Məhkəmə qərarları › İş №2-2(103)-131/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-131/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-131/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4392/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh QSC arasında 12 mart 2021-ci il tarixli 26/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ona məxsus malları satmağı, alıcı isə onların dəyərini ödəməklə almağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15018,36 manat pulun, iddiaçıya dəymiş 5000 manat ziyanın (əldən çıxmış fayda), məhkəməyə müraciət üçün çəkilmiş 1000 manat məbləğində pulun və ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, tərəflər 2021-ci ildə bir neçə dəfə öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilələrin şərtlərinə görə “Satıcı”, yəni İddiaçı MMC ona məxsus malları satmağı, “Alıcı”, yəni Cavabdeh MMC isə onların dəyərini ödəməklə almağı öz öhdəsinə götürmüşlər. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmişdir. Bu isə iddiaçıda etimad yaratmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə gətirməkdən imtina etmişdir. 2021-2022-ci illər illər ərzində müxtəlif vaxtlarda iddiaçı bağladıqları müqaviləyə əsasən satmalı olduğu malları cavabdehə göndərsə də, cavabdeh ödəməli olduğu məbləği ödəməmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da, cavabdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş 15018,36 manat borcu vardır.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4392/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh QSC-dən 15018,36 manat məbləğində əsas borc, 1000 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 16218,36 (on altı min iki yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsində qeyd olunan müqavilələr üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. İddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı və həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

16. Belə ki, tərəflər arasında 12 mart 2021-ci il tarixli 26/2021 nömrəli alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

17. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə ümumi dəyəri 15018,36 manat təşkil edən EBBB 557168 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 747337 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 263426 nömrəli xx.xx.2021-ci il tarixli, EBBT 166286 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 520145 nömrəli xx.xx.2022-ci il tarixli, EBAZ 172292 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 671689 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 278499 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 186988 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 186727 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.

18. Göründüyü kimi müqavilə üzrə malların cavabdehə təhvil verilməsi sonuncunun heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur, eyni zamanda cavabdeh də bu halları mübahisələndirmir.

19. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 15018,36 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

20. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh iddiaçıya mütəmadi olaraq ödənişlər etdiyini, borc məbləğlərinin düzgün hesablanmadığını bildirsə də, həmin halları konkret əsaslandırmamış (yalnız ümumi sözlərlə qeyd etmişdir), o cümlədən bunu təsdiq edən hər hansı sübutu (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ödənilməli olan borcun məbləği isə yuxarıda qeyd olunan elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablanmasına əsasən müəyyən edilir.

21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4392/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar