMC-nə məxsus olmasına dair hər hansı bir şübhə belə yoxdur. Məhkəmə iclasında da cavabdehin nümayəndəsinə onlara məxsus olan Qəbələ rayonunda bağ sahəsində suvarma sisteminin olub-olmaması, varsa hansı şirkətdən və haradan alınması ilə bağlı sualımıza yayınmaqla cavab verməkdən imtina etdilər. Lizinq münasibətlərin mahiyyəti də ondan ibarətdir ki, baxmayaraq ki, lizinq müqaviləsi üzrə alıcı qismində lizinq təşkilatı iştirak edir, mallar lizinq alana təhvil verilir. Malların təhvil verilməsini gömrük bəyannaməsi, elektron bəyannamə kifayət qədər sübut edir”.

Apellyasiya şikayətinə qarşı etiraz

32. Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

33. Həmin etiraz ərizəsində aşağıdakılar göstərilmişdir: "xxxx" MMC ilə aramızda alqı-satqı müqaviləsi imzalanmasına baxmayaraq, həmin alqı-satqı müqaviləsinin predmeti olan suvarma sistemi ümumiyyətlə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməmişdir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən apellyasiya məhkəməsində təqdim edilmiş sübutlar qəbul edilməməli, şahidlər cəlb edilməməlidir. Birinci instansiya məhkəməsində hər iki cavabdeh malın təhvil verilmədiyini bildirdiyi halda, iddiaçı malın təhvil verilməsinə dair sübut təqdim etməmişdir. Hazırda apellyasiya instansiyasına təqdim etdiyi sənədlərin isə təqdim edilməsi üçün əsasların apellyasiya prosesində əldə edilmiş olmasını və ya sənədlərin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmamasını əsaslandıra bilmir. İddiaçının məhkəməyə təqdim etdiyi bütün sənədlərdə suvarma sistemlərinin Cavabdeh1 MMC-yə təhvil verilməsi görünmür. Eyni zamanda Cavabdeh1 MMC-nin belə bir sifariş verməsi barədə sübutlar da mövcud deyil”.

34. "xxxx" MMC-nin nümayəndəsi (vəkili) tərəfindən də apellyasiya şikayətinə qarşı aşağıdakı məzmunda yazılı etiraz verilmişdir: “Birinci instansiya məhkəməsində icraat zamanı hər iki cavabdeh malların iddiaçı tərəfindən təhvil verilmədiyini bildirdi. İddiaçı isə malların cavabdehlərə təhvili barədə məhkəməyə sənəd təqdim etmədi. Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən iddiaçı hazırda apellyasiya məhkəməsinə digər Cavabdeh1 QSC ilə "xxxx" MMC arasında təsdiqlənmiş təhvil aktını təqdim edərək cavabdehlərə mal verilməsini sübut etmək istəyir. Apellyasiya instansiya məhkəməsində sübut qəbul edilməsi üzürlü səbəb göstərilmədiyi halda MPM-nin 78.1-ci maddəsinə ziddir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akt formal olaraq cavabdehlər arasında təsdiqlənmiş, sonradan satıcı tərəfindən mallar lizinq şirkətinə təhvil verilmədiyi üçün lizinq əməliyyatı baş tutmamış və cavabdehlər arasında bağlanmış lizinq müqaviləsi və əlavələri, o cümlədən iddiaçının məhkəməyə təqdim etdiyi akt hər iki tərəfin razılığı ilə ləğv edilmişdir. Bu faktı digər Cavabdeh1 QSC də məhkəmə prosesində təsdiqləmişdir”.

Apellyasiya baxışı, izahatlar

35. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlərin nümayəndələrii (vəkilləri) apellyasiya şikayətinə etirazlarının məzmunlarına uyğun izahatlar verərək şikayətin və iddianın əsassız olduğunu bildirmişlər.

36. İddiaçının nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, təhvil-təslim protokolunun birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilməməsinin səbəbi İddiaçı MMC-də əvvəllər mühasib vəzifəsində işləmiş X2 işdən çıxması olmuşdur. Belə ki, məhkəmə gedişi zamanı X6 işdən çıxmış, mühasibtalığa təhkim edilmiş bəzi sənədlər onda qalmış, təhvil-təslim protokolunu məhkəməyə təqdim etmək istədikləri zaman onun Çin Xalq Respublikasında uzunmüddətli işgüzar səfərdə olduğu müəyyən edilmişdir. Yalnız o Çin Xalq Respublikasından gəldikdən sonra ona təhkim edilmiş sənədləri, o cümlədən 25 fevral 2023-cü il tarixli PL029 nömrəli, xx.xx.2023 -cü il tarixli Lizinq Müqaviləsinə 3 saylı Əlavə Təhvil-Təslim Protokolunu İddiaçı MMC-nə təyin edilmiş yeni mühasib X4 təqdim etmişdir. Beləliklə, 25 fevral 2023-cü il tarixli PL029 nömrəli, xx.xx.2023cü il tarixli lizinq müqaviləsinə 3 saylı Əlavə Təhvil-Təslim Protokolunu obyektiv səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edə bilməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

38. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

39. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

40. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

42. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

43. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

44. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

48. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

49. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

50. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

54. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

55. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

56. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

57. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

58. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

59. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

60. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

68. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

71. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

72. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

73. İşin müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh1 QSC arasında 24 fevral 2023-cü il tarixində ASL029 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı, 25 ha alma bağı üçün damlama tipli suvarma sistemini müqavilədə müəyyən edilmiş şərtlərlə Cavabdeh1 QSC-nə satmağı, Cavabdeh1 QSC isə xüsusi olaraq "xxxx" MMC-nə lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdələrinə götürmüşlər.

74. İddiaçı məhz alqı-satqı müqaviləsinin predmeti olan malın (25 ha alma bağı üçün damlama tipli suvarma sisteminin) dəyərinin ödənilməsini tələb edir, Cavabdeh1 MMC isə isə həmin müqavilənin formal əqd olmaqla görünüş üçün bağlandığını irəli sürməklə malın ümumiyyətlə ona təhvil verilmədiyini bildirir.

75. Bu səbəblə kollegiya, ilk növbədə müvafiq müqavilənin etibarlılığı məsələsinə qiymət verməyi zəruri hesab edir:

76. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

77. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 40) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

78. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

79. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 43, 44). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

80. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

81. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

82. Şərh olunanları, alqı-satqı müqaviləsinin tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilənin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, 24 fevral 2023-cü il tarixli ASL029 nömrəli alqı-satqı müqaviləsini yalan və ya uydurma əqd hesab etmək mümkün deyildir.

83. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra onun dəyərini ödəməlidir.

84. İddiaçı MMC ilə Cavabdeh1 QSC arasında bağlanmış 24 fevral 2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə alqı-satqı predmetinin (25 ha alma bağı üçün damlama tipli suvarma sisteminin) MMC tərəfindən bilavasitə QSC-nə təhvil verildiyinə dair sübut olmasa da, işin hallarından görünür ki, İddiaçı MMC həmin predmeti Gürcüstan Respublikasında yerləşən şirkətdən 92 000 ABŞ dollarına satın almış, predmet Azərbaycan Respublikasına gətirilmiş və "xxxx" MMC-nə təhvil verilmiş, Qəbələ rayonunun Vəndam kəndində quraşdırılmışdır (§ 14, 15).

85. 24 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin, alqı-satqı predmetinin xüsusi olaraq lizinq alana lizinqə verilmək məqsədilə bağlandığını və bu məqsədə nail olunduğunu nəzərə alan kollegiya hesab edir ki, predmetin Cavabdeh1 MMC-nə təhvil verildiyinə dair müvafiq aktın olmaması, iddiaçının malın dəyərini məhz alıcıdan (Cavabdeh1 MMC-dən) tələb etməsinə maneə yarada bilməz.

86. Başqa sözlə, nə qədər ki, alqı-satqı müqaviləsinin predmeti lizinq alandadır və lizinq alan hazırkı dövrdə də ondan istifadə edir, habelə nə qədər ki, həmin predmet lizinq alana məhz Cavabdeh1 MMC tərəfindən təhvil verilmişdir, belə olan halda MMC-nin müvafiq müqaviləni mübahisələndirməsi və malın dəyərini ödəməkdən imtina etməsi dürüstlük qaydasına ziddir.

87. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

88. Buna görə də kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi üzrə öhdəliyini pozaraq onu icra etməyən, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan Cavabdeh1 MMC müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

89. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının birinci instansiya məhkəməsində təqdim edilməməsi səbəbindən ona istinad olunmasının yolverilməzliyi barədə irəli sürülən arqumentlərə münasibətdə kollegiya qeyd edir ki, həmin sübut Cavabdeh1 QSC-nin (lizinq verən) və "xxxx" MMC-nin (lizinq alan) səlahiyyətli nümayəndələrinin tərtib etdikləri sənəd olmaqla onun iddiaçı tərəfindən təqdim olunmasını tələb etmək sübutetmə qaydalarına uyğun deyildir və həm bu hal, həm də iddiaçının müvafiq sübutu nəyə görə apellyasiya icraatı zamanı təqdim edə bildiklərinə dair verdiyi izah, yaranmış vəziyyətin iddiaçıdan asılı olmayan səbəblə (§ 67) əlaqədar olduğu qənaətinə gəlməyə əsas verir.

90. Kollegiya, "xxxx" MMC”-nə aid hissədə iddia tələbini əsaslı hesab etmir və həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, "xxxx" MMC-nin iddiaçı qarşısında müqavilədən irəli gələn hər hansı öhdəliyi mövcud deyildir.

91. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən kollegiya hesab edir ki, iddia ərizəsinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri də Cavabdeh1 MMC-dən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4372/2025 saylı iş üzrə qəbul etdiyi 03 oktyabr 2025-ci il tarixli qətnamə qismən – iddia tələbinin Cavabdeh1 MMC-nə münasibətdə təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh1 MMC-nə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi təmin edilsin. Cavabdeh1 MMC-dən 170 000 (yüz yetmiş min) manat tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə qalan hissədə, yəni iddia tələbinin "xxxx" MMC-ə münasibətdə təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 230 (iki yüz) manat Cavabdeh1 MMC-dən alınıb İddiaçı MMC-ə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar