Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1321/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4804/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı “X2 Sanayı Ltd” ŞTİ tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X2 Sanayı Ltd” ŞTİ Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 28 dekabr 2016-cı il tarixli öhdəlik bildirişinə əsasən 400000 (dörd yüz min) avro borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq “X2 Sanayi LTD” ŞTİ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-4804/2021 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı “X2 Sanayı Ltd” ŞTİ həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-nin 69.2-ci və MM-nin 362.5-ci maddələrinin tələblərinə uyğun olaraq “X3 Sanayi Ltd" ŞTİ-nin direktoru Şefik Türk tərəfindən Nümayəndə2 25 iyun 2021-ci il tarixdə beş il müddətinə qüvvədə olan və iddia ərizəsini imzalamaq səlahiyyəti verən, onun məhkəmədə təmsil edən və digər hüquqları verən etibarnamə verilib. Etibarnamə Azərbaycan mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edilib, imzalanıb və möhürlənib. Eyni zamanda X8 Cümhuriyyətinin Kahramankazan 1 saylı Notariat Kontoru tərəfindən “X3 Sanayi LTD” ŞTİ-ni təmsil etməsi və onun imza nümunələri tanınan sənəd (İmza sirkulyarı) əlavə edilib. İmza sirkulyarı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq tərcümə edilib və işə əlavə edilib. Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli e-2-2(113)-4804/2021 saylı qərardadında “X3 Sanayi LTD" ŞTİ tərəfindən Nümayəndə2 verilmiş etibarnamənin qanunvericiliyin hansı tələbinə uyğun olmaması aydın deyil və Azərbaycan mülki qanunvericiliyin hansı tələblərinə uyğun gəlməməsi əsaslandırılmayıb. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsini iddiaçının adından nümayəndəsi Nümayəndə2 imzalamışdır. X4, həm də Azərbaycan Respublikası tərəfindən imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 3-cü maddəsinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin (apostilin) əlavə edilməsidir. Lakin hazırki iddia ərizəsinə əlavə edilmiş və Nümayəndə2 adına Türkiyə Cümhuriyyətində verilmiş etibarnamə Azərbaycan dilində tərtib olunsa da, etibarnaməni imzalamış Dr. Şefik Türkün imza sirkulyarı apostil olunmamışdır. Göründüyü kimi etibarnaməyə onu imzalamış şəxsin imzasının həqiqiliyi, bu şəxsin hansı qisimdə çıxış etdiyini və həmin sənədə vurulmuş möhürün həqiqiliyi təsdiq olunmur. “Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” 2002-ci il tarixli müqavilədə də həmin sənədin apostildən azad olunması ilə əlaqədar hər hansı müddəa nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 73.1-ci maddəsində də təsbit olunmuşdur ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X2 Sanayı Ltd” ŞTİ tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4804/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-2(103)-1321/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1321/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver