Məhkəmə qərarları › İş №2-2(103)-1327/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1327/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1327/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddiaçı "xxxx"xxxx"xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(113)- 3521/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"xxxx"xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.12.2019-cu il tarixli, 260 saylı müqavilə üzrə 43.268,66 manat əsas borc, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 4801,04 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 48099,70 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.12.2019-cu tarixdə 260 saylı müqavilə ilə "xxxx"xxxx"xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlandığı tarixdən etibarən qüvvəyə minmişdir və 11.12.2020-ci ilə qədər qüvvədə sayılırdı. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aralarında yaranmış etibardan istifadə etmiş, müqavilə, müqaviləyə əlavələr və təhviltəslim aktlarını imzalamamış, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Cavabdehin, qarşılıqlı 21.04.2021-ci il tarixli borcların üzləşdirilməsi aktına əsasən təqdim edilmiş malla görə 38125,13 manat əsas, 5143,53 ƏDV olmaqla, ümumilikdə 43268,66 manat borcu qalmışdır. Cavabdeh tərəfindən borc etiraf edilsə də, indiyə qədər ödənilməmişdir. İddiaçı tərəfindən sonuncu dəfə mal alındığı tarixdə, yəni 16.12.2019-cu il tarixdə də ödənişlər edilmişdir. Buna görə də gecikmiş günlərin sayı 16.12.2019-cu iil tarixdən iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada Cavabdeh tərəfindən öhdəliyin icrası l il 5 ay 21 gün, ümümilikdə 540 gün gecikdirlmişdir. Gecikdirilmiş günlərə görə Cavabdeh İddiaçıya gecikdirilmiş pul məbləğindən mərkəzi bankın müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun faiz ödəməlidir. Mərkəzi bank tərəfindən 13.12.2019-cu il tarixdə illik ucot faiz dərəcəsi 7,5 faiz müəyyən edilmişdir. Həmin faiz dərəcəsinə uyğun olaraq Cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 4801,04 manat (43268,66*((7,5/365)*540)%= 4801,04) məbləğində faiz ödənilməldir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tarixli, e-2-2(113)-3521/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilsə də iclaslarda iştirak etməmişdir.. Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3521/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC–dən 11.12.2019-cu il tarixli, 260 saylı müqavilə üzrə 43,268.66 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 43.298,66 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3521/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qətnaməsini ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Təmsil etdiyi tərəf iddia tələbini qəbul etməyərək aralarında müqavilə bağlanmadığını və iddiaçı qarşısında heç bir öhdəliyinin yaranmadığını, lakin əvvəllər birgə ticarət fəaliyyəti ilə məşğul olduqlarını, bir sıra hallarda qüsurlu mal verdiklərini, lakin buna baxmayaraq öhdəliklərini yerinə yetirdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə İşə baxılması 15.12.2021-ci il tarixə təyin edilmiş, cavabdeh nümayəndəsinin elektron kabnetinə məhkəmə bildirişi yerləşdirilməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(113)-3521/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, həmin hissədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyil. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 11 dekabr 2019-cu il tarixli 260 nömrəli müqaviləsi əsasında yaranmış borcun ödənilməsini tələb edir. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, alıcı isə həmin malı qəbul edərək müqavilənin ayrılmaz tərkib hissələri sayılan qiymət razılaşdırma protokolları ilə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 11.12.2019-cu il tarixli 260 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə edilmiş qiymət razılaşdırılma protokoluna əsasən tərəflər dəyəri 13660,86 manat təşkil edən 34.050 ton sulfat turşusunun satılması barədə razılığa gəlmişlər. 11.12.2019-cu il tarixli 260 saylı alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə edilmiş qiymət razılaşdırılma protokoluna əsasən tərəflər dəyəri 10720.06 manat təşkil edən 26720 ton sulfat turşusunun satılması barədə razılığa gəlmişlər. 11.12.2019-cu il tarixli 260 saylı alqı-satqı müqaviləsinə 3 nömrəli əlavə edilmiş qiymət razılaşdırılma protokoluna əsasən tərəflər dəyəri 39153.21 manat təşkil edən 95210 ton sulfat turşusunun satılması barədə razılığa gəlmişlər. 12 dekabr 2019-cu il tarixli 1544 nömrəli hesab-fakturadan görünür ki, 11.12.2019cu il tarixli, 260 nömrəli müqavilə üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə bir tonunun qiyməti 340 manat təşkil edən 34.050 ton miqdarında 11577 manat dəyərində və 26.720 ton miqdarında 9084.81 manat dəyərində, ümumilikdə ƏDV daxil 24380.92 manat dəyərində sulfat turşusu satılmışdır. 12.12.2019-cu il tarixli, EBAK seriyalı 582795 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 9758.49 manat dəyərində sulfat turşusu satılmışdır. 16 dekabr 2019-cu il tarixli 1562 nömrəli hesab-fakturadan görünür ki, 11.12.2019cu il tarixli, 260 nömrəli müqavilə üzrə "xxxx" MMC tərəfindən “Şərq Kimya şirkəti Bakı” MMC-yə 64850 ton miqdarında 22600,23 manat dəyərində və 30360 ton miqdarında 10580,46 manat dəyərində, ümumilikdə ƏDV daxil 39153.21 manat dəyərində sulfat turşusu satılmışdır. 16.12.2019-cu il tarixli, EBAD seriyalı 904519 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 39153,21 manat dəyərində sulfat turşusu satılmışdır. 02.06.2020-ci il tarixli, EBAK seriyalı 582795 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 9758,49 manat dəyərində sulfat turşusu satılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdeh 01.04.2021-ci il tarixədək iddiaçıya 43268,66 manat borcu olduğunu təsdiq etmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlar əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 398.1-ci, 442-ci, 567-ci, 598-ci, 600-cü maddələrinə istinad edərək iddianın əsas borc hissəsində təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında müqavilə bağlanmadığını qeyd etsə də, eyni zamanda ticarət münasibətləri olduğunu təsdiq etmiş, iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirdiyini, cavabdehin təqdim etdiyi malların qüsurlu olduğunu göstərsə də bu barədə sübutlar təqdim etməmiş, müqavilə bağlanmadığı halda üzləşmə aktının hansı səbəbdən təsdiq edildiyini, iddiaçı tərəfindən malların təqdim edilməsi ilə bağlı göndərilmiş elektron qaimələrə hansı səbəbdən etiraz bildirilmədiyini izah edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının tələbinin əsaslı olduğuna dair iş materiallarında kifayət qədər sübutlar olduğunu, cavabdeh tərəfindən iddiaya etirazın əsasları ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2- 2(113)-3521/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(113)-3521/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar