Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1301/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli, e-2-2(113)-3252/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 11 iyun 2019-cu il tarixli №660/2019 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış ƏDV birlikdə 110463 manat əsas borc, adı çəkilən müqavilənin pozulması əsasında hesablanmış 200.000 manat məbləğində dəbbə pulu və 11046,30 manat cərimə pulu olmaqla, ümumilikdə 321509,30 manat pul vəsaitinin Cavabdeh MMC tərəfindən Rəmzi-SMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyun 2019-cu il tarixində İddiaçıMMC ilə Cavabdeh MMC arasında 660/2019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçıMMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları Cavabdeh MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı 6-cı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin maddənin 2-ci bəndində göstərilir ki, qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ “alıcı” tərəfindən bu müqavilənin şərtlərinə olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəkildə “Satıcı”ya ödəməlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə “Satıcı” onun ödənilməsini “Alıcı”-dan tələb etməyə haqlıdır. Lakin, müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektron-qaimələr və elektron-qaimələr əsasında əks olunmuş mallar, satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh MMC ƏDV daxil 110463 manat məbləğlərində malın dəyərlərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3252/2021 saylı qətnaməsi iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən ƏDV daxil 110463 manat əsas borc və 1537,00 məbləğində cərimə, cəmi 112000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın 200.000 manat məbləğində dəbbə pulu tələbi hissəsində rədd olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3252/2021 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı İddiaçı MMC məhkəməyə “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə saxta 01.02.2021-ci il tarixli 1 saylı Akt təqdim etmişdir. Qeyd etmək istəyirik ki, İddiaçı tərəfindən sonradan məhkəməyə təqdim olunmuş akt Cavabdeh sabiq direktoru X4 tərəfindən təsdiq edilmişdir. Belə ki, X4 27.01.2021-ci il tarixdən işdən azad edilmişdir və onun həmin tarixdə sənədləri imzalamaq səlahiyyəti yox idi. Belə olan halda, iddiaçının təqdim etdiyi akt mötəbər sübut sayıla bilməz. Həmçinin aktda qeyd olunan rəqəmlərdən görünür ki, akt qeyri peşəkar hesablanaraq və imza səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilib. Məhkəmə prosesi zamanı iddiaçı sübut kimi 2019-2020-ci illərə aid elektron qaimələrə də istinad etmişdir. Belə ki, 2019-cu ilə aid borclar ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələr malların tam cavabdehə Cavabdeh MMC -yə təhvil verilməsi sübut kimi qəbul edilə bilməz. Belə ki, bir neçə elektron qaimə elektron sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Bu barədə İddiaçıya bildirilmişdir. Hesab edirik ki, İddiaçı tərəfindən tələb edilən məbləğ şübhəlidir və qeyri-obyektiv hesablanmanın nəticəsində meydana gəlmişdir. Həmçinin qətnamədə göründüyü kimi iddiaçı sübutları tam təqdim etməmişdir. Qeyd etmək istəyirik ki, Cavabdeh MMC, İddiaçı MMC-dən faktiki aldığı mallara görə ödəniş etmişdir. İşə apellyasiya qaydasında baxılması 08.12.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək nümayəndənin səhhətində yaranan problemlə əlaqədar iclasın təxirə salınmasını xahiş etmiş, vəsatətin əsaslı olması barədə sübutlar olmadığından vəsatət əsassız hesab edilmiş, təmin edilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli 2-2(113)-3252/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır. İşdəki sübutlardan görünür ki, tərəflər arasında 11 iyun 2019-cu il tarixli 660/2019 saylı “alqı-satqı” müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı İddiaçı MMC malları alıcı Cavabdeh MMC-yə sataraq onun mülkiyyətinə verməyi, sonuncunun isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.4-cü maddəsində qeyd edilmişdir ki, malın məbləğinin vaxtında ödənilmədiyi təqdirdə “alıcı” “satıcı”ya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 faizi miqdarında (lakin malın dəyərinin 10%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Müqavilədə malın təhvil verilməsi zamanı təhvil təslim aktı tərtib edilməli olduğu nəzərdə tutulmamışdır. Müqavilənin 4.3-cü bəndində qeyd olunur ki, satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Bu bəndə əsasən malın təhvil verilməsi elektron hesab faktura ilə rəsmiləşdirilməli idi. İşdəki elektron qaimələrdən görünür ki, qeyd edilən müqavilə əsasında cavabdehə 2019-cu ilin iyun ayı-2021-ci ilin mart ayı üzrə mallar təqdim edilmişdir. 01.02.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında 1 nömrəli aktdan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 660/2019 saylı müqavilə üzrə hər iki tərəfin razılığı ilə aparılmış qarşılıqlı üzləşdirmə nəticəsində Cavabdeh MMC-nin ƏDV daxil 25.01.2021-ci il tarixə 110463 manat borc qalığı olduğu müəyyən edilmişdir. Üzləşmə aktı cavabdeh tərəfindən direktor X4 tərəfindən imzalanmış, hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, müqavilənin 1.2-ci bəndinə əsasən satılacaq malların növü, çeşidi, digər xüsusiyyətləri əlavə razılaşmalarla müəyyən edilməli olduğu halda tərəflər arasında razılaşma imzalanmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə 10.08.2021-ci il tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, tərəflər arasında üzləşmə aktı imzalansa da elektron qaimələr və təhvil-təslim aktları məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəmə işdəki sübutlara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 567, 598.1 və 598.2-ci maddələrinə istinad edərək iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. İşə apelyasiya qaydasında baxan məhkəmə iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətində 2019-cu ilə aid borcların tam ödənildiyi qeyd edilir. Bu da dolayısı ilə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh 2019-cu ildə elektron qaimələr əsasında malların iddiaçıdan təhvil alındığını qəbul edərək dəyərinin ödənildiyini iddia edir. Belə olan halda məhkəmə tərəfindən borcun məbləği ilə bağlı məhkəmə tərəfindən araşdırılma aparılması üçün cavabdeh şikayət ərizəsində konkret hansı məbləğdə borc məbləği ilə razılaşmadığını, təhvil aldığı və almadığı malın dəyərini, iddiaçı tərəfindən göndərilmiş və apellyasiya şikayətində sistem tərəfindən təsdiq edildiyi qeyd edilmiş hansı elektron qaimələri mübahisələndirdiyini qeyd etməmiş, nümayəndəsi məhkəmə iclasında da bu barədə məhkəməyə izahat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilə üzrə satın alınan malların hər hansı hissəsinin dəyərinin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən tərəflər arasında təsdiq edilmiş üzləşmə aktı mübahisələndirilməmiş, iddiaya etirazda apellyasiya şikayətində qeyd edilmiş dəlil (üzləşmə aktı təsdiq edilərkən direktorun buna səlahiyyətinin olmadığı) irəli sürülməmiş, o cümlədən həmin dəlillə bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh işə apellyasiya instansiyası qaydasında baxılarkən məhkəməyə Cavabdeh MMC-nin təsisçisinin 27.01.2021-ci il tarixli qərarına əsasən X1 direktor vəzifəsindən azad edilməsi, X3 direktor təyin olunması barədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübut təqdim etmişdir. Prosessual qanunvericiliyin tələbinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı halda cavabdeh tərəf apellyasiya instansiyası mərhələsində təqdim etdiyi sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən məhkəmə tərəfindən apellyasiya mərhələsində təqdim edilmiş sənəd sübut kimi qəbul edilmir. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta cavabdehin təqdim etdiyi sənəd sübut kimi qəbul edilmiş olsaydı belə, məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, tərəflər arasında 01.02.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında akt təsdiq edilərkən X4 əmrlə direktor vəzifəsindən azad olunsa belə həmin sənəd hüquqi şəxsin möhürü ilə təsdiq edildiyindən, B.Məmmədov Cavabdeh MMC-nin direktoru olduğu dövrdə iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi üzrə cavabdehin borc qalığının məbləğini yeni direktordan daha yaxşı bilən şəxs olaraq həmin məbləğin 110463 manat olduğunu təsdiq etdiyindən, o cümlədən cavabdeh tərəf nə əvvəlki, nə də yeni direktorun dövründə iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə hər hansı pretenziya bildirmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli 2-2(113)- 3252/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "X2" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli e-2-2(113)-3252/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1301/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1301/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver