Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1299/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Holcim (Azərbaycan) ASC-nin nümayəndəsi Qafari Qanuni nümayəndə Fazil oğlunun, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Holcim (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021 saylı 18.08.2021-ci il tarixli qətnaməsindən (hakim Emin Əliyev) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Holcim (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddiaya əlavə verərək 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711503,20 manat əsas borcun, 120129,70 manat cərimə, cəmi 831632,90 manat və 30 manat dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi, 17.02.2020-ci il tarixli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə 200000 manatın, 20000 manat məbləğində cərimənin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə Holcim (Azərbaycan) ASC arasında 01.02.2020-ci il tarixində bağlanmış O000708459 saylı alqı- satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə sement məhsulları satmağı, cavabdeh isə satılanmalı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında Cavabdeh1 MMC-yə sement məhsulları göndərmişik. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini ödəməmiş, altlıqları qaytarmamışdır. Belə ki, 711503.2 manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. 28.09.2020-ci il tarixdə şirkət Cavabdeh1 MMC-yə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 07.10.2020-ci il tarixinədək ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Həmin pretenziya Cavabdeh1 MMC-yə 28.09.2020-ci il tarixində təqdim edilmişdir. Lakin, Cavabdeh1 MMC heç bir ödəniş etməmişdir. Cavabdeh1 MMC ilə 01.02.2020-ci il tarixində bağlanmış O000708459 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqısatqı müqaviləsi üzrə ödənişi gecikdirdiyinə görə indiki tarixədək yaranmış cərimə məbləği 120129.7 təşkil edir. Holcim (Azərbaycan) ASC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında 17 fevral 2020-ci il tarixində 140356/20/1 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən zamin ("xxxx" MMC), kreditor (Holcim (Azərbaycan) ASC) ilə borclu (Cavabdeh1 MMC) arasında bağlanmış 01.02.2020-ci il tarixli, O000708459 saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin əlavələri üzrə borclu kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, borclu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini tamamilə icra etməyi öhdəsinə götürür. Zaminlik Müqaviləsinin 1.2-ci maddəsinə zaminin bu müqavilə üzrə kreditor qarşısında zamin olduğu məbləğin yuxarı həddi 200.000 manat (ƏDV daxil olmaqla) təşkil edir. Həmin Müqavilənin 2.3.2-ci maddəsinə görə alqı-satqı müqavilələri üzrə öhdəliklər borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zamin kreditorun ilk tələbi ilə heç bir etiraz etmədən, borc məbləğlərini, hesablanmış faizləri, cərimələri, habelə kreditorun çəkmiş olduğu hər hansı digər xərc və zərərləri 7 gün ərzində tamamilə kreditora ödəməyi öhdəsinə götürür. Bu barədə cavabdeh "xxxx" MMC-yə 07.10.2020-ci il tarixində pretenziya məktubu ünvanlanmış və 16 oktyabr 2020-ci il tarixinədək zamin olduğu 200000 manat borcu ödənilməsi xahiş edilmişdir. Həmin məktub “Azsement Bakı“ MMC-yə 07.10.2020-ci tarixində çatdırılsa da, cavabdeh 200.000 manat borcu ödəməmişdir. Zaminlik müqaviləsinin 4.2-ci maddəsinə görə zamin bu müqavilənin 2.3.2-ci yarımbəndi ilə müəyyən olunan ödənişi gecikdirdiyi halda o, gecikdirilən məbləğin 10%-i həcmində kreditora cərimə ödəyir. Borcu vaxtında ödəmədiyi üçün cavabdeh "xxxx" MMC-yə borcun 10%-i, yəni 20.000 manat məbləğində cərimə hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021 saylı 18.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711503,20 manat əsas borc, 12471,23 manat cərimə, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat cəmi 724000 manat məbləğində pul və 17.02.2020-ci il tarixli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 711503,20 manat məbləğində əsas borcun 200.000 manat hissəsi, bununla yanaşı 2000 manat məbləğində cərimə tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin cavabdeh "xxxx" MMC-nə aid hissədə rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kommersiya Məhkəməsi qətnaməsini qəbul edərkən istinad etdiyi “17.02.2020-ci il tarixli 140356/20/1 nömrəli zaminlik müqaviləsi” əslində mövcud deyil, yəni iddiaçı tərəf saxta zaminlik müqaviləsi təqdim edərək cavabdeh “Azsement Bakı MMC-nin üzərinə qanunsuz öhdəlik qoyub. Zaminlik müqaviləsinin 1-ci səhifəsində "xxxx" Bakı MMC-nin zamin olduğu məbləğin 200 000 manat olduğu göstərilsə də həmin səhifədə iradə ifadəsinin "xxxx" Bakı MMC tərəfindən təsdiq etdiyinə dair hər hansı bir imza və ya möhür mövcud olmadığı kimi, həmin səhifə 2-ci səhifəyə qaytanlanıb-tikilib möhürlənməmişdir. Bu səbəblə həmin 1-ci səhifədəki məzmunun iddiaçı tərəfindən məhkəməyə verilmədən əvvəl istədiyi formada rahatlıqla tərtib edilə biləcəyi şübhəsizdir. Biz "xxxx" Bakı MMC olaraq belə bir müqavilə ilə Cavabdeh1 MMC üçün iddiaçı qarşısında zamin olmamışıq. Həmin 1-ci səhifədə nə bizim şirkətin direktorunun imzası, nə də möhürü vardır. İddiaçı tərəfindən tək tərəfli istehsal edilən belə bir “kağıza”, “saxta sübuta” istinad edərək Kommersiya Məhkəməsinin "xxxx" Bakı MMC-ni, iddiaçı Holcim ASC-nin qarşısında məhkum etməsi qəbul edilməzdir. İddiaçının tək tərəfli olaraq istehsal edib məhkəməyə verdiyi “17.02.2020-ci il tarixli 140356/20/1 nömrəli saxta zaminlik müqaviləsinin” 1-ci səhifədəki iradənin cavabdeh "xxxx" Bakı MMC-yə aid olduğunu göstərən hər hansı işarə (imza, möhür, qrafik) mövcud deyildir. Yəni həmin 1- ci səhifədə bəyan olunan iradənin (məzmunun) "xxxx" Bakı MMCdən gələdiyini təyin etmək mümkün deyildir. 2) İddiaçının tək tərəfli olaraq istehsal edib məhkəməyə verdiyi “17.02.2020-ci il tarixli 140356/20/1 nömrəli saxta zaminlik müqaviləsindən” də məlum olur ki, həmin müqavilə tərtib edilərkən zaminlik müqaviləsinin mühüm şərtləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmayıb və Kommersiya Məhkəməsi də buna əhəmiyyət verməyib. “17.02.2020-ci il tarixli 140356/20/1 nömrəli saxta zaminlik müqaviləsinin” 1-ci səhifəsində zaminlik müqaviləsinin mühüm şərtləri ifadə olunub. Lakin həmin mühüm şərtlər ilə bağlı cavabdeh "xxxx" MMC-nin razı olduğunu təsdiqləyən heç bir işarə (imza) mövcud deyildir. Məhkəməyə verdiyi “17.02.2020-ci il tarixli 140356/20/1 nömrəli saxta zaminlik müqaviləsinin” 2-ci səhifəsi Azsement Bakı MMCnin direktoruna aid olduğu iddia edilən möhür-imza ilə təsdiqlənmiş olsa da, tərəflər arasında belə bir möhür-imzadan istifadəyə dair razılaşma olmadığı kimi, həmin möhürimzanın əslində "xxxx" MMC-nin direktoruna aid olmadığını, saxta yol ilə hazırlandığı hesab olunur. Lakin məhkəmə bunlara əhəmiyyət verməyib. Kommersiya Məhkəməsində keçirilən icraat vaxtı cavabdeh Upon MMC, iddiaçı Holcim ASC qarşısında hər hansı bir müdafiə vasitəsindən istifadə etməmiş, hər hansı bir etiraz irəli sürməmiş, hətta bircə dəfə də olsa məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh1 MMC, qeydsiz-şərtsiz iddiaçının 711 503,20 manatlıq tələbini qəbul etmişdir. Bu durum cavabdeh Upon MMC ilə iddiaçı Holcim ASC-nin həm öz aralarında bağladıqlarını iddia etdikləri 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi ilə, həm də "xxxx" Bakı MMC- ilə birlikdə üç tərəfli olaraq bağladıqlarını iddia etdikləri “saxta zaminlik” müqaviləsi ilə əslində cavabdeh "xxxx" Bakı MMC-yə qarşı birləşmişdir. Burada əsas məqsəd isə əslində cavabdeh "xxxx" Bakı MMC-yə məxsus olub iddiaçı "xxxx" ASC-də qalmış 200 000-ə yaxın pul vəsaitinin mənimsəməkdir ki, iddiaçı buna Kommersiya Məhkəməsinin qəbul etdiyi qanunsuz və əsassız qətnamə ilə nail olmaq üzrədir. Qeyd edək ki, Cavabdeh1 MMC ilə iddiaçı Holcim ASC-yə qarşı 711 505,20 manat borcun əmələ gəldiyi də müəmmalıdır. Məhkəmə bunu belə yetərli araşdırmadan iddiaçının saxta müqavilə ilə zamin olduğunun iddia etdiyi "xxxx" Bakı MMC məhkum etmişdir. Bu durum da qətnamənin qanunsuz və əsasız olduğunu sübut edir. Məhkəmə qətnaməsi ilə Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələbinə ziddir. İşə apelyasiya qaydasında baxılması 01.12.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh1 MMC-nin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişi həmin ünvanda fəaliyyət göstərmədiyi üçün çatmamış, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi Qafari Qanuni nümayəndə Fazil oğlu məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021 saylı 18.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə 711503,20 manat əsas borcun 200.000 manat hissəsi və 12471,23 manat cərimə borcunun 2000 manat hissəsi, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat Cavabdeh1 MMC-dən və cavabdeh "xxxx" MMC-dən müştərək qaydada, əsas borc və cərimə borcunun qalan hissəsi Cavabdeh1 MMC-dən tutularaq iddiaçı Holcim (Azərbaycan) ASCyə ödənilməlidir. 01.02.2020-ci il tarixli O000708459 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı Holcim (Azərbaycan) ASC alıcı Cavabdeh1 MMC-yə sement məhsulları satmağı, sonuncu isə satılanmalı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. 17.02.2020-ci il tarixli Holcim (Azərbaycan) ASC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında imzalanmış 140356/20/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin ("xxxx" MMC), kreditor (Holcim (Azərbaycan) ASC) ilə borclu (Cavabdeh1 MMC) arasında bağlanmış 01.02.2020-ci il tarixli, O000708459 saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin əlavələri üzrə borclu kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, borclu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini tamamilə icra etməyi öhdəsinə götürür, zaminin müqavilə üzrə kreditor qarşısında zamin olduğu məbləğin yuxarı həddi 200000 manat (ƏDV daxil olmaqla) təşkil edir, zamin ödənişi gecikdirdiyi halda 10% həcmində cərimə ödəyir. Holcim (Azərbaycan) ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, 01.02.2020-ci il tarixli O000708459 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MMC-yə 711503,20 manat mal satılmış, ödənişin gecikdirilməsinə görə 120129,70 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə təhvil-təslim aktları, elektron qaimələr təqdim edilmişdir. İşdəki 31.03.2020-ci il tarixli üzləşmə aktının əslindən görünür ki, Cavabdeh1 MMC həmin tarixə iddiaçıya 245193,43 manat borcu olduğunu təsdiq etmişdir.(3-cü cild, vərəq 12). İş materiallarından görünür ki, qeyd edilən üzləşmə aktı tərtib edildikdən sonra iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 16.04.2020-ci il tarixli 860633 saylı elektron qaiməyə əsasən 20420,06 manat dəyərində, 17.04.2020-ci il tarixli 891774 saylı elektron qaiməyə əsasən 58937,28 manat dəyərində, 20.04.2020-ci il tarixli 957980 saylı elektron qaiməyə əsasən 61438,04 manat dəyərində, 20.04.2020-ci il tarixli 960327 saylı elektron qaiməyə əsasən 52229 manat dəyərində, 21.04.2020-ci il tarixli 000368 saylı elektron qaiməyə əsasən 44974,19 manat dəyərində, 22.04.2020-ci tarixli 066168 saylı elektron qaiməyə əsasən 76515,82 manat dəyərində, 23.04.2020-ci il tarixdə 095286 saylı elektron qaimə ilə 86844,54 manat, 24.04.2020-ci il tarixli 141307 saylı elektron qaimə əsasında 41384,58 manat dəyərində, 27.04.2020-ci il tarixli 235014 saylı qaiməyə əsasən 20181,71 manat dəyərində, 27.04.2020-ci il tarixli 244283 saylı qaiməyə əsasən 3383,61 manat dəyərində, cəmi 466308,83 manat dəyərində mal təhvil verilmişdir. Təhvil verilmiş mallarla bağlı təhvil-təslim aktları iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 462.1, 467, 470.1, 567, 598.1-598.3-cü maddələrinə istinad edərək iddianın qismən-əsas borc hissəsində tam, cərimə hissəsində qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. İş üzrə qəbul edilmiş qətnamə zamin "xxxx" MMC tərəfindən ona aid hissədə mübahisələndirilir. Apelyasiya şikayətində "xxxx" MMC zaminlik müqaviləsindəki imza və möhürün "xxxx" MMC-yə aid olduğunu mübahisələndirərək məhkəmə tərəfindən bu dəlilin yoxlanılması üçün müvafiq ekspertizalar təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək iş üzrə ekspertiza təyin edilməsini aşağıdakılara əsasən zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Hazırkı halda "xxxx" MMC ən azı 07.10.2020-ci il tarixdən- iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunu aldığı vaxtdan 17.02.2020-ci il tarixli zaminlik müqaviləsinin mövcudluğu barədə məlumatlı olduğu halda həmin əqdin etibarsızlığı barədə qarşı tərəfə iradə ifadəsini bildirməmiş, iddiaya etirazının əsası kimi bu hala istinad etməmiş, zaminlik müqaviləsindəki imzanın və möhürün "xxxx" MMC-yə aid olubolmadığının araşdırılması üçün ekspertiza təyin edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak etsə də zaminlik müqaviləsinin etibarsız müqavilə olması ilə bağlı mövqe bildirməmiş, Bakı Kommersiya Məhkəməsinin iş üzrə qəbul etdiyi 26.11.2020-ci il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən 26.01.2021-ci il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, “566.000 manat qarşı tərəfə pul ödəmişik. Qarşı tərəf qeyd etsə də ki, zaminlik müqaviləsinə aid deyil, yalan deyir. Biz 200.000 manatlıq mala zamin durmuşuq.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Prosessual qanunvericiliyə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlanılarkən tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara, tələb və etirazlarına düzgün hüquqi qiymət verilibverilmədiyi yoxlanılır. Ekspert rəyləri də tərəflərin öz tələb və etirazlarının təsdiq edilməsi üçün sübut növlərindən biridir. Əgər tərəflər birinci instansiya məhkəməsinə hər hansı halın araşdırılması və yoxlanılması ilə bağlı ekspert rəyi alınması barədə vəsatətlə müraciət etməmişlərsə, tərəfin vəsatəti əsasında apellyasiya instansiyası mərhələsində əldə edilmiş ekspert rəyi yeni sübut hesab olunduğu üçün MPM-nin 372.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin apelyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ona aid hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 17.02.2020-ci il tarixli zaminlik müqaviləsində "xxxx" MMC-nin Cavabdeh1 MMC ilə 200.000 manat həddində borc məbləği və cəriməyə görə birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Hazırkı halda birinci instansiya məhkəməsi qeyd edilən normanın tələbini nəzərə almamış, qətnamədə 711503,20 manat məbləğində əsas borcun 200.000 manat hissəsinin, bununla yanaşı 2000 manat məbləğində cərimənin borclu və zamindən müştərək qaydada tutulmasını deyil, yalnız "xxxx" MMC-dən tutulmalı olduğuna dair nəticəyə gəlmişdir. Buna görə də məhkəmə hesab edir ki, maddi hüquq normasının pozuntusu müəyyən edildiyindən apellyasiya şikayətində bu barədə qeyd olmasa da, qətnamə dəyişdirilərək 711503,20 manat əsas borcun 200.000 manat hissəsi və 12471,23 manat cərimə borcunun 2000 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021 saylı 18.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə 711503,20 manat əsas borcun 200.000 manat hissəsi və 12471,23 manat cərimə borcunun 2000 manat hissəsi, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat Cavabdeh1 MMC-dən və cavabdeh "xxxx" MMC-dən müştərək qaydada, əsas borc və cərimə borcunun qalan hissəsi Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021 saylı 18.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 01.02.2020-ci il tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə 711503,20 manat əsas borcun 200.000 manat hissəsi və 12471,23 manat cərimə borcunun 2000 manat hissəsi, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat Cavabdeh1 MMC-dən və cavabdeh "xxxx" MMC-dən müştərək qaydada, əsas borc və cərimə borcunun qalan hissəsi Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1299/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1299/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver