Məhkəmə qərarları › İş №2-2(103)-1328/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1328/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1328/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-185/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 27148 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh MMC cavabdeh Nümayəndə1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə1 ilə Cavabdeh MMC arasında imzalanmış 04.08.2018-ci il tarixli, 04/08/2018 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.11.2020-ci il tarixli e-2-2(113)-3606/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-3606/2020 saylı iş iddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş e-2-2(113)-2071/2020 saylı işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli, e-2-2(113)-185/2021 saylı qətnaməsi ilə iddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi barədə iddia təmin edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia təmin edilməmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli 2-2(103)-907/2021 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə qeyri-mümkün hesab edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-185/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni 09.06.2021-ci il tarixdə əldə etmişlər. Bunun ardınca isə prosessual hüququndan istifadə edərək həmin qətnamədən 08.07.2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Həmin qərardad qəbul edilərkən işin materiallarına diqqət yetirilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadda göstərildiyi kimi qərarın elektron sistemə yüklənməsinə istinad etməsi qəbuledilməzdir. Davamlı olaraq Bakı Kommersiya Məhkəməsinin icraatında olan işlərlə əlaqədar analoji formada qərarın fiziki formada götürüldükdən sonra apellyasiya şikayəti vermək müddətinin başlanılması müşahidə olunmaqdadır. Bakı Kommersiya Məhkəməsi də məhz bu səbəbdən apellyasiya şikayətini haqlı olaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Əslində isə hazırki vəziyyətdə müddətin ötürülməsinin üzrlü səbəbi Bakı Apellyasiya Məhkəməsinin hazırki qərardadla işin baxılmasının operativliyinin qarşısını almasıdır. Bu səbəbdən də apellyasiya şikayətinin verilməsi müddəti üzrlü hesab edilməli və bərpa edilməlidir, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-185/2021 saylı 06.10.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin buraxılmış prosessual müddətin bərpası haqqında ərizəsi təmin edilməmiş və müddətin bərpa edilməsindən imtina edilmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, apelyasiya şikayəti vaxtında verilmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli 2-2(103)-907/2021 saylı qərardadında da qeyd olunduğu kimi işin 2-ci cildinin 60-cı vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli, e-2-2(113)-185/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 06 may 2021-ci il tarixdə saat 16:52-də Cavabdeh MMC-nin direktoru Nümayəndə2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti 08 iyul 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 07 iyun 2021-ci il tarixdə bitdiyi halda, Cavabdeh MMC-nin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 08 iyul 2021-ci il tarixdə verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-185/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar