Məhkəmə qərarları › İş №2-2(103)-1320/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1320/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1320/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3649/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AtaSığorta" ASC-dən 39462 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdeh “AtaSığorta" ASC-dən 59839 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-3649/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsi hazırkı işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Belə ki, həmin normada göstərilən “sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər” müddəası sığortaçının öz xərclərini sığorta agentinin üzərinə qoyulması kimi şərh edilmişdir. İşin hallarından isə görünür ki, İddiaçı "xxxx" ASC ilə əmək müqaviləsi bağlamış və şirkətin “Favorit” nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmış və müəyyən əmək haqqı almışdır. Məhkəmə iddiaçının rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin saxlanılması üçün cavabdeh "xxxx" ASC tərəfindən çəkilmiş xərcləri iddiaçıya çəkilmiş xərc kimi götürməklə iddianı rədd etmişdir ki, bununla da yuxarıda qeyd edilən hüquq normasını işə səhv tətbiq etmişdir. Qeyd edilən maddədə sığortaçının bütün xərclərindən deyil, məhz konkret tapşırıq üzrə bağlanmış sığorta müqaviləsindən yaranan xərclərdən söhbət gedir. “Favorit” Nümayəndəliyinin cavabdeh "xxxx" ASC-nin qurumudur və oranın saxlanması və ya digər xərclərinin iddiaçıya və onun gəlirlərinə aidiyyəti ola bilməz. Məhkəmə tərəfindən “...cavabdeh konkret olaraq iddiaçıya komisyon muzd olaraq 15% pul məbləğinin ödənilməsi barədə öhdəlik götürməmişdir...” kimi gəlinmiş nəticə də işin faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətinə və onlar arasında mövcud olmuş işgüzar adətlərə uyğun deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş aktlarla iddiaçıya sığorta agenti kimi ödənilməli olan ödənişlərin "xxxx" ASC tərəfindən 15% üstəgəl 5% miqdarında olmaqla, 20% ödəniş edilməsi öz təsdiqini tapır. Qeyd edilən sübutlarla iddiaçıya konkret olaraq sığorta agenti qismində ümumilikdə 20% ödənilməsi sübuta yetirilmişdir. Həmçinin, tərəflər arasında olan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi məhkəmə tərəfindən əmək müqaviləsi kimi qiymətləndirilmişdir. Çünki iddiaçı ilə sığortaçı şirkət arasında həm əmək, həm də tapşırıq müqaviləsi bağlanmışdır. Məhkəmə də iddiaçı ilə sığortaçı arasında əmək müqaviləsi olması faktını əsas götürərək cavabdehin etirazına əsaslanaraq qətnaməni həmin etiraza uyğun əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, sığorta agenti İddiaçı ilə sığortaçı "xxxx" ASC arasında 29 avqust 2016-cı il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağlanmış və müqaviləyə əsasən sığorta agenti “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, icbari sığorta ilə bağlı qanunları və digər sığorta qanunvericiliyi, həmçinin sığortanın könüllü növləri üzrə qaydaları mükəmməl öyrənməklə sığortanın mahiyyətini, aparılması qaydası və şərtlərini sığortalıya izah etmək, sığortaçının və sığortalının hüquq və vəzifələrini izah etməklə, sığorta müqaviləsinin rəsmiləşməsində vasitəçilik etmək vəzifələrini öz öhdəsinə götürmüşdür. Müqavilənin 6.1ci bəndinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 30%-dək (30% daxil olmaqla), icbari sığorta növləri üzrə 15%-dək (15% daxil olmaqla) təyin olunur. İddiaçı tərəfindən bağlanmış sığorta müqavilələri üzrə 01.05.2019-cu il tarixdən 10.05.2021-ci il tarixədək sığorta haqqı kimi 407538,64 manat məbləğində vəsait "xxxx" ASC-nin hesabına ödənilmişdir. Həmin müddət ərzində yığılmış sığorta haqqına görə "xxxx" ASC tərəfindən İddiaçı 21668 manat komisyon muzd ödənilmişdir. İddiaçı bildirir ki, 01.05.2019-cu il tarixdən 10.05.2021-ci il tarixədək cavabdeh tərəfindən ona ödənilməli olan 61130 manatın 21668 manatı ödənilsə də, qalan 39462 manat iddiaçının hesabına ödənilməmişdir. Həmçinin cavabdeh əlavə 5 %-də ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsində icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. 01.05.2019-10.05.2021-ci il tarixləri ərzində yığılmış sığorta haqqına görə "xxxx" ASC tərəfindən İddiaçı 21668 manat komisyon muzd ödənilmiş, həmin tarixlər ərzində iddiaçının rəhbəri olduğu “Favorit” nümayəndəliyinin saxlanılması üçün "xxxx" ASC tərəfindən işlərin aparılması xərci olaraq əmək haqqı və digər ayırmalar, reklam, sığorta, nəqliyyat xərcləri üçün ümumilikdə 62414,31 manat məbləğində vəsait sərf edilmişdir. Bundan başqa, iddiaçının rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin yerləşdiyi ofisin 01.05.2019-10.05.2021-ci il tarixləri ərzində icarə haqqı üçün 22450,00 manat məbləğində vəsait ödənilmişdir. 01.05.2019-10.05.2021-ci il tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 84082,31 manat (62414,31+21668) məbləğ yığılmış 407538,64 manat sığorta haqqının 20,6 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 937.2-ci maddəsinə görə sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər: sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması (937.2.1); sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması (937.2.2). Mülki Məcəllənin 777.1-ci maddəsində isə göstərilmişdir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı da bildirir ki, onun vasitəçiliyi ilə sığorta müqavilələri bağlanmış, lakin cavabdeh 20% komisyon muzd məbləğlərini ona ödəməmişdir. Bu əsasla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, iddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə 01.05.2019-cu il tarixdən 10.05.2021-ci il tarixədək cavabdehin hesabına ödənilən cəmi sığorta haqlarının 407538,64 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya 21668 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Tərəflərin mübahisələndirdiyi hal ödənilməli olan komisyon muzd mükafatının məbləği ilə bağlıdır. Belə ki, iddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i və əlavə olaraq 5% təşkil etdiyini, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 15%-dək təşkil etdiyini bildirir. Tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 30%dək (30% daxil olmaqla), icbari sığorta növləri üzrə 15%-dək (15% daxil olmaqla) təyin olunur. Həmin müqavilənin 6.2-ci bəndində isə göstərilmişdir ki, hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və nağd və ya hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir. Beləliklə, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində ödənilməli olan komisyon muzd mükafatının konkret faizinin deyil, onun yuxarı həddinin müəyyən edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həmin müqavilə Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq təfsir edilməlidir. Belə ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu qaydada müqavilə təfsir edilərkən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15% təyin olunur. Belə ki, işin 1-ci cildinin 44, 52, 72, 89, 97, 125, 164-cü vərəqələrində olan və iddiaçı ilə cavabdehin əməkdaşları tərəfindən imzalanan 01.02.2018, 14.03.2018, 16.04.2018, 16.05.2018, 10.07.2018, 12.10.2018, 15.01.2019-cu il tarixli görülmüş işlərin təhvil-təslimi haqqında aktlarda və həmin aktlara aid 1 saylı əlavələrdən müəyyən edilir ki, həmin tarixlərdə iddiaçının sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarına görə sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi 15% təşkil etmişdir. Cavabdehin nümayəndəsi də bu faktı etiraf etmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədri M.F.Əliyev tərəfindən "xxxx" ASC-nin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış 06.05.2019-cu il tarixli AS-19/1155 saylı məktubda da göstərilmişdir ki, hal-hazırda “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq sığorta vasitəçilərinə 15% komissiya haqqı ödənilir. İddiaçı tərəfindən həmin sübutu apellyasiya baxışında təqdim edilməsi ilə bağlı kollegiya qeyd edir ki, həmin məktub cavabdehin rəhbərinin imzaladığı məktub olduğuna görə iddiaçıya deyil, cavabdehə məxsus sübut hesab olunur. İddiaçı da bildirdi ki, yalnız hazırda həmin məktubu əldə edə bilmişdir. Cavabdehin nümayəndəsi isə həmin məktubun mötəbərliyini mübahisələndirməmiş və gec təqdim edilməsinə istinad etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin sübutun qəbul edilməsi Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinə uyğundur. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir. Çünki iddiaçını hazırda mübahisələndirdiyi dövrdən əvvəl həmin məbləğdə komisyon muzd mükafatı hesablanmış və iddiaçıya ödənilmiş, habelə komisyon muzd mükafatının məhz 15% təşkil etməsi cavabdeh "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin məktubunda göstərilmişdir. Bu qaydada hesablandıqda isə müəyyən edilir ki, iddiaçıya ödənilməli olan komisyon muzd mükafatının məbləği 39462 manat təşkil edir. Belə ki, 01.05.2019-10.05.2021-ci il tarixləri ərzində yığılmış sığorta haqqına görə iddiaçıya ödənilməli olan komisyon muzdun məbləği 61130 manat təşkil edir (407538,64 manat x 15 % = 61130). Eyni zamanda həmin dövr ərzində yığılmış sığorta haqqına görə cavabdeh tərəfindən iddiaçıya 21668 manat komisyon muzd ödənilmişdir. Ödənilməli olan məbləğdən ödənilmiş məbləğ çıxıldıqda isə müəyyən olunur ki, iddiaçıya ödənilməli olan cəmi məbləğ 39462 manat təşkil edir (61130 - 21668 = 39462). İddiaçı tərəfindən əlavə olaraq 5% məbləğində pulun ödənilməsi ilə bağlı tələb irəli sürməsi isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə bu şərt nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təqdim edilən işlərin aparılması xərcinin hesablanması barədə təhvil-təslim aktları, onlara aid 1 saylı əlavələr və "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin 06.05.2019-cu il tarixli AS-19/1155 saylı məktubu isə iddianın həmin hissədə təmin edilməsi üçün əsas ola bilməz. Çünki tərəflər müqavilə münasibətlərində olduqlarına görə onlar arasında öhdəliklərin əmələ gəlməsi üçün müvafiq müqavilə şərtləri mövcud olmalıdır (Mülki Məcəllənin 386.1). Cavabdehin etirazı da əsassızdır. Belə ki, yuxarıda şərh olunan müqavilənin təfsirinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı məhz 15% təşkil edir. İddiaçının rəhbər olduğu filialın saxlanılması üçün çəkilmiş xərclərə istinad edilməsi isə tam əsassızdır. Çünki iddiaçı hazırkı iddianı cavabdehin işçisi kimi deyil, tərəflər arasında bağlanmış müqaviləyə əsasən sığorta agenti kimi irəli sürmüş və onların öhdəlikləri də həmin müqaviləyə əsasən müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə isə cavabdehin istinad etdiyi şərt nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3649/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 39462 manat məbləğində pul vəsaiti və cəmi 45 manat məbləğində dövlət rüsumları tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar