Məhkəmə qərarları › İş №2-2(103)-134/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-134/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-134/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh «xxxx» ASC-yə qarşı «pul tələbinə dair» iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-874/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən vurulmuş ziyan olan 103,928 manat, avtomaşınlar üçün hesablanmış xərcin, 15.450,00 manat məbləğində dəbbə pulunun, əldən çıxmış gəlirə görə hər ay 20.000 min olmaqla, 5 ay müddətində 100.000 manat məbləğində və avtomaşınların Azərbaycan Respublikasina gətirilməsi üçün xərclənən 6.800,00 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx xxxxxxxx 2018-ci tarixdə avtonəqliyyat vasitələrinin sığortalanması barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən «Mersedes-Benz Axor 1843» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı yarımqoşqu 40.000 manat, “Schmitz” yarımqoşqu markalı: ** ZC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 40.000 manat, ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 35.000 manat həddində 365 gün müddətinə sığortalanmış və sığorta müqavilələri üzrə sığorta haqqı cavabdehin hesabına ödənilmişdir. Müqavilələrə əsasən sığorta ərazisi Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə, İran İslam Respublikası və MDB ölkələri nəzərdə tutulmişdur. xx xxxxx 2018-ci il tarixdə Rusiya Fedarativ Respublikasının Saratov Əyalətində yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə barəsində telefon vasitəsilə dərhal cavabdehə məlumat verlimiş və sonra zəruri sənədlər təqdim edilmiş və onun razılığı ilə “xxxx” MMC-nin əməkdaşları yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı avtomaşınların təmiri üçün zəruri xərcləri hesablamış və müəyyən edilmişdir ki, Mersedes- Benz Axor 1843» markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 51.872,61 manat, “Schmitz” yarımqoşqu markalı - ** ZC *** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 21.921,78 manat, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomaşın üçün isə 30.135,89 manat məbləğində təmir xərcləri təşkil edir. Müvafiq sənədlər toplanıb verildikdən sonra cavabdeh iddiaçıya elə məbləğ vəsait təklif edilmişdir ki, bu vəsaitlə yalnız bir avtomaşını qismən təmir etmək imkanı yaranır. Cavabdeh nəzərdə tutulan sığorta ödənişini ödəməkdən qərəzli olaraq yayınmaqla külli miqdarda iddiaçıya maddi ziyan vurmuş, eləcə də, öhdəliklərini lazımi qayadada icra etmədiyindən ona külli miqdarda mənfəəti də əldən çıxmışona 20.000 manat zərər etmişdir. Sığorta edilən əmlaklar yol nəqliyyat hadisəsi baş verdiyi Rusiya Fedeativ Respublikası, Saratov Əyalətindən ökəyə gətirilməsi də sığorta müqaviləsinin tələbinə əsasən sığorta edən icra etlməli olduğu halda, cavabdeh bunu da etməmiş, iddiaçıya 6.800 manat (4.000 dörd min ABŞ dolları) xərc çəkərək avtomaşınları respublikaya daşınmışdır. Beləliklə də cavabdeh qüvvədə olan mövcud qanunvericiliyin tələblərini pozmuş, dəfələrlə müraciətlər edilməsinə baxmayaraq sığorta ödənişini və digər ödənişləri ödəməmişdir. Cavabdehin təqsirli hərəkəti üzündən iddiaçı almalı olduğu 103.928,00 manat sığorta ödənişindən məhrum olaraq avtomobili hadisə olduğu gündən hal-hazıradək təmir edilməmiş, aradan keçən 5 ay müddətdə 20.000 min manataylıq gəlirindən məhrum olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-874/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 78.271,00 manat məbləğində ziyan tutularaq ödənilməsi, aparılmış ekspertiza ilə bağlı 120,00 manat ekspertiza xərci müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Cavabdeh «xxxx» ASC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın 27.850,00 manat hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Eekspertizası Mərkəzinin ekspert rəyi kifayət qədər əsaslı olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avmobilin hansı hissəsinin zədələndiyi, hanslarının dəyişməyə, hansılarının təmirə ehtiyacınının olması Mərkəzin yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsində aparılan nəqliyyat vasitələrinin detallarının ekspertizası (metalloqrafik ekspertizası) vasitəsilə müəyyən oluna bilər. Həmin hissələrin hadisə baş verən tarixə pərakəndə (sərbəst satış) qiyməti isə məhkəmə əmtəəşünaslıq ekspertizası vasitəsi ilə müəyyənləşdirilə bilər. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 20 və 21-ci madələrindən göründüyü kimi, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması müxtəlif bilik və elm sahələri əsasında bir neçə təhqiqat aparılmaqla həyata keçirilə bilər ki, bunun üçün də məhkəmə tərəfindən kompleks məhkəmə-metalloqrafik və əmtəəşünaslıq ekspertizası təyin olunmalı idi. Təkrar ekspertiza təyin olunması barədə iddiaçının vəsatəti birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq təmin olunmamışdır. Ona görə də iddiaçı hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin olunmalı və avtomobillərə dəymiş zərər dəqiq müəyyən olunmalıdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfin vəsatəti nəzərə alınmaqla, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə «əlavə məhkəmə-əmtəəşünaslıq və yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası» təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri qarşısında həll olunması üçün aşağıdakı suallar qoyulmuşdur (Həmin qərardadla da rəy veriləndək iş üzrə dayandırılmışdır):

1. 2007-ci il buraxılışlı “X6 1843” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “Schmitz” markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı və 2004-cü il buraxılışlı “Schmitz” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillərə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərər dəymişdirmi?

2. Əgər zərər vurulmuşdursa, hansı hissələr zədələnmiş və zərərin (avtomobillərin təmir-bərpa xərci) məbləği müəyyən edilsin? 2. 2007-ci il buraxılışlı “X6 1843” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “Schmitz” markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı və 2004-cü il buraxılışlı “Schmitz” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillərin zədələnmiş hansı hissələri təmirə yararlı olması və ya dəyişdirilməsi müəyyən edilsin? Məhkəmə Ekspertizası tərəfindən həmin qərardad icra olunmuş və xx.xx.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin 09/29-8/49 saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və cavabdehin apellyasiya şikayəti üzrə işə baxılması üzrə xx.xx.2020-ci il tarixinə hazırkı məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 ekspert tərəfindən onun qarşısında qoyulmuş suallara cavab verilmədiyini və dəymiş ziyanı müəyyən etmək səlahiyyəti sığortaçıya məxsus olduğunu bildirmiş və iddiaçıya vurulmuş ziyana görə ona 30.000 manat sığorta ödənişi təklif olunsa da qəbul etmədiyini, 100.000 manatdan çox sığorta ödənişi tələb etdiyini və ekspert rəyi ilə müəyyən olunan 78.000 manat ziyan məbləğinin əsassız olduğunu, yenidən ekspertiza təyin edilməsi zəruriliyini vurğulayaraq şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir (İddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən iştirak edən nümayəndəsi Nümayəndə2 məhkəmənin hazırkı iclasına gəlsə də, işdə olan iddiaçı tərəfindən ona verilən etibarnamə bir il müddətinə verildiyindən, onun səlahiyyət müddəti xx xxx 2020-ci il tarixdə bitdiyinə görə o, məhkəmə tərəfindən iddiaçının adından işdə iştirak etməyə səlahiyyəti olan şəxs kimi qəbul olunmamışdır) İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda, əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 899.1 və 899.1.2-ci maddələrinə əsasən sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 901.1-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İşə əlavə olunmuş sübutlarla, iddia ərizəsi və cavabdehin hazırkı apellyasiya şikayətinin dəlilləri, eləcə də onun nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunan faktiki hallara əsasən müəyyən olunur ki, xx xxxxx 2018-ci il tarixdə Rusiya Fedarativ Respublikasının Saratov Əyalətində yol nəqliyyat hadisəsi baş verdiyi həmin hadisədə zədələnmiş: -X6 1843» markalı, **-CZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi MC********** №li, “SCHMİTZ» markalı **-ZC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin MC********** №-li, “SCHMİTZ» markalı, **-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin MC********** №-li – sığorta şəhadətnamələri əsasında, müvafiq olaraq 40.000 manat, 40000 manat və 35000 manat (cəmi 115.000 manat ) həddində sığortalandığı və 3900 manat, 2600 manat və 2600 (cəmi 9100 manat) şərtsiz azadolma müəyyənləşdirilməklə, sığortalandığı və müvafiq sığorta haqqının ödənildiyi - işin mübahisə edilməyən hallarını təşkil edir. Cavabdehin apellyasiya şikayətinə əsasən konkret halda onun mübahisələndirdiyi hal, birinci instansçiya məhkəməsinin ekspert rəyinə əsasən müəyyən olunan avtomaşınlara vurulmuş ziyanın 78.271,00 manat məbləğində olması ilə razılaşmayaraq hesab edir ki, yenidən ekspertiza təyin olunmaqla ayrı-ayrılıqda zədələnən hissələr, onların qiymətləri müəyyən olunaraq ziyan məbləği müəyyənləşdirilməlidir. Ümumiyyətlə cavabdehin mövqeyindən görünür ki, vurulmuş ziyan, yəni avtomaşınların təmir bərpva xərci sığortasçı kimi onun özü tərəfindən yalnız müəyyənləşdirə bilər. Özü tərəfdən də müəyyən olunmuşur ki, sığorta hadisəsinə görə iddiaçıya 27.850 manat məbləğində sığorta ödənişi oluna bilər. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəlilləri və mövqeyi ilə razılaşmır. Belə ki, onun apellyasiya şikayətinin qeyd olunan dəlilləri və nümayəndəsinin apellyasiya mərhələsində vəsatəti nəzərə alınmaqla, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq və yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09/29-8/49 saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə aşağıdakı nəticələr əldə olunmuşdur: - 2007-ci il buraxılışlı "X6 1843» markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 43.777,0 manat, -“SCHMİTZ» yarımqoşqu markalı, **-ZC-*** dövlət nömrə nişanlıavtomaşının təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 18.580,00 manat; - 2004-cü il buraxılışlı “SCHMİTZ» yarımqoşqu markalı, 10-ZH735 dövlət nömrə nişanlı avtomaşının təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 25.014,00 manat. Beləliklə də ekspertin rəyi ilə avtomaşınların təmir bərpa xərcinin ümumilikdə 87371 manat təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan ekspert rəyinin qeyd olunan nəticələri ilə birinci instansiya məhkəməsində işə baxılarkən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ilkin verilmiş 21098 saylı xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyində gəlinən nəticələr eynilik təşkil etsə də, müqayisəli təhlil aparıldıqda, hazırkı ekspert rəyinin tədqiq-əsaslandırıcı hissəsindən görünür ki, əvvəlki rəydən fərqli olaraq ayrı-ayrı ekspertza sahələrinin ekspertləri tərəfindən hərtərəfli ekspert tədqiqatı aparılmış, o cümlədən: -məhkəmə avto-texniki eksperti tərəfindən konkret şəkildə tədqiqat obyektləri sığorta hadisəsinin obyektləri olan avtomobillərin, onların fototəsviri verilməklə, zədələnmiş hissələri müəyyən edilmiş, məhkəmə-əmtəəşünaslıq eksperti tərəfindən isə həmin zədələnmiş hissələrinin detalları üzrə ayrı-ayırlıqda, köhnəlmə faizi də nəzərə alınmaqla, qrafik şəklində aydın təsvir olunmaqla əmtəə dəyərləri və təmir işlərinin görülməsi üzrə xərcələr müəyyənləşdirilmişdir. Qeyd olunanlar baxımdan, məhkəmə kollegiyası ekspert rəyində gəlinən nəticələrə inandırıcı yanaşır və həmin nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın nəticələrinə istinadən gəldiyi nəticə faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edən nümayəndəsinin hazırkı ekspert rəyi ilə də razılaşmayan, qanunvericiliyə görə ziyan məbləğinin yalnız sığortaçı tərəfindən müəyyən edilməli olmasına və məhz, sığortaçının müəyyən etdiyi təmir-bərpa xərci əsasında sığorta ödənişinin verilməli olduğunu mübahisələndirən dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Çünki, cavabdehin müəyyən etdiyi avtomaşınların təmiri üçün tələb olunan təmirbərpa xərci və iddiaçıya ödənilməsi təklif olunan sığorta ödənişi - iddiaçı tərəfin razılaşmadığı və sığortaçının öz mövqeyinə uyğun olan, həm də, iş üzrə alınmış ekspert rəyləri ilə müqayisədə, təxminən üç dəfəyə yaxın aşağı məbləğdə olan bir sığorta ödənişini ehtiva edir. Belə ki, işdə olan cavabdeh şirkətin– «Sığorta hadisələrinin tənzimlənməsi departamenti» tərəfindən tərtib edilib, kimliyi göstərilməyin şəxs tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli hesablama cədvəllərində: «X7 1843» markalı **-CZ-*** qeydiyyat nişanlı avtomaşının üçün 14500 manat, digər «SCHMİTZ» markalı - **-ZC-*** qeydiyyat nişanlı avtomobil üçün 6000 manat, **-ZH-*** qeydiyyat nişanlı avtomaşın üçün isə 7300 manat (cəmi: 27850 manat) Ekspert rəylərində gəlinən nəticələr üzrə təmir bərpa xərci, həmçinin avtomobillərin servisini həyata keçirən «xxxx» MMC-nın mütəxəssisləri tərəfindən verilmiş qüsur aktları ilə müəyyən edilən təmir-bərpa işlərindən də fərqlidir: Belə ki, həmin MMCnin xx.xx.2019-cu il tarixli qüsur aktına görə «X8 1843» markalı **-CZ-*** qeydiyyat nişanlı avtomaşının üçün 51.872,61 manat digər «SCHMİTZ» markalı **-ZC-*** qeydiyyat nişanlı avtomobil üçün 21921,78 manat, **-ZH-*** qeydiyyat nişanlı avtomaşın üçün isə 30.135,89 manat (cəmi: 103.930,28 manat). Göründüyü kimi cavabdehin müəyyən etdiyi təmir-bərpa xərcindən yuxarı, «xxxx» MMC-nın müəyyən etdiyi xərclərdən aşağı olmaqla, avtomaşınlara çəkilməli olan həqiqi xərcləri özündə əks etdirir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin tədqiq olunan ekspert rəyi ilə gəlinən nəticələri mübahisələndirən dəlilləri ilə razılaşmır. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin və hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsinin yenidən (üçüncü dəfə) ekspertiza təyin olunması zəruriliyini vurğulayan dəlillərini işə baxılmasının uzadılmasına meyilliliyin açıq təzahürü kimi qiymətləndirir. Mülki Məcəllənin qeyd olunan 883.1-ci və 888.1-888.2-ci maddələri üzrə əmlak sığortası müqaviləsinin mahiyyəti onu etiva edir ki, sığortalıya məxsus əmlakın məruz qala biləcəyi risklər zamanı, o cümlədən, sığorta hadisəsi baş verdikdə, sığorta haqqı ödənilməsi müqabilində, sığortaçının sığortalıya dəyən zərərin əvəzinin ödənilməsi vəzifəsini üzərinə götürən bir öhdəliyidir. Başqa sözlə, sığorta müqaviləsi sığortalının mənafeyi üçün bağlanılır. Sığorta müqaviləsinin mənası və əhəmiyyəti də məhz bundan ibarətdir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasənsığorta məbləğisığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Cavabdeh sığortaçı olaraq qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq sığorta şəhadənaməsini sığortalıya təqdim etdiyi andan sığorta riskləri ilə bağlı sonuncunun məruz qaldığı itkini ödəmək öhdəliyini daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəliyini, yəni sığorta haqqını ödədiyi halda, digər tərəf cavabdeh «xxxx» ASC (sığortaçı) sığorta hadisəsinin baş verməsinə baxmayaraq, sığorta ödənişininin ödənilməsi ilə bağlı üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməmişdir. Halbuki, Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin həyata keçirmədiyinə baxmayraq, öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öhdəliyini tam icra etməlidir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, sığortalıya vurulan ziyanın əvəzi həcmində (sığorta məbləği həddində, şərti azadolmalar nəzərə alınmaqla) sığorta ödənişini iddiaçıya ödəməyə borclu olduğu halda, bu öhdəliyini lazımınca icra etməkdən əsassız olaraq imtina etmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə də, qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, avtomaşınların ekspert rəyi ilə müəyyən olunan təmiri-bərpa xərci həcmində ziyan məbləğindən (cəmi 87.371,00 manat) sığorta müqavilələrində nəzərdə tutulan şərtsiz azadolma (cəmi,9100 manat) çıxmaqla, yerdə qalan 78.271,00 manat məbləğində sığorta ödənişin cavabdehdən iddiaçının xeyrinə tutulmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış və sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini və dolayısı ilə qətnamənin, iddianın 27.850,00 manatdan artıq hissədə təmin edilməsi hissəsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-874/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi (mübahisələndirən hissələrində) dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-874/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi (mübahisələndirilən hissələrində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasma (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar