Məhkəmə qərarları › İş №2-2(103)-1319/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1319/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1319/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4928/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV xaric 499648,34 manat və dövlət rüsumu kimi ödənilən 30 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-4928/2021 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0.7-ci maddəsinə görə iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Tərəflər arasında bağlanmış 07.11.2017-ci il tarixli “Çovdar filiz emalı sahəsində topa aşındırma sahəsinin və ehtiyat sianid hovuzunun inşası işlərinin satın alınması” barədə müqavilənin mübahisəli məsələlərin həllinə dair 28-ci bəndinə əsasən mübahisəli məsələlərin həllinin danışıqlar yolu ilə həlli üçün 30 günlük müddət müəyyən olunmuşdur. Elektron qaydada göndərilmiş sənədlərdən isə görünür ki, 15.09.2021-ci il tarixdə iddiaçı tərəfindən imzalanan pretenziya məktubu 16.09.2021-ci il tarixdə cavabdehə göndərilmiş və 30.09.2021-ci il tarixdə iddia ərizəsi elektron imza ilə imzalanaraq məhkəməyə göndərilmişdir. Göründüyü kimi iddiaçı mübahisənin pretenziya qaydasında nizama salınmasına dair müqavilədə göstərilmiş 30 gün müddəti gözləməyərək məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində isə təsbit olunmuşdur ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4928/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar