Məhkəmə qərarları › İş №2-2(103)-1316/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1316/2025

22.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1316/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə (Açar sözlər: vergi borcu, mütənasiblik prinsipi, vergi ödəyicisi barəsində məcburiyyət tədbirinin tətbiq edilməsi, kameral yoxlama borcu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9033/2025 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Hüquqi şəxslər haqqında məlumatlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Vöen: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Vöen: **********) icra orqanlarının rəhbəri Maraqlı şəxsdur.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə borcu yoxdur. İcbari Tibbi Sığorta Fonduna 520,73 manat, Dövlət Sosial Müdafiə Fonduna 3252,44 manat, İşsizlikdən sığorta fonduna 130,07 manat borcu vardır.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 886,15 manat borcu vardır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi "xxxx" MMC, "xxxx" MMC-yə borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

5. Bununla yanaşı, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli əmrə əsasən maraqlı şəxs xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-dəki işindən azad edilmişdir.

6. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş e-sosial portalından çıxarışa əsasən "xxxx" MMC ilə olan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.

7. E-sosial portalından çıxarışdan görünür ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-********** ilə olan əmək müqaviləsi 1 yanvar 2024-cü ildən qüvvəyə minib və həmin müqaviləyə 12 sentyabr 2025-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilib.

Birinci instansiya məhkəməsindəki icraat:

8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 29,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3252,44 manat, İşsizlikdən sığorta fonduna olan 130,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan 520,73 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onların icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 520,73 manat, Dövlət Sosial Müdafiə Fonduna 3252,44 manat, İşsizlikdən sığorta fonduna 130,07 manat, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) dövlət büdcəsinə 29,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 24,71 manat, faizlər üzrə 4,79 manat) olmaqla, ümumilikdə 3932,74 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********043300, xx.xx.2025-ci il tarixli **********042600, xx.xx.2025-ci il tarixli ******************.11.2024-cü il tarixli **********951300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9033/2025 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 886,15 manat borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi "xxxx" MMC, "xxxx" MMC-yə borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Bununla yanaşı, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli əmrə əsasən maraqlı şəxs xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-dəki işindən azad edilmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş vahis sosial reyestrdən çıxarışa əsasən "xxxx" MMC ilə olan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığından və onunla bağlanmış əmək müqaviləsinə həmin MMC tərəfindən xitam verildiyindən həmin MMC-nin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilə bilməz. Maraqlı şəxsin icra orqanının rəhbəri olduğu digər hüquqi şəxsin ərizə verilən tarixə 29,50 manat borcu vardır. Məhkəmə hesab edib ki, həmin məbləğdə olan borcun ödənilməsinin təmin edilməsi məqsədilə hazırkı ərizənin təmin edilməsi mütənasib tədbir deyildir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1 maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2, 355-5.1, 355-7.4-cü maddələrini göstərmişdir.

13. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apelyasiya şikayətində maddi hüquq normalarının pozulmasına əsas verən hallar kimi ona istinad edilmişdir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən işdə olan materiallar tam araşdırılmamış, yalnız maraqlı şəxs tərəfindən təqdim edilmiş əmrdə olan məlumatlar sübut qismində qiymətləndirilmiş, vergi orqanı tərəfindən təqdim edilmiş Maraqlı şəxs müəssisənin rəhbəri olması barədə sübutlara isə qiymət verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbərinin hal-hazırda Maraqlı şəxs olması faktı həm iş materiallarına əlavə edilmiş sənədlərdə, həm də “Kommersiya qurumlarının dövlət reyestri məlumatlar”nda öz əksini tapmışdır (Dövlət Vergi Xidmətinin rəsmi internet saytından əldə edilmiş və açıq olan məlumat şikayətə əlavə edilir). Müvafiq qanunvericiliyə əsasən, hüquqi şəxsin rəhbərinin dəyişdirilməsi yalnız vergi orqanına dəyişiklik barədə rəsmi sənədlər təqdim edildikdən sonra və Kommersiya qurumlarının dövlət reyestrində dəyişiklik qeydə alınandan sonra hüquqi qüvvəyə malik olur. Lakin "xxxx" MMC tərəfindən vergi orqanına rəhbər dəyişikliyi barədə heç bir məlumat təqdim edilməmişdir. Bu səbəbdən Maraqlı şəxs rəhbər vəzifəsindən azad edilməsi barədə daxili əmr hüquqi baxımdan nəticə doğurmur və vergi orqanı üçün məcburi deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Maraqlı şəxs apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Maraqlı şəxs məhkəmədə verdiyi izahatında 2025-ci ilin sentyabrın 12-də "xxxx" MMC-də tutduğu direktor vəzifəsindən azad edildiyini, hazırda Rusiya Federasiyasında təhsil aldığını əsas göstərərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

19. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -1.4-cü maddəsinə əsasən, Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; -23.1.15-3-cü maddəsinə görə, vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; -24.0.2-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun: -9.1-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; -9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; -9-1.1-ci maddəsinə görə Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır; -9-1.3-cü maddəsinə görə qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir;

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -3-cü maddəsinə görə işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir; -2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: -2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; -83-cü maddəsini 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən, hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

20. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri:

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli əmrinə əsasən maraqlı şəxs xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilməsi barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır.

24. Beləliklə, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri (direktor) vəzifəsində əmək müqaviləsi əsasında işlədiyindən həmin vəzifənin icra edilməsi ilə bağlı Maraqlı şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənən əmək münasibətləri olmuşlar. Odur ki, xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tutduğu vəzifədən azad edilməklə sonuncular arasındakı əmək münasibətlərinə xitam verildiyindən hazırda maraqlı şəxsin "xxxx" MMC-nin icra orqanının rəhbəri olması istisna olunur. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Maraqlı şəxs hazırda "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır.

25. Maraqlı şəxsin hüquqi şəxslərin dövlət reyestr məlumatlarında borclu hüquqi şəxsin qanuni təmsilçisi olaraq qalması, reyestrdəki məlumatlara “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dəyişiklik edilməməsi barədə ərizəçinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu deyil, Əmək Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

26. Eyni zamanda, kollegiya nəzərə alır ki, ərizəçi maraqlı şəxsin işdən azad olunduğu tarixdən sonra hüquqi şəxsə faktiki rəhbərlik etməsi barədə məlumat və bunu təsdiq edən sübutları təqdim etməmişdir.

27. Digər tərəfdən, iş materiallarından görünür ki, maraqlı şəxs eyni zamanda "xxxx" MMC-nin də qanuni təmsilçisidir və hazırda həmin vergi ödəyicisinin borclu olması da ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizənin əsaslarından biridir. Həmin hissə üzrə ərizəçi tərəfindən apellyasiya şikayətində ayrıca dəlillər irəli sürülməsə də, tələbin vahid xarakter daşımasını nəzərə alaraq bu məsələyə münasibət bildirilməsi zəruri hesab edilir. Kollegiya həmin hissə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, "xxxx" MMC-nin mövcud vergi borcunun həcmi maraqlı şəxsin Konstitusiya ilə təmin olunmuş azad hərəkət etmək hüququnun məhdudlaşdırılması üçün proporsional əsas hesab edilə bilməz.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9033/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar