Məhkəmə qərarları › İş №2-2(103)-131/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-131/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-131/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “X4.” Bahamas Şirkətinə qarşı “maddi və işgüzar nüfuza dəymiş ziyana görə dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1260/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1260/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh “X4.” Bahamas Şirkətinə qarşı dəymiş zərərə görə 69.120 manat, işgüzar nüfuza dəymiş ziyana görə 100.000 pulun, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı “xxxx” MMC həmin qərardaddan şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, tərəflər öz aralarında bağlanmış müqavilənin 9.1 və 9.2-ci maddələrinin şərtlərinə görə belə razılığa gəlmişlər ki, əgər danışıqlar yolu ilə yaranmış mübahisəni həll edə bilmədikdə, mübahisə və narazılıqlara neytral zonada yerləşən Arbitraj Məhkəməsində baxıla bilər. Yəni, imperativ şəkildə müəyyənləşdirməmişlər ki, mübahisəyə yalnız Arbitraj məhkəməsində baxılsın, həm də öz seçimləri açıq saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 443-cü maddəsinin müddəalarına istinadən iddiaçı hesab edir ki, iddia ərizəsi icraata qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Aslanlı şikayətin dəlillərinə uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, əvvəllər “X4.” Bahamas Şirkəti 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində “xxxx” MMC-yə qarşı borc tələbinə dair iddia qaldırmış və həmin işə bizim məhkəmələr tərəfindən baxılmış, Ali Məhkəməyə qədər iş öz davamını tapmışdır. Odur ki, hesab edir ki, “xxxx” MMC-nin də iddia ərizəsi icraata qəbul edilib baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə olan ünvanı üzrə poçt vasitəsilə cavabdehin faktiki ünvanı üzrə göndərilmiş məhkəmə bildirişi geri qaytarılmış, MPM-in 146, 376.2 və 397.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 14.1-ci maddəsinə əasən məhkəmə həqiqətə nail olmaq üçün işinhərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onları nprosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onları nprosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmənin qərarardadından görünür ki, məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən aşağıdakılara əsaslanmışdır: « …“xxxx” MMC ilə “X4.” Bahamas Şirkəti arasında bağlanılmış xx xxxxxxx 2016-cı il tarixli, Hİİ/ROR/001/2016 nömrəli müqavilənin 9.2-ci bəndində qeyd edilmişdir ki, əgər tərəflər razılığa gəlməsələr, bütün mübahisə və narazılıqlara neytral zonada yerləşən Arbitraj məhkəməsində baxıla bilər. Arbitraj məhkəməsinin qərarı hər iki tərəf üçün son və məcburidir. İş materiallarına hazırkı mübahisə ilə əlaqədar sözügedən razılaşdırılmış Arbitraj məhkəməsinə müraciət edilməsini təsdiqləyən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına və iş materiallarına əsasən məhkəmə hesab edir ki, tərəflər müqavilədə yaranacaq mübahisələrin müvafiq Arbitraj məhkəməsində həllini nəzərdə tutduqlarından, eyni zamanda hazırkı halda sazişin bu şərtinə əməl etmədən iddiaçı tərəfindən məhkəməyə müraciət olunduğundan ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir....» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Birincisi ona görə ki, məhkəmə tərəfindən tərəflər arasnda bağlanmış Hİİ/ROR/0012016 saylı xx xxxxxxx 2016-cı müqavilənin 9.1 və 9.2-ci bəndlərinə düzgün qiymət verilməmiş, digər tərəfdən MPM-in 443-cü maddəsinin tələblərinə nəzər salınmamış, eyni zamanda, elektron kabinet vasitəsilə təqdim edilən məhkəmə aktına da diqqət yetirilməmiş, bütün bunlar isə son nəticədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci maddəsinin mənasından aydın görünür ki, mübahisəyə mütləq qaydada neytral zonada Arbitraj məhkəməsində baxılmasını ehtiva olunmur. Görünür tərəflər bunun qarşılıqlı razılıq əsasında həllini nəzərdə tutmuşlar. Ən azından hansı Arbitraj məhkəməsində mübahisəyə baxılması məsələsinin də açıq qalması, mübahisəyə neytral zonada baxılmasının qarşılıqlı razılıq əsasında müəyyənləşdirilməsi zərurətindən irəli gəldiyini deməyə əsas verir. Digər tərəfdən iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı “xxxx” MMC-nin olduğu yer (ünvanı) Azərbaycan Respublikası ünvan 1 mənzil 111-dir. Belə olan halda, MPM-in 443.0.1-ci maddəsinin tələbindən görünür ki, iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə işə baxmağa haqlıdır. Üçüncü bir tərəfdən qeyd olunmalıdır ki, artıq əvvəllər, eyni tərəflər arasında yaranmış mübahisəyə (iddiaçı “X4.” Bahamas Şirkəti cavabdeh “xxxx” MMC-yə qarşı borc tələbinə dair işə) Azərbaycan Respublikasının 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində mahiyyəti üzrə baxılmış və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası tərəfindən iş üzrə 2-2(102)-251/2019 saylı xx xxxx 2019-cu il tarixli yekun qərar qəbul olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş materialları hərtərəfli öyrənilməmiş, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qərardad qəbul olunmuşdur. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1260/2019 saylı xx.xx.2019cu il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 402-ci maddəsində iddia ərizəsinin icraata götürülməsi və imtina olunması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” MMC-nin şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1260/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar