Məhkəmə qərarları › İş №2-2(103)-1339/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1339/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1339/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3753/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində əsas borcun, 2212 (iki min iki yüz on iki) manat məbləğində cərimə-dəbbə pulunun, 1000 (bir min) manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 151 (bir yüz əlli bir) manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən iddiaçının xeyrinə 2354,10 manat və gecikdirilmiş günlər üçün 300 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 2684,10 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3753/2021 saylı 06.10.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prossesual Məcəllənin 155.1-ci, 155.2-ci, 154.1-ci, 156.1-ci, 156.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, ilkin iddia tələbi tərəflər arasında bağlanmış 28.04.2020-ci il tarixli 113/20 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə öhdəliklərin təmin edilməsinə yönəlmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsi üzrə tələb predmeti və əsasını tərəflər arasında 17.12.2018-ci il tarixində bağlanmış “Ofis icarəsi” haqqında müqavilə üzrə öhdəliklərin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi iki tələb üzrə mübahisə predmetini və əsasını təşkil edən hallar tamamilə fərqli və qarşılıqsızdır. Belə olan halda cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın icraata qəbul edilməsi, hazırda məhkəmənin icraatında olan ilkin iddia üzrə məhkəmə araşdırmasının daha tez və düzgün aparılmamasına səbəb olacaqdır. Odur ki, hazırda cavabdeh tərəfindən məhkəməyə verilmiş qarşılıqlı iddia ərizəsində göstərilən tələbi üzrə, ilkin iddia icraatında məhkəmə araşdırmasının aparılması qüvvədə olan qanunvericiliyə zidd olduğundan həmin ərizənin icraata götürülməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsində təsbit olunmuşdur ki, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə (156.1.1); qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa (156.1.2); qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə (156.1.3). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, “Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz”. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan və Konstitusiya Məhkəməsinin Qərarındakı mövqedən aydın olur ki, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Hazırki işdə də əsaslar ayrı-ayrı müqavilələrdən irəli gəlsə də, həm ilk iddianın, həm də qarşılıqlı iddianın predmeti pul öhdəliyi ilə bağlıdır. Göründüyü kimi qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldıra bilər. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsi məhz yuxarıda qeyd olunan əsaslarla geri qaytarıla bilməz. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3753/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar