Məhkəmə qərarları › İş №2-2(103)-131/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-131/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-131/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3768/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 28 fevral 2020-ci il tarixli 04- 28022020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında qiymətləri və digər göstəriciləri göstərilmiş damazlıq yumurtaları müqavilə ilə nəzərdə tutulmuş müddətdə İddiaçı MMC-nin ünvanından Cavabdeh MMC-nin ünvanına Cavabdeh MMC-nin göndərdiyi nəqliyyat vasitəsi ilə göndərməyi, alıcı isə həmin malları satıcı tərəfindən təqdim olunan qaimə-fakturaya əsasən, qəbul edərək almağı və bu müqavilənin tərkib hissəsi sayılan qiymət razılaşma protokollarında, elektron qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 18000 manat məbləğində pulun, habelə ilkin media sessiyasında iştirak etmək üçün ödənilmiş 200 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, cavabdehlə 17 noyabr 2020-ci il tarixli qiymət razılaşma protokolu imzalanmış, həmin protokol əsasında sifariş qəbul edilmiş və qaiməfaktura əsasında damazlıq yumurtalar alıcıya təhvil verilmişdir. Həmin qaiməfaktura üzrə cavabdehin iddiaçıya 18000 manat borcu yaranmışdır.

4. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, 17 noyabr 2020-ci il tarixdə 18000 manat məbləğində damazlıq yumurtalar Cavabdeh MMC-yə təhvil verilməmiş, bununla bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmiş, xx.xx.2020ci il tarixli qiymət razılaşma protokolu isə sonradan, yəni iddiaçının xahişi ilə vergi yoxlamasına təqdim edilməsi üçün 2022-ci ilin fevral ayında tərtib edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3768/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi qiymət razılaşma protokolu qeyd edilən tarixdən 1 il 4 ay sonra, yəni 2022-ci ilin fevral ayında imzalanmışdır. Elektron-qaimə isə cavabdeh tərəfindən 5 gün içində təsdiq olunmadığı üçün sistem tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya heç bir mal təhvil verilməməsini və cavabdehin bunu əsaslandıracaq heç bir sübut təqdim etməməsini nəzərə almayan məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

11. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

16. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

17. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 18000 manat məbləğində malın satılmasına dair xx.xx.2020-ci il tarixli EBAS seriyalı 679675 nömrəli elektron qaimə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiqlənmiş, cavabdeh tərəfindən həmin qaiməyə hər hansı düzəliş edilməmiş və etiraz edilməmişdir.

18. Lakin cavabdeh tərəfindən həmin elektron qaimə üzrə ödəniş həyata keçirilməmişdir.

19. Cavabdeh ödənişin həyata keçirilməməsinin əsası kimi həmin qaimə üzrə malların təhvil verilməməsinə istinad etmişdir.

20. Eyni zamanda, həmin elektron qaiməyə etiraz edilməməsini mühasibin səhv etməsi ilə əsaslandırmışdır.

21. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır.

22. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə görə satıcı malı alıcıya təhvil verərkən elektron qaimə-faktura və ya hesab ödəniş vərəqəsi ilə alıcıya təqdim etməlidir.

23. İş materiallarında olan 2020-ci ildə tərtib edilmiş elektron qaimələrdən də görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə alqı-satqı müqaviləsi üzrə təkcə hazırda mübahisələndirilən elektron qaimə üzrə deyil, o cümlədən ümumilikdə 356827,91 manat məbləğində damazlıq yumurtanın satılmasına dair 12 ədəd elektron qaimə göndərilmişdir.

24. Tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, həmin qaimələr üzrə ödənişlər tərəflər arasında tərtib edilmiş və iş materiallarında olan qiymət razılaşma protokolları əsasında aparılmış və onlar arasında işgüzar adətlər bu formada formalaşmışdır.

25. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

26. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə işgüzar adətlər, yəni malların verilməsi və ödənişlərin həyata keçirilməsi məhz qiymət razılaşma protokolları və elektron qaimələr əsasında aparılmışdır.

27. Bundan başqa, cavabdehin etirazında göstərilmiş hallarla bağlı iddiaçının nümayəndəsi bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi və xx.xx.2020-ci il tarixli qiymət razılaşma protokolunun nusxələrini itirildiyindən, 2022-ci ilin əvvəllərində cavabdehə müraciət edilərək həmin sənədlərin başqa nüsxələrinin verilməsini və ya təkrarən sözügedən sənədlərin imzalanması və möhürlənməsi xahiş edilmiş, Cavabdeh MMC isə heç bir etiraz bildirmədən müqaviləni və protokolu təkrarən imzalayıb möhürlə təsdiq etmişdir.

28. xx.xx.2020-ci il tarixli 005 nömrəli qiymət razılaşma protokolundan da görünür ki, 28 fevral 2020-ci il tarixli 04-28022020 nömrəli müqavilə üzrə 1 ədəd damazlıq yumurtanın qiyməti 0,45 manat məbləğində müəyyən olunmuşdur.

29. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimə, o cümlədən onun tərəfindən sonradan bir daha təsdiq edilmiş qiymət razılaşma protokolu ilə təsdiq olunur.

30. Kollegiya qeyd edir ki, əgər xx.xx.2020-ci il tarixli EBAS seriyalı 679675 nömrəli elektron qaimə üzrə damazlıq yumurtalarının satışı olmasaydı, cavabdeh həmin qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, o cümlədən 2022-ci ilin əvvəllində xx.xx.2020-ci il tarixli qiymət razılaşma protokolunu imzalamaz və möhürlə təsdiq etməzdi. Sonuncu fakt isə bir daha təsdiq edir ki, xx.xx.2020-ci il tarixli EBAS seriyalı 679675 nömrəli elektron qaimə üzrə damazlıq yumurtalarının satışı olub və elektron qaiməyə mühasibin səhvi nəticəsində etiraz edilməməsi barədə dəlillər əsassızdır.

31. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

32. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən 18000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3768/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar