Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1300/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Həmidov Həmid Üzeyir oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İcra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin ərizəsinin təmin olunmaması barədə Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2-2(113)-2234/2008 nömrəli qərardadından (hakim Emin Əliyev) tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10.12.2008-ci il tarixli 2(81)-2234/2008 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh MMC arasında tərəflər arasında bağlanmış 04.01.2006-cı il tarixli distribyutor müqaviləsi üzrə tərəflərin aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları barışıq sazişi təsdiq edilmışdır. Qərardad üzrə 2021-ci il tarixdə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nərimanov rayon və Binəqədi rayon İcra Şöbələrinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək tərəflərin 04.01.2006-cı il tarixli distribyutor müqaviləsi üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarının eyni vaxtda icra edilib-edilməməsinə izah verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2-2(113)-2234/2008 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, icra sənədinə izah verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra işi qarşılıqlı şəkildə icra olunmalı işdir. İcra vərəqəsi əsasında siyahıya uyğun olaraq SOCAR tərəfindən qaytarılmalı olan avadanlıqların geri qaytarılmasına hazırlanması istiqamətinə müvafiq tədbirlər görülmüş, lakin icranın qarşılıqlı şəkildə həyata keçirilməsi üçün Cavabdeh MMC tərəfindən hər hansı tədbir görülməmiş, telefon əlaqəsi zamanı səlahiyyətli şəxs tərəfindən SOCAR-a verilməli olan avadanlıqlar daha əvvəl qaytarıldığı üçün hər hansı tədbirin görülməyəcəyi bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2234/2008 saylı, 13.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2-2(113)- 2234/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki. icra sənədində aydın olmayan hər hansı tələb qeyd edilmədiyindən ərizə əsassızdır. İcra sənədində tərəflərin müqavilə üzrə aldıqları avadanlıqları qarşılıqlı olaraq qaytarmalı olduğu nəzərdə tutulduğundan aydın olur ki, sazişin şərtlərinə əsasən tərəflərdən birinin icradan imtina etdiyi halda digər tərəfdən icra sənədinin icrası tələb oluna bilməz. İcra sənədində və barışıq sazişində icra hərəkətlərinin eyni anda həyata keçirilməli olduğu, yəni icra qaydası nəzərdə tutulmadığından bu məsələ ilə bağlı icra sənədinə izah verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2-2(113)-2234/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2-2(113)-2234/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1300/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1300/2021
03.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver