Məhkəmə qərarları › İş №2-2(103)-130/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-130/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-130/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı pul tələbinə dair inzibati mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(112)-367/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən kommersiya işinə yenidən apellyasiya qaydasında məhkəmənin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Ərazi Tikinti - Planlaşdırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 03.05.2012- ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 3148,24 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi 12535,22 manat vəsaitin və 30 manat pul məbləğinin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Şəhər Ərazisinin Tikinti- Planlaşdırma İdarəsi arasında bağlanmış 03.05.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Şəhər Ərazisinin Tikinti- Planlaşdırma İdarəsinə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “İcraçı” öz üzərinə, sifariş əsasında “Sifarişçi”nin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, “Sifarişçi” isə görülmüş işi qəbul edir və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən,“Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödəniş “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 iş günündən gec olmayaraq aparmalıdır. Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtonəqliyyat vasitəsinə 31.03.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 628,94 manat təşkil etmiş, 20.07.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1734,60 manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal hazıradək ödəməkdən yayınmışdır. Belə ki, **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə İddiaçı MMC tərəfindən 31.03.2018-ci il və 20.07.2018-ci il tarixlərində göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 2363,54 manat təşkil edir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə 19.09.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. İddiaçı MMC ilə cavabdeh Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi arasında bağlanmış 03.05.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Cavabdehin borclarının yarandığı tarixdən iddia ərizəsi tərtib olunan tarixədək, yəni 06.10.2020-ci il tarixədək borcunu ödəməmişdir. Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən 3148,24 manat borcdan əlavə, 03.05.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsini rəhbər tutaraq yaranmış hər iki borca hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi hesablanan ümumilikdə 12535,22 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda 19.03.2019-cu il tarixdə Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Cavabdeh yaradılaraq əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-367/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş hesab faktura, e-qaimə və təmir kartlarına nəzər saldıqda İddiaçı MMC tərəfindən Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus avtonəqliyyat vasitəsinə texniki xidmətlərin və məhz hansı xidmətlərin göstərilməsini müəyyən etmək mümkündür. Həmin xidmətlərin göstərilməsini təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Belə ki, mübahisələndirilən qətnamədə iddianın rədd edilməsi, yeni yaradılan publik hüquqi şəxs kimi Ərazi Tikinti Planlaşdirma Mərkəzinin əvvəlki hüquqi şəxsin öhdəliklərinə görə cavabdeh olmaması, həmçinin İddiaçı MMC tərəfindən əsaslı sübutların təqdim olunmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 2019-cu il tarixli 597 saylı Fərmanına əsasən, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında DövlətŞəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statusu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılmışdır. Əvvəla nəzərə almaq lazımdır ki, Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus olmuş bütün əmlak, eləcə də İddiaçı MMC tərəfindən xidmət göstərilmiş **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jeta” markalı avtonəqliyyat vasitəsi hal-hazırda Cavabdeh balansına keçmişdir. Odur ki, məhkəmənin yeni yaradılan publik hüquqi şəxs kimi Cavabdeh əvvəlki və əsasında yaradıldığı Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin hər hansı bir müddəa ilə nəzərdə tutulmadığına görə öhdəliklərinə cavabdeh olmamasına dair gəldiyi nəticə düzgün yanaşma hesab edilə bilməz. Belə ki, qanunun analogiyası ilə Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilərək qeyd edilən məsələ mübahisələndirilməməli idi. Əgər əvvəlki hüquqi şəxsin balansında olan bütün əmlak yeni yaradılmış hüquqi şəxsə təhvil verilirsə, bu həm də öhdəliklərin ötürüldüyünü özündə ehtiva edən amillərdəndir. Əks halda əvvəlki hüquqi şəxsin öhdəliklərinə bu formada xitam verilməsi ağlabatan deyildir. Məhkəmənin bu yanaşmasını rəhbər tutsaq, belə çıxır ki, İddiaçı MMC göstərilən xidmətlərə görə öz haqqını tələb etməsi üçün bütün vasitələrdən məhrum olmalıdır. Bakı Apelyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2-2(103)-600/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-367/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi işin birinci instnsiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və bildirmişdir ki, qanunvericiliyin tələbinə görə təşkilati hüquqi formanın dəyişdiyi halda yeni hüquqi şəxs əvvəlkinin öhdəliklərinə görə məsuliyyət daşıyır. Hazırki halda isə iddiaçı ilə müqavilə münasibətində olmuş Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi təşkilati hüquqi formasını dəyişməmiş, həmin idarə ləğv edilmişdir. Ləğv edilmiş İdarənin öhdəliklərinə görə məsuliyyət isə həmin idarənin tabe olduğu hüquqi şəxsin öhdəsinə düşür. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2-2(102)-434/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-600/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki halda tam və obyektiv nəticənin əldə olunması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli, 597 saylı Fərmanına əsasən iddiaçı ilə müqavilə münasibətlərində olan İdarənin əsasında yaradılmış cavabdeh X6 İdarənin hüquq və vəzifələrinin hansı həcmdə keçməsi müəyyən edilməli idi. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli, 597 saylı Fərmanında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin apellyasiya məhkəməsinin qeyd etdiyi kimi ləğv olunduğu göstərilməmiş, Ərazi Tikinti-X1 əsasında yaradılması müəyyən edilmişdir. Habelə, həmin Fərmanla İdarənin öhdəliklərinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə keçməməsi də nəzərdə tutulmamışdır. Belə olan halda, İdarənin aktivlərinin cavabdehə keçməsinə baxmayaraq, onun passivlərinin (öhdəliklərinin) hansı səbəbdən cavabdehə keçməməsi ilə bağlı yaranmış ziddiyyətə apellyasiya məhkəməsi tərəfindən aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İş materiallarında olan : - 03.05.2012-ci il tarixli, “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” 20/c saylı müqaviləyə əsasən İddiaçı MMC öz üzərinə, sifarış əsasında Bakı Şəhər Planlaşdırma İdarəsinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürmüş və idarə isə götürülmüş işi qəbul etməyi və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - 2288 saylı təmir kartına əsasən **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə İddiaçı MMC tərəfindən 787,70 manat dəyərində, 1384 saylı təmir kartı üzrə 1734,60 manat dəyərində təmir xidməti göstərilmişdir. - 31.03.2018-ci il tarili, EAAİ seriyalı, 042553 saylı elektron qaiməyə əsasən Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinə 628,94 manat dəyərindən,04.04.2018-ci il tarixli, HS seriyalı 195692 saylı elektron qaiməyə əsasən 628,94 manat dəyərində, 24.07.2018-ci il tarixli EAAK seriyalı, 814290 saylı elektron qaiməyə əsasən 1734,60 manat dəyərində, 31.07.2018-ci il tarixli, HT seriyalı, 834967 saylı elektron qaiməyə əsasən 1734,60 manat dəyərində, 04.12.2018-ci il tarixli HW seriyalı, 010049 saylı elekron vergi hesabfakturasına əsasən 784,70 manat dəyərində texniki xidmət göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tələbin yönəldiyi cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin müqavilənin tərəfi olmuş Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin hüquqi varisi olmamasına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki halda cavabdehlə iddiaçı arasında öhdəliklərin yaranması üçün Mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından, həmçinin iddiaçı tərəfindən məhkəməyə avtomobilə baxış keçirib qüsurlar barəsində sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı sübut təqdim olunmadığından, müqavilə üzrə borcun tələb edilməsi qanunauyğun olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, AR MM-nin 56.5-ci maddəsinin tələblərinə əsasən iddia tələbi qismən-müqavilə üzrə göstərilmiş xidmətlərə görə yaranmış borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Həmin Məcəllənin 59.6-ci maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Həmin Məcəllənin 59.7-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 59.8-ci maddəsinə əsasən yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-ci maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. İşin hallarından görünür ki, iddiaçı ilə Bakı Şəhər Ərazi Tikinti-Planlaşdırma İdarəsi arasında “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” 2012-ci il 3 may tarixli, 20/c saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Şəhər Ərazisinin Tikinti-Planlaşdırma idarəsinə məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı “Volksvagen Jetta” markalı avtonəqliyyat vasitəsinə göstərilmiş xidmətlərə görə ümumilikdə 3148 manat 24 qəpik təşkil edən xidmət haqqı ödənilməmiş, cavabdehə həmin borclarla bağlı hesab fakturalar və elektron qaimələr göndərilməsinə baxmayaraq, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Məhkəmə araşdırmaları zamanı həmin xidmətlərin göstərilməsini təkzib edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən yeni yaradılan publik hüquqi şəxs kimi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ondan əvvəl fəaliyyat göstərdiyi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılmasına dair hər hansı bir müddəa nəzərdə tutulmadığına görə iddiaçı ilə bağlanmış müqavilə öhdəliklərinə cavabdeh olmamasına dair gəldiyi nəticə qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, əgər əvvəlki hüquqi şəxsin hüquqi balansında olan bütün əmlak yeni yaradılmış hüquqi şəxsə təhvil verilirsə, bu həm də öhdəliklərin ötürüldüyünü özündə ehtiva edən haldır. Məhkəmə kollegiyası qeyd edir ki, Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus olmuş bütün əmlak, eləcə də "xxxx" MMC tərəfindən xidmət göstərilmiş **-AK-*** qeydiyyat nişanlı “Volksvagen Jetta” avtonəqliyyat vasitəsi Şəhər Ərazisinin Tikinti- Planlaşdırma İdarəsinin balansına keçmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin 04 aprel 2019-cu il tarixli 387-NK/S nömrəli tapşırığına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin balansındaki ilkin dəyəri 871453,07 manat, qalıq dəyəri 295905,91 manat məbləğində olan 251 adda əmlak Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə təhvil verilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat Baş İdarəsi tərəfindən verimiş cavab məktubundan da müəyyən olunmuşdur ki, Ərazi Tikinti Planlaşdırma X5 şəxsi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, 597 saylı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılmışdır. Məktubda həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin hüquqi şəxslərin dövlət reyestrində hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hüquq varisliyi barədə qeyd yalnız hüquqi şəxslərə münasibətdə onlar yenidən təşkil edilərkən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, 597 saylı Fərmanına əsasən iddiaçı ilə müqavilə münasibətləri olmuş Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılmış hazırki işdə cavabdeh qismində keçən X6 əvvəlki İdarənin hüquq və vəzifələri tam həcmdə keçmişdir. Belə olan halda İdarənin aktivlərinin cavabdehə keçməsinə baxmayaraq onun passivlərinin (öhdəliklərinin) cavabdehə keçməməsinə dair məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi iddiaçı tərəfindən məhkəməyə avtomobilə texniki baxış keçirib qüsurlar barəsində sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübutun təqdim olunmamasına dair dəlillərini də əsassız hesab edir. Belə ki, iş materiallarında "xxxx" MMC tərəfindən texniki baxış keçirib qüsurlar barəsində sifarişçiyə məlumat verildiyini təkzib edəcək hər hansı bir hal mövcud deyildir. Müqavilə öhdəliklərinə əsasən avtomobil servisə daxil olduqdan sonra nasazlıqlar müəyyən edilərək bu barədə sifarişçiyə bildirilir və tərəflər arasında bağlanmış müqavilədə bu məlumatların rəsmi olması tələb edilməmişdir. İş üzrə təqdim edilmiş təmir kartlarının sifarişçi tərəfindən imzalanması, artıq sazişin təsdiq edildiyini ehtiva edir. Bağlanmış xidmət müqaviləsi əsasında və işgüzar munasibətlər çərçivəsində tərəflər bir birinə etimad göstərərək texniki xidmətə dair icra üsulları müəyyən edilmişdir. Yəni, sifarişçiyə məxsus olan avtomobillər iddiaçıya məxsus Avtomobillərə Xidmət Mərkəzinə təqdim edilmiş, əvəzində iddiaçı tərəfindən xidmət göstərilmişdir. Göstərilmiş xidmətlərin icra olunmasına dair cavabdehin elektron kabinetinə elektron qaimələrin göndərilməsi, cavabdeh tərəfindən həmin qaimələrdə hər hansı bir düzəliş olunmaması və ya mübahisələndirilməməsi artıq icra edilmiş xidmətlərin qəbul edildiyini və borcun olmasını təsdiq edir. Odur ki, cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən İddiaçı MMC-nin xeyrinə 3148,24(üç min yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində xidmət haqqı tutulmalıdır. İşin hallarını nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 12535,22 manat cərimə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və cavabdehin mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas məbləğin 10% həddində, yəni 314,80 manat məbləğində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(112)-367/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(112)-367/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən İddiaçı MMC-nin xeyrinə 03 may 2012-ci il tarixli, 20/C saylı texniki xidmət müqaviləsi üzrə göstərilmiş xidmətə görə 3148,24 manat (üç min yüz qırx səkkiz manat iyirmi dörd qəpik) məbləğində əsas borc və 314,80 manat (üç yüz on dörd manat səksən qəpik) məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar