Məhkəmə qərarları › İş №2-2(103)-133/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-133/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-133/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “ödənişin geri qaytarılması” tələbinə dair kommersiya işi Açar söz: müqavilə üzrə ödənişin geri qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə ödənişin geri qaytarılmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3428/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 10 sentyabr 2019- cu il tarixdə servis və ehtiyat hissələrinin satış müqaviləsi bağlanmışlar. Müqavilə şərtlərinə əsasən icraçı ("xxxx" MMC) sifarişçinin (İddiaçı MMC) verdiyi sifarişə əsasən əlavələrdə göstərilmiş texnikaların təmir edilməsini və tələb olunan mallar, ehtiyat hissələri ilə təmin edilməsini öhdəsinə götürmüş, sifarişçi isə təhvil verilən malların, ehtiyat hissələrinin və işlərin qəbul edilməsini və dəyərinin ödəməsini öhdəsinə götürmüşdür. 12.1-ci bəndə əsasən müqavilə bir il müddətinə bağlanmışdır.

2. Müqaviləyə 1 saylı Əlavədə (Malların spesifikasiyası) müqavilənin ümumi qiyməti 75895 manat müəyyən edilmiş, 100 faiz əvvəlcədən ödəniş edilməsi, 14 gün çatdırılma müddəti nəzərdə tutulmuşdur.

3. İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2019, xx.xx.2019, xx.xx.2019cu il tarixlərdə ümumilikdə 19.999,82 manat məbləğində pul köçürülmüşdür.

4. İşdəki xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə tərtib edilmiş aktlardan, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı MMC-yə ehtiyat hissələri verilməklə Doosan 250 markalı texnikaya "xxxx" MMC tərəfindən cəmi 6.370,82 manat məbləğində xidmət göstərilmişdir.

5. "xxxx" MMC xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya müraciət edərək müqavilə əsasında ödənişin tam həyata keçirilməsini xahiş etmişdir.

6. İşdəki "xxxx" ASC tərəfindən təsdiq edilmiş köçürmə ərizələrindən görünür ki, 7500 ABŞ dolları vəsait cavabdeh tərəfindən Türkiyə Respublikasında əməkdaşlıq etdiyi şirkətin “Garanti Bank” dakı hesabına köçürülmüşdür. Köçürmənin əsası kimi, xx.xx.2019cu il tarixli 1 saylı müqavilə göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icra edilməyən öhdəliklər üzrə 13.629 manat, gecikdirilmiş (son tarix xx.xx.2020 olmaqla) 638 gün üçün (365 gün = 5%, 638 = 8,7%) 1.185,67 manat və 134,44 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında xx.xx.2019-cu il tarixində 10092019 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilə xx.xx.2020-ci il tarixində qüvvədən düşmüşdür. Müqavilənin əlavəsində göstərilən şərtlərə görə, "xxxx" MMC İddiaçı MMC-yə ümumilikdə 75.895 manat miqdarında mal və xidmətlər təqdim etməli idi. Ödəniş qaydası kimi 100% əvvəlcədən ödəniş göstərilmişdir. Qeyd olunmuş məbləğdən İddiaçı MMC "xxxx" MMC-nin bank hesabına ümumilikdə 19.999,82 manat köçürmüşdür və həmin məbləğ üzrə cavabdeh tərəfindən yalnız 6.370,82 manat miqdarında mal və servis xidməti təqdim edilib.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3428/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək 10092019 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13.629 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə verilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 87 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. 10.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə həm alqı-satqı, həm də xidmət müqaviləsinin elemetləri vardır. Belə olan halda məhkəmə hesab etmişdir ki, tələbin qanuni əsası kimi alqı-satql müqaviləsinə və podrat müqaviləsinə dair normalar nəzərdən keçirilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin hesabına 19.999,82 manat məbləğində pul köçürməsinə baxmayaraq, cəmi 6.370,82 manat məbləğində mal verildiyi və xidmət göstərildiyini qeyd edərək, qalıq 13.629 manat məbləğində pulu tələb edir. 12.Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 1.185,67 manat məbləğində pulun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 46 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 87 (13.629x5/100=681,45 (1 il üçün) 681,45/12=56,78 (1 ay üçün) 56,78/30=1,892 (1 gün üçün) 1,892*46=87) manat təşkil edir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3428/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıyla bağlanan müqavilə 2 hissədən ibarətdir. Müqavilənin 1.1 və 1.2-ci bəndindən də göründüyü kimi, icraçı ("xxxx" MMC) sifarişçinin (İddiaçı MMC) verdiyi sifarişə əsasən əlavələrdə göstərilmiş texnikaların təmir edilməsini və tələb olunan mallar, ehtiyat hissələri ilə təmin edilməsini öhdəsinə götürmüş, sifarişçi isə təhvil verilən malların, ehtiyat hissələrinin və işlərin qəbul edilməsini və dəyərinin ödəməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 75895 manat əvvəlcədən ödənilməli idi. İddiaçı 14999,50 manat ƏDV ilə birlikdə ilkin ödəniş etdi. Həmin məbləği (ƏDV çıxmaqla) "xxxx" MMC həmin malları istehsal edən Türkiyə Respublikasında yerləşən SPR İS MAK OTO YED PAR LTD STİ şirkətə konvertasiya edib köçürmüşdür. 12711,44 AZN ƏDV-siz məbləğ 7468 ABŞ dolları təşkil edir. Yuvarlaqlaşdırıb 7500 ABŞ dollar ğöndərilib. Həmin mallar hazır olduqda SPR İS MAK OTO YED PAR LTD STİ şırkət "xxxx" MMC qalan məbləğin ödənilməsini xahiş etdi və malları pulu tam ödədikdə göndərilməsini bildirdi. "xxxx" MMC bu barədə iddiaçıya pulun qalan hissəsinin ödənilməsini bildirsə də iddiaçı buna əhəmiyyət verməmişdir, Nəticədə Türkiyə Respublikasında istehsal edilmiş malların pulu tam ödənilmədikdə SPR İS MAK OTO YED PAR LTD STİ.şirkəti köçürülmüş 7500 ABŞ dolları miqdarında pulu geri qaytarmamışdır. Nəticədə (Türkiyədə yerləşən şirkət) və "xxxx" MMC iddiaçının öhdəlikləri yerinə yetirmədiyinə görə zərər çəkmişdir. ”Meqa Texnika” MMC öhdəlikdən irəli gələn hərəkətləri icra etmişdir. "xxxx" MMC iddiaçıya heç bir mal satmayıb. "xxxx" MMC tərəfindən iddiaçıya xidmət göstərilməli idi. İddiaçı mal dəyərini tam ödəmədikdə işlərin görünməsi mümkün olmamışdır. Belə olan halda tərəflər arasında alqı-satqı yox, MM-nın 39-cu fəsli ilə tənzimlənən podrat müqaviləsi mövcuddur. Məhkəmənin hüququn analogiyasının tətbiq edilməsi qanunsuzdur. Qanunun tətbiq edilməsində məqsəd, onda ifadə edilən dövlətçilik iradəsinin həyata keçirilməsidir, normanın tətbiqedilmə prosesində bu iradə dəqiq üzə çıxarılmalı, sonra isə müvafiq məhkəmə aktında həyata keçirilməlidir. Buna görə də hüquqi, maddi və ya prosessual normanın tətbiqi onun məzmununun qabaqcadan aydınlaşdırılmasını nəzərdə tutur. Bu tələbə istənilən normanın tətbiqində əməl edilməlidir, əks halda ədalət mühakiməsinin həyata keçirilməsində səhvlərə yol verilməsi qaçınılmazdır. Hüquq münasibətləri öz-özünü tənzimləyə bilməz, bunun üçün obyektiv nizamlayıcı olmalıdır. Hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və onlara xitam verilməsi yalnız hüquq normaları əsasında həyata keçirilə bilər. Belə normalar və münasibətlər arasında daim səbəb-nəticə əlaqəsi olmalıdır. Məhz normanın təsiri nəticəsində hüquq münasibətləri istiqamətləndirilir, qaydaya salınır, habelə onların sabitliyi, davamlılığı və müdafiəsi təmin olunur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1-ci maddəsi- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsi-sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 769-cu maddəsi-əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamənin tam ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3428/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış servis xidməti və ehtiyat hissələrinin satışı müqaviləsi üzrə cavabdehə 13.629 manat ödəniş edilmiş, lakin bu ödəniş müqabilində 6.370,82 manat dəyərində xidmət göstərilmişdir.

18. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı müqaviləyə əsasən 75895 manat məbləği əvvəlcədən ödəməli olduğu halda tam ödəniş etməmiş, məbləğ tam ödənilmədiyindən Türkiyə Respublikasından mallar göndərilməmiş, nəticədə cavabdeh də öz üzərinə düşən öhdəliyi icra edə bilməmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri hər hansı mötəbər sübutla təsdiq olunmur. Belə ki, cavabdehin Türkiyə Respublikasında əməkdaşlıq etdiyi şirkətlə hansı şərtlər altında müqavilə bağladığı, həmin şirkətin ödənişin tam həyata keçirilməməsi əsası ilə malları göndərməkdən imtina etdiyini təsdiq edən sübutlar iş materiallarında mövcud deyil.

20. Mülki Məcəllənin 759.1-ci maddəsinin tələbinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina etmək hüququna malik olduğundan hazırkı halda iddiaçı tərəfin müqavilə üzrə razılaşdırılmış ödənişi tam məbləğdə həyata keçirməməsi podrat müqaviləsindən imtina kimi qiymətləndirilməlidir. Belə olan halda icraçı olaraq cavabdehin qarşı tərəfdən yalnız faktiki gördüyü işin dəyərini və müqavilənin ləğv edilməsi nəticəsində dəymiş ziyanı tələb etmək hüququ olduğundan görülən işin dəyərindən artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.

21. İddiaçı tərəfindən müqavilə üzrə ödənişin tam həyata keçirilməməsi nəticəsində cavabdehə ziyan dəyməsi isə mötəbər sübutlarla təsdiq edilmir.

22. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3428/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3428/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar