Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1308/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4388/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 16259,48 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4388/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinə verilmiş etibarnamədə iddianın etiraf edilməsi səlahiyyəti göstərilməmişdir. Bu səbəbdən məhkəmə prosessual normalara riayət etməmiş, habelə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. Həmçinin iddiaçı iddia etdiyi malların satışına dair təsdiqedici sənədləri təqdim etməli (malların təhvil-təsliminə dair aktları, qaimələr və s.) idi. İddiaçı tərəfindən iddia edilən məbləğ mübahisələridir və qeyri-obyektiv hesablamanın nəticəsində əmələ gəlmişdir. Cavabdeh faktiki aldığı mallara dair ödənişlər etmişdir. Buna dair təsdiqedici sənədlər mövcuddur. Həmçinin bir çox qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 25.06.2018-ci il tarixli 322 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 16259,48 manat təşkil edir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində həmin məbləğdə borcun olduğunu təsdiq etmiş və borcun hissə-hissə ödənilməsi niyyətində olduqlarını bildirmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etiraz etmiş və öz etirazını şikayətində göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiyməti olan 16259,48 manat məbləğində pul vəsaitini satıcıya tam ödəməmişdir. Kollegiya qeyd edir ki, bu faktlar cavabdehin nümayəndəsi tərəfindən təsdiq edildiyinə görə işin mübahisəsiz hallarıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 16259,48 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd olunur ki, həqiqətən də cavabdeh tərəfindən nümayəndəyə verilən etibarnamədə iddianın etiraf edilməsi ilə bağlı səlahiyyətin verilməsi xüsusi olaraq göstərilməmişdir. Bununla belə cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı deyil, iddiaçının istinad etdiyi məbləğdə borcun olması faktını etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində isə təsbit olunmuşdur ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı malların təhvil verilməsi və borcun məbləği ilə bağlı halları sübut etmə vəzifəsindən azad olunmuş və ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin qeyd olunur ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində 16259,48 manat əsas borcu etiraf etdiyi halda apellyasiya şikayətində bu hallara istinad edərək iddiaya etiraz etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4388/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1308/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1308/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver