Məhkəmə qərarları › İş №2-2(103)-1334/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1334/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1334/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3823/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh "X3" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X3" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənimsənilmiş 59337,49 manatın, əldən çıxmış faydaya görə 3000 manatın, iddianın hazırlanması və hüquqi xidmətlər üçün 2000 manatın, 30 manat dövlət rüsumunun, cəmi 64367,49 manatın birdəfəlik olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli e-2-2(113)-3823/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 59337,49 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 27,66 manat məbləğinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, qalan 2,34 manat məbləğinin İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdeh "X3" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıdan əsas borc məbləğinin hansı səbəbdən tutulmasını əsaslandırmamış, bununla bağlı mötəbər sübutlara istinad etməmiş, yalnız iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə kifayətlənmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, tərəflər arasında yaranmış mübahisənin müzakirəsi üçün məhkəmədən işin təxirə salınmasını xahiş etsə də, məhkəmə bu xahişi nəzərə almamış və həmin iclasda qətnamə qəbul etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı ilə alıcı "X3" MMC arasında 01 noyabr 2018-ci il tarixli QZSA218/2018 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı satmağı, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və müqaviləyə əlavə edilən qaimə-faktura(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları cavabdehdən almağı və həmin malın müqabilində iddiaçıya qaimə-faktura/hesab faktura(lar)da nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 59337,49 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Sonuncu fakt hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuş 31 dekabr 2020-ci il tarixli üzləşmə aktı ilə tam təsdiq olunur. Belə ki, həmin akta əsasən "X3" MMC-nin İddiaçı olan borcu 59337, 49 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 59337,49 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 59337,49 manat təşkil etməsi yuxarıda istinad olunan 31 dekabr 2020-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Cavabdeh isə həmin sübutu mübahisələndirməmişdir. Bundan başqa, 09.09.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddianın rədd edilməsini xahiş etmiş, lakin iddiaçı tərəflə razılığın əldə edilməsi üçün məhkəmə iclasının təxirə salınması barədə hər hansı vəsatət verməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "X3" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3823/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.09.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar