Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1333/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3900/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisi deyilən sahədə yerləşən istixanaya hesablanmış 40770,80 manat məbləğində borcun **********00160 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(113)-3900/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. 19.03.2020-ci il tarixdə iddiaçıya məxsus istixanaya Cavabdeh İB-nin nümayəndələri tərəfindən texniki baxış keçirilmiş və təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilərək eyni tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya 23544 manat məbləğində borc hesablanmışdır. Sonra cavabdeh tərəfindən iddiaçıya məxsus istixanada qaz sayğacının işləmədiyi 2021-ci ilin yanvar ayı üzrə 15258 manat və fevral ayının 4 günü üzrə 1968,8 manat məbləğlərində borc hesablanaraq 26.01.2021-ci il tarixli ******* saylı və 26.02.2021-ci il tarixli ******* saylı Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlar tərtib edilmişdir. İddiaçı bildirir ki, aktlar qanunsuz və əsassız olaraq tərtib olunduğundan onlara əsasən hesablanmış 40770,80 manat məbləğində borc tam silinməlidir. Belə ki, aktlar iddiaçının və ya nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Sonradan iddiaçı qaz idarəsindən sənədləri əldə edərkən tərtib olunmuş aktlarda istehlakçının nümayəndəsi adının önündə iddiaçının adı yazılmış və imza atılmışdır. Halbuki, aktlar tərtib olunarkən iştirakı təmin edilməmişdir. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda, iddiaçının istifadəsində olan istixanaya 3 ay (90 gün) əvvəlin borcu hesablanır. Hesablanma qaydasının bu cür aparılmasının hansı normativ hüquqi aktda öz əksini tapdığı Dəymiş ziyanın bərpasına dair Tələbnamədə öz əksini tapmamışdır. Bundan başqa, abonent saldosuna nəzər salanda 2017-ci ildən ilk akt yazılan dövrə qədər, yəni 19.03.2020-ci ilə kimi qazdan istifadəyə görə yaranmış borc demək olar ki, əvvəlki illərin müvafiq ayları ilə münasibətdə eyniyyət təşkil edir. Cavabdehin əməkdaşlarının qanunsuz xətti aşkara çıxarmasından sonra təbii olaraq iddiaçının qaz sərfiyyatı 2 qat, 3 qat artmalı idi. Qanunsuz qoşulmadan sonra qaz cihazlarının və iş həcminin azalmamasına baxmayaraq aylıq sərfiyyat məbləği sabit qalmış, bəzi aylarda isə azalmışdır. Bu da dolayısı ilə onu göstərir ki, istifadəsində olan istixanada sayğacdankənar qanunsuz xəttə qoşulmaqla istifadə halı olmamışdır. Abonent saldosuna nəzər saldıqda da yanvar ayında sayğacın mexaniki göstəricisinin sərfiyyatı qeydə aldığını görmək olar. İddiaçıya qeyd olunan dövr üçün akt əsasında 15258 manat sərfiyyat hesablanmışdır. Belə olan halda abonent saldosunda həm mexaniki göstəricinin qeyd olunması, həm də əlavə akt əsasında qanunsuz sərfiyyat hesablanması istehlakçının istifadə etmiş olduğu təbii qaza görə 2 dəfə artıq pul ödəməyə məcbur etməkdir. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Ona görə də, itirilmiş qazın dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 40770,80 manat borcun hesablanmasına əsas olan akt (aktlar) və həmin aktların tərtib edilməsinə əsas olmuş yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh istinad etdiyi yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3900/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1333/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1333/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver