Məhkəmə qərarları › İş №2-2(103)-1314/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1314/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1314/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı MMC-nin “X2 Materials CO LTD” şirkətinə qarşı “müqavilənin ləğv olunması və borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (iddiaçı) “X2 Materials CO LTD” şirkətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış 07 may 2025-ci il tarixli HRD**********-1 saylı alqı-satqı müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi, cavabdehdən 33 886 ABŞ dolları ödənilmiş malların dəyərinin, 2456,70 ABŞ dolları faiz borcunun, 7000 ABŞ dolları işgüzar nüfuza dəymiş zərərin əvəzinin, 350 manat hüquqi yardıma görə xərcin əvəzinin və 311 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata götürülmüş, xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında məhkəmə, iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılması ilə bağlı etirazının olub-olmamasının öyrənilməsi məqsədilə Çin Xalq Respublikasının aidiyyəti məhkəməsinə məhkəmə tapşırığı göndərilməsini və işin icraatının tapşırığa cavab verilənədək dayındırılmasını qərara alımışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 26 noyabr 2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tapşırıq göndərməkdə haqlı olsa da, bunu yanlış formada həyata keçirmişdir – belə ki, tapşırıq məhkəmə aidiyyatının müəyyənləşdirilməsi məqsədilə deyil, cavabdehi məlumatlandırmaq məqsədilə verilməli idi. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 83-84-cü maddələrinin mənasına görə, qanunvericilik istər məhkəmə tapşırığının verilməsi, istərsə də bundan imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, məhkəmə tapşırığının verilməsinə dair qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Kollegiya qeyd edir ki, məhkəmə tapşırığının verilməsi zamanı icraat dayandırılmışdırsa məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilə bilər; lakin iddiaçının nümayəndəsinin şikayətinin məzmunundan görünür ki, o, icraatın dayandırılmasından deyil, məhkəmə tapşırığının göndərilməsindən şikayət vermiş, şikayətini isə tapşırığın yanlış formada verildiyi ilə əsaslandırmışdır. Bu baxımdan kollegiyanın qənaətinə görə, verilmiş şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Kollegiya onu da qeyd edir ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını düzgün tətbiq etməməklə müvafiq qərardadda həm də icraatın dayandırılması qənaətini əks etdirməsi nəticəsində yaranmışdır; halbuki, tapşırıq verilməsi və icraatın dayandırılması ayrı-ayrı prosessual hüquq institutları olmaqla yaratdıqları hüquqi nəticələr fərqlidir və bu səbəblə onların eyni məhkəmə aktı ilə rəsmiləşdirilməsi məqsədəmüvafiq hesab olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin “X2 Materials CO LTD” şirkətinə qarşı “müqavilənin ləğv olunması və borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Leyla Əliyeva Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar