Məhkəmə qərarları › İş №2-2(103)-132/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-132/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-132/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 26.05.2021-ci il tarixli e-2-2(113)- 2285/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 5.745 manat məbləğində əsas borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5.775 manat məbləğində pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 06 yanvar 2019-cu il tarixli, 05 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Tərəflərindən üzərinə götürdükləri öhdəliklər tamamilə icra olunsa da Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Vüsal Söhrabov müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 5.745,00 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. 12.12.2019- cu il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktı imzalanmışdır. İkitərəfli qaydada imzalanmış akta əsasən, Cavabdeh "xxxx" MMC-yə 5.745 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq yaranmış borcu ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-2(113)-2285/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 5.745 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-2(113)-2285/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 5.745 manat dəyərində göstərilən tikinti materialının təqdim edilməsini təsdiq edən heç bir sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında borcla əlaqədar mübahisələr yaranarkən borcun predmeti olan əmlak, material, avadanlıq və sairənin qaimələri olmalıdır. "xxxx" MMC isə qaldırdığı iddianı təsdiq edən qaiməni fakt kimi, sübut məhkəmə tələb etməmişdir. İşə apellyasiya qaydasında baxılması 26.01.2022-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26.05.2021-ci il tarixli 2-2(113)-2285/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 06 yanvar 2019-cu il tarixdə 05 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. Həmin müqaviləyə 1, 2, 3 və 4 saylı əlavə ilə qiymət cədvəli tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 12.12.2019-cu il tarixli üzləşdirmə aktında Cavabdeh İddiaçı MMC-yə 12.12.2019-cu il tarixə 5.745 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh 07 fevral 2020-ci il tarixli, 032 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 5.745 manat məbləğində borcun ilin sonunadək ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 567-ci, 385.1, 442, 443.1-ci maddələrinə istinad edərək, işdəki sübutları nəzərə alaraq düzgün olaraq bu nəticəyə gəlmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yarandığı, iddiaçının müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi, cavabdehin İddiaçı MMC-yə olan borcunun 5.745 manat təşkil etdiyi işdəki sübutlarla təsdiq olunur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə hesab edir ki, işdəki 12.12.2019-cu il tarixli üzləşdirmə aktını imzalamaqla cavabdeh iddiaçıdan malları aldığını və ona həmin məbləğdə borcu olduğunu təsdiq etdiyindən iddianın əsaslı olduğu təsdiq edilir. Cavabdeh iddiaya etirazında üzləşmə aktında göstərilmiş borcun onun deyil, Namiq adlı şəxsin borcunun olduğunu qeyd etsə də, onun bu mülahizəsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd edir ki, cavabdehin istinad etdiyi hal təsdiq edilmiş olsaydı belə, hazırkı iddianın rədd edilməsi üçün əsas verə bilməzdi. Belə ki, cavabdeh alqı-satqı münasibətlərinin öz adına rəsmiləşdirilməsinə razılıq verməklə, həmin münasibətlər əsasında öhdəlikləri icra edəcəyini üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26.05.2021-ci il tarixli 2- 2(113)-2285/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26.05.2021-ci il tarixli 2-2(113)-2285/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim:İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən V.Ə.Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar