Məhkəmə qərarları › İş №2-2(103)-1325/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1325/2025

15.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1325/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8971/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ İşin halları

1. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əsas fəaliyyət istiqaməti kişi geyimlərinin pərakəndə satışı fəaliyyəti ilə bağlıdır.

2. Maraqlı şəxsə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənməli borcu 10346,43 manat təşkil edir.

3. Ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış xx.xx.2025-ci il tarixli **********534500 nömrəli bildirişlər ilə borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maraqlı şəxs tərəfindən vergi borcu ödənilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 10346,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025- ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 10346,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 7579,8 manat, faizlər üzrə 2766,63 manat) olmaqla, ümumilikdə 10346,43 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025ci il tarixli **********534500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8971/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.

7. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, vergi orqanı vergi ödəyicisinin ölkədən çıxışına qadağa qoyulması ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsi üçün hər hansı tədbir görməmişdir. Maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz. Maraqlı şəxsin vergi borcunun ödənilməsi üçün görülən tədbirlər qanui olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Başqa sözlə, gözlənilən nəticə maraqlı şəxsin dövlət büdcəsinə olan öhdəliklərini tam yerinə yetirməsidir və bu nəticəyə vergi orqanının qanunla müəyyən edilmiş ha larda vergi ödəyicisinin bank hesabına dondurulmalı və icra sərəncamlarının göndərmək, onun əmlaklarının siyahıya alınması və və hərracda satılması ilə əlaqədar məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə etməklə nail olmaq mümkündür. Lakin vergi orqanı tərəfindən həmin tədbirləin görülməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən ərizə təmin edilməklə şəxsin azadlıq hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Beləliklə, vergi orqanı tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi kifayət qədər əsasland ırlmamışdır. Vergi ödəyicisinin heç bir bank hesabına sərəncam qoyulmamış, həmçinin əmlakın siyahıya alınmasına dair vergi orqanı tərəfindən görülən tədbirlər barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. 10346,43 manat məbləğində vergi borcunun tərkibini 2023-cü il gəlir vergisi üzrə analoji qaydada aparılmış 7579,8 manat hesablama və onun faizləri təşkil edir. Hesablamaya səbəb vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etmədiyi bank kartına köçürülən məbləğlər olmuşdur. Bildiririk ki, vergi ödəyicisi ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Onun VÖEN açmasına əsas səbəb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) maliyyə lizinqi ilə avtomobil alması olmuşdur. Daha sonra vergi orqanı 2025-ci il 14 martda vergi ödəyicisinin şəxsi bank hesabına 2023-cü ildə mədaxil olan məbləğlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı ha larda mənfəətin (gəlirin) hesablanması” Qaydalarını tətbiq etməklə ona əlavə vergi məbləği hesablamışdır. Hal-hazırda həmin vergi məbləği Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilir. Bunu təsdiq edən sənədlər maraqlı şəxsin nümayəndəsi və vəkili tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilsə də, məhkəmə qətnaməsində qeyd edilənlərə münasibət bildirməmiş, qətnaməsini sadəcə vergi borcunun ödənilməməsi ilə əsaslandıraraq ərizəni təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

12. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

14. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

15. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

16. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir .

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Maraqlı şəxsə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənməli borcu 10346,43 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, maraqlı şəxsin (VÖEN: **********) xx.xx.2025 ci il tarixə 10346,43 manat ödənilməmiş borcu mövcuddur.

21. Vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığortası, haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-10 2-25293/2025 nörməli qərarının ləğv edilməsini xahiş etmiş, elektron məhkəmə informasiya sistemindən çıxarılan çıxarışa əsasən, iş qeydiyyata alındı satutusundadır.

22. Kollegiya qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

23. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən ərizə əsaslı olaraq təmin edilmişdir.

24. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

25. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasibdir.

28. Belə ki, maraqlı şəxs tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2012-xx.xx.2025-ci il tarixə Maraqlı şəxs 7.579,80 vergi, 2.766,63 manat faiz borcu olmaqla ümumilikdə 10.346,43 manat önədilməmiş vegi borcu vardır.

29. Qeyd edilən halları nəzərdən keçirərək kollegiya hesab edir ki, məhkəmə ərizəni təmin edərkən mütənasiblik prinsipinə riayət etmiş və düzgün nəticəyə gəlmişdir.

30. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8971/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar