Məhkəmə qərarları › İş №2-2(103)-1294/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1294/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1294/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Gömrük Komitəsinin Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “pul”tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2780/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Gömrük Komitəsinin Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası DGK Cavabdeh1 tərəfindən 230 582,50 (ƏDV daxil) manat məbləğində ödənilməmiş borc məbləğinin, 25.248, 78 manat dəymiş ziyanın və 521 manat məbləğində dövlət rüsumunun və həmçinin vəkillə müqavilə bağlanılması üçün ödənilmiş 500 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iş məhkəmənin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 “borcun tutulması” tələbinə dair işlə (iş № e-2-2(113)-8044/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2780/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi,cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 194851.24 (yüz doxsan dörd min səkkiz yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 35073.22 (otuz beş min yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 229924.46 (iki yüz iyirmi doqquz min doqquz yüz iyirmi dörd manat qırx altı qəpik) manat məbləğində borc, illik 5% hesablanmış 11496.22 (on bir min dörd yüz doxsan altı manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 532 (beş yüz otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi , iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq Caspian Valuation MMC-nin bank hesabına (bank: ABB ASC Nərimanov filialı, VÖEN **********, Müxbir Hesab AZ03NABZ********************, H.hesab: AZ471BAZ********************5, KOD: 805711, SWİFT İBAZAZ2X) ödənilməsi,iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 500 (beş yüz) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq Azərbaycan Respublikası “X2” bank hesabına (Kod 201218, VÖEN **********, Müxbir Hesab AZ37NABZ********************, SWİFT AİİBAZ2X, X5, VÖEN **********, hesab: AZ64AİİB400900C**********208) ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2780/2025 nömrəli qətnaməsi ləğv edilsin, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Belə ki, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. - 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; - 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndində proses iştirakçıları tərəfindən şikayətinin verilməsi qaydası, 8.2.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndini təhlil etdikdə aydın olur ki, şikayətin elektron yüklənməsi zamanı faylın (vord) elektron sistemə yüklənməsi ilə şikayətin skan versiyasının yüklənməsi fərqləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin “AZDOC” informasiya sistemi vasitəsi ilıə verilməsi yuxarıda qeyd edilən normalara əsasən şikayətin elektron imzalanması və yüklənməsi hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Göründüyü kimi prosessual qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq, apellyasiya şikayəti formaya uyğun tərtib edilməmiş və elektron formada tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsində təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin və 363.1.5-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2780/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-xx/xx/2025 saylı qətnaməsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar